Əsas Səhifə > Güney Press / Manşet > Sabirabadda sakinləri heç düşünən yoxdur...
Sabirabadda sakinləri heç düşünən yoxdur...18-10-2022, 16:16 |
|
Sabirabadın ucqar kəndlərinin, Moranli, Sarxanbəyli və Surxaykəndin yol problemi var. Bu kəndlər rayon mərkəzindən 50 km uzaqda yerləşir. Sakinlər 50 km-lik məsafəni əziyyət çəkərək getmək məcburiyyətində qaldıqlarını deyirlər. Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli yolu 22 mindən çox əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirir. Yol 2016-ci ilin dekabr ayında istifadəyə verilib. Həmin müddətdən bir il keçdikdən sonra istifadəyə verilən yol dağılaraq yararsız vəziyyətə düşüb. Fövqaladə hadisə baş versə yardım gəlmir Yolun bu vəziyyətə düşməsinin əziyyətini çəkən sakinlər deyirlər ki, əsas magistrala olan məsafə 22 km olsa da, onlar bu məsafəni 2 saata gedirlər. Qışda palçıq, yayda isə toz-duman yolları keçilməz edir. Xəstəsi olan vaxtında həkimə gedə bilmir, hər-hansı fövqəladə hadisə baş verən zaman aidiyyatı qurumların əməkdaşları yardıma gəlib çata bilmirlər. “Biz iki saata asfalta çıxa bilmirik. Yolumuzun bu vəziyyətdə olmasına görə xəstəmizi həkimə çatdıra bilmirik. Üstəlik avtomobillərimiz də sıradan çıxır. Büdcəmizə vurulan ziyandan əlavə çəkdiyimiz çətinlik də göz önündədir. Bu yolun üstündə 10-dan çox kənd yerləşir. Hamısında eyni vəziyyətdir. Acınacaqlı vəziyyətə nə qədər davam edəcəyik, bilmirik”, -kənd sakini Murad Hüseynov giley edir. İri tonnajlı maşınlar yolu sıradan çıxarıb Sakinlər sözügedən yolun iri tonnajlı maşınlar tərəfindən sıradan çıxdığını hesab edirlər. Deyirlər ki, yolun açılışı olduqdan sonra Moranlı kəndi ərazisində bir sıra lahiyələr icra olunub. Həmin istiqamətdə iri tonnajlı avtomobillərin intensiv hərəkəti yolun qısa zamanda sıradan çıxmasına səbəb olub. “2016-2017-ci illərdə yol çəkilib. Yol çəkiləndən sonra bura ağır texnikalar giridi. Məntəqə, məktəb tiklidi, kanal çəkildi. Ağır texnikaları vurdular yola. Yola vurulan asfalt çox nazik idi. Ağır tonnajlı maşınlara tab gətirmədi. Bir dəfə saydım, 15-dən artıq şaqman yola girdi. isti havada asfaltı yoğurdu. İndi qalmışıq belə. Harasa gedib-gəlmək bizim üçün problemə çevrilib”, -Ərrəhman Babayev bildirir. Məsələyə aydınlıq gətirməsi üçün üz tutduq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə. AAYDA-dən Belediyye.net-ə bildirildi ki, son illər qeyd edilən kənd yollarının agentlik tərəfindən yenidən qurulması işləri icra olunmayıb. Bunlar nəzərə alınaraq həmin yolların yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb və bu proqram çərçivəsində həmin yolların yenidən qurulması agentlik tərəfindən təmin olunacaq. Hazırda bununla bağlı vəsait ayrılmayıb, ayrılan kimi yenidənqurma işlərinə start veriləcək. Mözu ilə bağlı Belediyye.netin sujetini təqdim edirik: Geri qayıt |