Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəticəsiz səssiz qalan qalmaqallı mənimsələr

Nəticəsiz səssiz qalan qalmaqallı mənimsələr


30-12-2013, 13:38
Nəticəsiz səssiz qalan qalmaqallı mənimsələr
Hesablama Palatasının bir müddət əvvəl büdcə təşkilatlarında apardığı yoxlamalar zamanı təhsil sektorunda xeyli nöqsanlar aşkarlaması ilə bağlı məsələlər hələ də açıq qalır. Qeyd edək ki, təhsil sektorundakı nöqsanlara ali və orta məktəblərlə yanaşı, əlil uşaqlar üçün nəzərdə tutulan internat müəssisələri də daxildir. Aparılan audit zamanı deputat Gülçöhrə Məmmədovanın rektoru olduğu Memarlıq və İnşaat Universitetində və onun nəzdində fəaliyyət göstərən İnşaat Kolleci üzrə xərc smetalarının düzgün tərtib edilmədiyi aşkar edilib. Bundan əlavə, 2008-2009-cu tədris ilində universitet II kateqoriyalı ali təhsil müəssisəsi olduğu halda, işçilərin əməkhaqları I kateqoriyalı ali təhsil müəssisələrinə aid edilərək ödənilib.

Elmi dərəcələrə və elmi adlara, iş stajına görə, əməkhaqları düzgün hesablanmayıb. Bəzi işçilərə artıq, bəzi işçilərə isə az məvacib hesablanıb. Normtivdən artıq ştat və kafedralar saxlanılmaqla, büdcədən əlavə vəsait mənimsənilib. Avtonəqliyyat vasitələrinin sürücüləri məzuniyyətdə olduqları dövrdə onların adına yanacaq silinib, təyinatdan kənar vəsaitlər xərclənib. Malların satınalıması zamanı tender keçirilmədiyi, şişirdilmiş xərclər aşkar edilib. Beləliklə, Hesablama Palatasının auditi nəticəsində universitetin 22 min manat büdcə vəsaitini mənimsədiyi, 31,3 min manat vergidən yayındığı aşkarlanıb. Habelə 12,3 min manat dəyərində əlavə iş və xidmətlər yerinə yetirilib, 1,9 milyon manat civarında mal və inventar uçota götürülüb. Normadan artıq 147 ştat vahidi ixtisar edilib. Təəccüblüdür, belə ki, ən ağır cəza tətbiqi isə universitetin 7 əməkdaşına ağır töhmə verilmək olub.

Qeyd edək ki, bir müddət əvvəl də hüquq-mühafizə orqanları Dillər Universitetində 1,5 milyon manatlıq mənimsəmə aşkarlamışdı. Nəticədə 15 kafedra ləvğ edildi. Səməd Seyidovun rektoru olduğu Dillər Universitetində ötən il qalmaqala səbəb olan yoxlamanın da nəticələr ilə bağlı yeni məlumatlar əldə etmişik. Belə ki, audit zamanı ciddi maliyyə və hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verildiyi aşkarlanıb.

Sən demə, universitetin büdcədənkənar gəlirlərinin icra faizi aşağı olub. Tələbələrin sıxlığının gözlənilməməsinə baxmayaraq, artıq saxlanılmış qruplar üzrə tədris olunan dərs saatlarına, işçilərin məvaciblərinin düzgün olmayaraq I kateqoriyalı ali təhsil müəssisələrinin işçilərinin əməkhaqqı kimi müəyyənləşdirilməsinə və normadan artıq saxlanılan ştat vahidlərinə görə maaşlar ödənilib. Universitetin bəzi işçilərinin vəzifə maaşları В«əmək funksiyası üzrə iş həcmlərinin çoxluğuВ» adı altında artırılıb, bəzi şöbələrinin iş şəraiti əsassız olaraq zərərli iş kimi qiymətləndirilərək vəzifə maaşları, xarici dil bildikləri əsas gətirilərək kitabxana işçilərinin məvacibəri artıq yazılıb. Ali məktəbin rəhbər vəzifəsində işləyən bir necə əməkdaşına normadan artıq iş tarifləşdirilməklə artıq əməkhaqqı ödənilib. Əsassız olaraq fakültə və kafedralar yaradılıb.

Təmir qrupu adı ilə yaradılan qrup üzlərinin, habelə tələbələrin adından artıq təqaüdlər hesablanaraq büdcə vəsaiti silinib. Universitetin əməkdaşları olmayan şəxslərin adına bankomat kartları açılaraq, oraya büdcədən vəsait köçürülərək mənimsənilib.

Habelə təmir-tikinti xərclərinin şişirdildiyi, faktiki sənəddə yazılandan daha az iş görüldüyü aşkarlanıb. Ən maraqlı məqam isə Dillər Universitetinin Bakı şəhəri, Təbriz küçəsi, 49 ünvanında yerləşən 7200 kv.m sahəsi olan 5 mərtəbəli tədris binası 2005-ci ildə istismara verildiyi və həmin binada təmir-tikinti işləri aparıldığı halda, bina universitetin balansında əsas vəsait kimi uçota alınmamasından ibarətdir. Audit zamanı aşkar olunan nöqsanların ciddiliyi və dövlətə külli miqdarda zərərin vurulması nəzərə alınaraq materiallar hüquq-mühafizə orqanlarına göndərildi və onlar əsasında cinayət işi açıldı. Hüquq-mühafizə orqanları tərəfindən verilən məlumata əsasən, büdcəyə nağd olaraq 1,5 milyon manat ziyan vurulub. Bundan başqa, 183 min manat dəyərindən inventar və avadanlıqlar, təsərrüfat və digər mallar üzrə çatışmazlıq natura şəklində bərpa olunub. Ümumilikdə 15 kafedra ləğv edilərək, onların bazasında 7 kafedra yaradılıb. Filologiya fakültəsində 1 vahid dekan müavini ştatı ixtisar edilib. Universitetin mühafizəsini təmin etmək üçün В«Qartal-SSВ» MMC ilə bağlanmış müqavilə ləğv edilib. Yol verilən ciddi qanun pozuntularına görə qurban verilən şəxslər isə ADU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru və baş mühasibi olub. Onlar tutduqları vəzifədən azad ediliblər.

Nöqsanlar bununla yekunlaşmır. İnternat məktəblərində əlil uşaqların adından istifadə edərək, müəssisə rəhbərləri yumşaq inventarları və müxtəlif əşyaları siliblər, ağac və gül kolları əkilmədiyi halda büdcədən əlavə vəsait alıblar. Həmçinin normadan artıq ştat vahidləri saxlayıblar. Eyni vəziyyət gimnaziya və liseydə də hökm sürür. Kimya-Biologiya Təmayüllü Liseyin təmiri zaman smeta xərclərində şişirdilmiş vəsaitlər aşkar edilib. Normadan artıq ştat vahidləri olmaqla yanaşı, həmin ştatlar üzrə əməkhalarında qanunsuz olaraq 20 faiz artım müşahidə edilib.

Audit zamanı əlil uşaqların adından ərzaq mallarının, tibbi ləvazimatların silinməsi, artq inventarların satın alınması aşkarlanıb. Normadan artıq ərzaq yazılsa da, uşaqlar üçün verilmədiyi məlum olub. Hətta 2 saylı internat məktəbində qanunvericilikdə nəzərdə tutulmayan, uşaqların səhhətinə ziyan verən ərzaq məhsullarının menyuya salındığı müəyyən edilib. Bununla sözügedən təhsil müəssisələri büdcənin təqribən 184 min manat vəsaitini mənimsəyib.

Bu qədər dövlət vəsaitinin talanmasına baxmayaraq, görülən cəza tədbiri xəbərdarlıq və tənbeh olub. Maraqlıdır ki, rektor deputatların rəhbərlik etdikləri ali təhsil müəssisələrində, habelə digər təhsil ocaqlarında aşkarlanan nöqsanların nəticələri yalnız qanunsuzluqlara yol verən şəxslərə tənbeh verilməsi ilə yekunlaşdı. Qanun yazdıqları halda rəhbərlik etdikləri universitetlərdəki qanun pozuntularından xəbəri olmayan Gülçöhrə Məmmədovanın və Səməd Seyidovun bu məsələlərlə bağlı mövqeləri qaranlıq qaldı.

(ardı var)

Geri qayıt