Əsas Səhifə > Güney Press > Qazax-İcevan dəmir yolu, yoxsa Zəngəzur dəhlizi?
Qazax-İcevan dəmir yolu, yoxsa Zəngəzur dəhlizi?24-12-2021, 16:48 |
![]() Azərbaycan və Ermənistan arasında Bakı-İcevan qatarının fəaliyyəti bərpa oluna bilər. DİA.AZ cebhe.info-ya istinadən xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın iki ölkə arasında dəmir yolunun bərpası ilə bağlı “Azadlıq” radiosuna verdiyi açıqlama belə deməyə əsas verir. Ermənistan baş nazirinin müavininin sözlərinə görə, Arazdəyən-Mehri-Mincivan-Horadiz dəmir yolu xəttindən əlavə, İcevan-Qazax dəmir yolunun açılması imkanları da müzakirə olunub. Eyni zamanda Qriqoryan səmərəli xərclərin və rasional qərarların əlaqələndirilməli olduğunu vurğulayıb. “Gündəlikdən heç bir variant çıxarılmasa da, danışıqların bu mərhələsinə aid olan məsələlər və qərarlar müzakirə olunur”. Dəmir yolu açıldıqdan sonra gömrüklə bağlı məsələlərin necə həll olunacağı ilə bağlı sualı cavablandıran Mher Qriqoryan qeyd edib ki, hər hansı infrastrukturun bərpası onun bu ölkənin yurisdiksiyası və suverenliyi altında, öz qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini nəzərdə tutur. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında münaqişə yarandıqdan sonra Bakı-İcevan-Bakı sərnişin qatarı və dəmir yolu ilə yükdaşımalar fəaliyyətini dayandırıb. Ermənistanın Qazax rayonunun Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Barxudarlı və Qızıl Hacılı kəndlərini işğal etməsi iki ölkə arasında şimal-qərb istiqamətində dəmir yolu əlaqəsinin tamamilə kəsilməsinə səbəb olub. Müharibə dövründə Qazax-İcevan marşrutu üzrə dəmir yolu infrastrukturu ermənilər tərəfindən məhv edilib. Lakin Qazax rayonunun işğal altındakı 7 kəndi Azərbaycana qaytarılarsa, Qazax-İcevan dəmir yolu fəaliyətini bəpra edə bilər. Çünki sözügedən dəmir yolu xətti işğal altındakı Barxudarlı və Sofulu stansiyalarından keçir. Adlarıçəkilən kəndlərin işğalına son qoyulmadan Bakı-İcevan qatarı fəaliyyətə başlaya bilməz. Mher Qriqoryanın açıqlaması “Tavuşdakı ərazilərin Azərbaycana verilməsi”nə hazırlıq getdiyinə dair bu günlərdə Ermənistan mediasında yayılan məlumatların rəsmi təsdiqi hesab oluna bilər. Əslində, söhbət Ermənistana məxsus torpaqların Azərbaycana verilməsindən deyil, işğal olunmuş kəndlərin qaytarılmasından gedir. Rəsmi İrəvan anlayır ki, işğal faktı aradan qalxmadan nəqliyyat və kommunikasiyaların blokdan çıxarılması mümkün deyil. Qazax-İcevan dəmir yolunun açılmasında Ermənistan da maraqlıdır. Paşinyan hökuməti bildirir ki, İcevan-Qazax dəmir yolunun işə düşməsi Ermənistana Arazdəyən-Mehri-Ağbənd-Horadiz xətti ilə müqayisədə Şimal-Cənub nəqliyyat dəhlizinə 900 kilometr qısa məsafə ilə çıxış etmək imkanı yaradır. Bu isə maliyyə xərclərinə qənaət deməkdir. Lakin Azərbaycan İcevan-Qazax dəmir yolu xəttinə görə, Zəngəzur dəhlizindən imtina etməz. Çünki Zəngəzurdan keçən dəmir yolu geostrateji əhəmiyyət daşıyır. Azərbaycanı Naxçıvan, Türkiyə və İranla birləşdirəcək Zəngəzur marşrutu beynəlxalq statusa malik olacaq. Eləcə də, Ermənistan bu yolla Culfa stansiyasından keçməklə İrana və Naxçıvanla Türkiyənin Qars şəhərini birləşdirəcək dəmir yoluna çıxış imkanı əldə edəcək. Hələ SSRİ dövründən İrəvan şəhərinə gedən dəmir yolu da məhz Horadiz-Mehri-Naxçıvan xətti üzrə keçib. Ona görə də Ermənistan hakimiyyəti ölkənin mərkəzinin xaricə çıxışını təmin etmək üçün Zəngəzurdan dəmir yolunun açılmasına razılıq vermək məcburiyyətindədir. Digər tərəfdən, Göyçə aşırımından keçən və Ermənistanın cənubi ilə şimalını birləşdirən M4 yolu qış aylarında yük maşınları üçün keçilməsi çətin olduğundan daşımaların həyata keçirilməsi daha çox Zəngəzur istiqamətindən mümkün ola bilər. Yəni Arazdəyən-Mehri-Ağbənd-Horadiz dəmir yolu İcevan-Bakı marşrutu ilə müqayisədə daha rentabelli sayılmalıdır. İşğal faktı aradan qalxmadan Qazax-İcevan dəmir yolunun bərpası mümkün olmayacaq. Bu, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh müqaviləsinin reallaşmasına əngəl törədəcək. Ona görə də yaxın vaxtlarda Ermənistanın Qazaxın kəndlərini qaytarması müqabilində Qazax-İcevan dəmir yolunun açılması barədə razılaşmanın əldə olunacağı gözlənilir. Geri qayıt |