Əsas Səhifə > Güney Press > “Azərbaycanda rəsmi inflyasiyanın istehlak bazarı ilə əlaqəsi demək olar ki, yoxdur...”
“Azərbaycanda rəsmi inflyasiyanın istehlak bazarı ilə əlaqəsi demək olar ki, yoxdur...”1-05-2021, 16:26 |
![]() 2021-ci ilin 4 ayı arxada qaldı. İlin əvvəlindən yanacağın, suyun qiymətinin artırılması növbəti aylarda qiymətlərin bahalaşmasına gətirib çıxardı. Bu proses indi də davam etməkdədir: xüsusilə ərzaq məhsullarının qiymətində bahalaşma hələ də dayanmayıb. Hər həftə bu və ya digər məhsulların qiymətinin artdığının şahidi oluruq. Ölkədə baş verən bahalaşma rəsmi statistikada da əksini tapmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 3,9 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,6 faiz təşkil edib. Komitə deyir ki, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 4,1 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 1,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 4,8 faiz bahalaşıb. Ən çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 3,7 faiz yüksək olub. Ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bu ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 3,4 faiz yüksəlib. Aprel ayı boyu bahalaşmanın davam etdiyini istehlakçı olaraq hər bir vətəndaş hiss etməkdədir. Xüsusilə ərzaq məhsullarından çayın, toyuq ətinin, qəndin, şəkər tozunun qiymətlərində ay ərzində 10 faizə yaxın bahalaşma müşahidə olunmaqdadır. Üstəlik, yaz açılıb mövsüm başlamasına rəğmən pomidorun qiymətində artım var – hazırda bu məhsul qışdakından daha bahadır. Bu isə Rusiyaya pomidor ixracına qoyulan qadağanın demək olar ki, böyük ölçüdə aradan qaldırılması ilə bağlıdır. Bahalaşmanın davam etməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Bankı 2021-ci il ərzində inflyasiyanın proqnozlaşdırılan hədəfdən kənara çıxmayacağına əmindir. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən bildirib.Onun sözlərinə görə, Azərbaycanda inflyasiyanın səviyyəsi 2021-ci ildə hədəf diapazonunda qalacaq. Baş bankir bildirib ki, bir qədər dəyişən proqnoz horizontunun dəyişməsinə baxmayaraq, mart ayında illik inflyasiya 4,1 faiz təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir. Xatırladaq ki, Mərkəzi Bankın inflyasiyaya dair hədəf diapazonu 4 faiz civarındadır. Dünən toplaşan Mərkəzi Bankın İdarə Heyəti ölkədəki makroiqtisadi vəziyyəti dəyərləndirməklə uçot dərəcəsini sabit saxlanılması haqda qərar qəbul edib. Beləliklə uçot dərəcəsi 6,25 faizdə, faiz dəhlizinin aşağı həddi 5,75 faiz, faiz dəhlizinin yuxarı həddi isə 6,75 faiz səviyyəsində qalıb. E.Rüstəmov onu da bildirib ki, valyuta bazarında sabitlik hökm sürür. Nəticədə Dövlət Neft Fondu (ARDNF) bu il valyuta satışlarını azaldıb və 140 milyon dollara qənaət edib. Onun sözlərinə görə, Neft Fondu özünün valyuta satışları qrafikindən geri qalır: "Valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür". Onu da qeyd edək ki, cari ilin birinci rübündə ARDNF valyuta hərraclarında 1 milyard 480 milyon dollar məbləğində vəsait satıb, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6 faiz azdır. Azərbaycanda inflyasiyanı 4 faiz civarında saxlamaq mümkün olacaqmı? Mövcud makroiqtisadi və beynəlxalq şərtlə buna imkan verəcəkmi? İqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, Azərbaycanda inflyasiya istehlak bazarı ilə əlaqəli bir göstərici deyil: “Azərbaycanda inflyasiya göstəricisi bilavasitə iqtisadi artımla bağlı deyil. Hökumət inflyasiyanı ayrıca bir göstərici kimi proqnozlaşdırır, hesablayır, axırda nəticəni elan edir. Amma istehlak bazarında bundan tamam fərqli proseslər gedir. Burada qiymətlər indeksi rəsmi inflyasiya göstəricisindən xeyli fərqli olur. İlin əvvəlindən bəri istehlak bazarında çox işlənən ərzaq məhsullarının, geyimlərin və sair məhsulların qiymətində ciddi artım müşahidə olunmaqdadır. Amma rəsmi statistikanın açıqladığı inflyasiya bunu əks etdirmir. Sanki hansısa offşor bir göstərici hesablayıb açıqlayırlar. Bu isə daha çox ölkə iqtisadiyyatının spesifik xüsusiyyətlərindən irəli gəlir”. Ekspert bildirir ki, inkişaf etmiş ölkələrdə iqtisadi artım baş verdikdə mütləq inflyasiya da sürətlənir: “ABŞ Federal Ehtiyat Sistemi dolların məzənnəsinə baxarkən 3 göstəriciyə diqqət yetirir: iqtisadi artım, inflyasiya və işsizlik səviyyəsi. İnflyasiya 2 faiz həddində donub qalırsa, FED bunu normal olmayan hal kimi qəbul edərək təhlillərə başlayır. Təhlillərin nəticələrinə uyğun addımlar atılır. Yəni iqtisadi artım olan ölkədə inflyasiya minimum 3-4 faiz təşkil etməlidir. Azərbaycan kimi ölkələr üçün bu göstərici 7-8 faizdən də yuxarı olmalıdır. Amma bizdə inflyasiya o zaman yüksəlir ki, dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulandan aşağı olur. Bu zaman makroiqtisadi göstəricilər titrəməyə, makroiqtisadi mühit təşvişə düşməyə başlayır. Son nəticədə bu proses inflyasiyanın sürətlənməsinə səbəb olur. 2015-2016-cı illərdəki prosesləri yəqin xatırlayırsınız: inflyasiya ikirəqəmli həddə çatdı. Təəssüflər olsun ki, bunu yaradan səbəblər hələ də qalmaqda davam edir. Bu gün də dünya bazarında neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan həddən aşağı düşərsə, dərhal inflyasiya sürətlənəcək, qısa müddətdə 10 faizi keçəcək. Bu, əslində normal bir hal deyil ki, istehlak bazarındakı dəyişiklik rəsmi inflyasiya göstəricisində əksini tapmır. Bu göstərici bilavasitə makroiqtisadi sabitlik parametrləri üzrə hesablanır və real bazardan çox fərqlidir. Bu baxımdan, 2021-ci ilin sonunda inflyasiyanın hökumətin hədəf proqnozlarına uyğun səviyyədə olması mümkündür. Lakin biz bunu o zaman əsl iqtisadi göstərici kimi qəbul edə biləcəyik ki, iqtisadi artımla inflyasiyanın bir-birinə bağlılığı olsun. İnflyasiya bir məhsulun xarici bazar konyukturuna bağlı olmayıb, ölkə iqtisadiyyatının özüylə əlaqəli olarsa, onda əldə olunan hansısa nəticəni uğur və ya uğursuzluq kimi qiymətləndirmək mümkündür”. “Yeni Müsavat” Geri qayıt |