Əsas Səhifə > Güney Press > "Mamagilə heç nə demə, haqqını halal et"

"Mamagilə heç nə demə, haqqını halal et"


2-11-2020, 09:36
"Mamagilə heç nə demə, haqqını halal et"
İlqar Bürcəliyev 28 sentyabrda Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. O həm də xalq artistləri, görkəmli sənətkarlar Məhəmməd Bürcəliyev və qayğıkeş ana rollarının ifaçısı Sədayə Mustafayevanın nəvəsidir.

Şəhidin əmisi, tanınmış teatrşünas-tənqidçi Anar Bürcəliyev Moderator.az-a İlqarla bağlı xatirələrdinən danışıb..

- Anar bəy, öncə qardaşınız oğlu İlqar Bürcəliyevin şəhid olmasına görə sizə baş sağlığı verirəm. Səhv etmirəmsə İlqar Qarabağ uğrunda apardığımız haqlı savaşda ilk şəhid olanlardan biridir..

- Təşəkkür edirəm, var olun! Bəli, qardaşım Vüqarın əziz balası, elə bizim hər birimizin balası İlqarımız sentyabr ayının 28-də vətən uğrunda şəhid oldu. Biz onu sentyabrın 29-da Gəncədə ata-baba yurdunda, şəhidlər xiyabanında böyük izdihamla dəfn etdik.

- İlqar hərbi xidmətə nə vaxt yollanmışdı?

- İlqar artıq 1 il 3 ay idi ki, vətənimizin müsəlləh əsgəri idi. Sağlıq-salamatlıq olsa idi yanvar ayında xidmətini başa vurub, qayıtmalı idi.

- Harda xidmət edirdi?

- Tərtərdə “N” saylı hərbi hissədə xidmət edirdi. Elə Tərtərin Talış kəndi və Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə də şəhid oldu.

- Döyüşə getməzdən öncə ailəsi ilə əlaqə saxlamışdı?

- Biz onunla hər gün əlaqə saxlayırdıq. Əsas da atası, qardaşım Vüqar onunla hər gün telefonla danışırdı. Hər şey yaxşıdır deyirdi. Amma 28 sentyabrda son mesajı belə oldu: “ Papa, biz tanklardayıq gedirik. Özünüzdən muğayat olun! Mamagilə heç nə demə. Haqqını halal et”.. Elə həmin gün də şəhid oldu balam.

- Şəhid olma xəbərini nə vaxt aldınız?

- Həmin gün, təxminə günorta saatlarında..

- Ümumiyyətlə ailəsi ilə söhbətlərində nə vaxtsa şəhid olacağından söz açırdı?

- Hə, çox qəribədir. Elə bil ki, hər şeyi öncədən bilirdi İlqar. Onu hərbi xidmətə yola salanda Biləcəri stansiyasında dedi ki, mən gedirəm, amma qayıtmayacam, şəhid olacam. Sizə deyim ki, İlqar balamız çox mətin və qorxmaz idi. Elə körpəliyində əlindən taxta və oyuncaq tapançalar düşməzdi. Hətta yatanda da tapança oyuncaqları yastığının yanında olardı. Həmişə əlinə və üzünə Azərbaycan bayrağı çəkirdi, dövlət bayrağına sarılmağı, çiyninə asmağı çox sevərdi. Elə sonda da bu bayrağa sarılaraq şəhid oldu balam.

- Ondan geriyə nələr qaldı?

- İlqarımın xoş xatirələri... Fotoları bu gün təsəllimizdir. Hər gün dostları, sinif yoldaşları gəlirlər. İlqar həm də əla futbolçu idi. Uzun müddət Kəpəz Futbol Klubunda 17 U yaşlar arası milli komandamızda oynayıb. Sonda “Zirə” Futbol Komandasında oynayırdı. Onun hər bir oyunu xatirələrimizdədir. Onu da deyim ki, şəhidim həm də model İlqar Əliyev məktəbinin də tələbəsi idi. Model olmağa da həvəsi vardı. Bir neçə dəfə model olaraq sertifikat və diplomlara layiq görülüb.

- Səhv etmirəmsə “Zirə” futbol klubu bu günlərdə oynadığı oyununu İlqarın xatirəsinə həsr etmişdi..

- Bəli,Azərbaycan Primer Liqasında “Zirə” və “Qarabağ” futbol komandaları arasında baş tutan oyunda İlqarın xatirəsi yad edildi. Oyun meydançasında onun fotosu da asılmışdı.

- Sizin valideynləriniz, görkəmli sənətkarlar, xalq artistləri Məhəmməd Bürcəliyev və Sədayə Mustafayeva çox sevilən sənətçilər olub. Siz də teatrşünassınız. Ümumiyyətlə nəsildə sizdən başqa sənət aləmində olan bir kəs varmı?

- Xeyr! Bu ailədə valideynlərimin sənətini davam etdirən təkcə mənəm. Mən Qərb regionunda bu gün yeganə teatrşünas-tənqidçi olaraq fəaliyyət göstərirəm. Artıq dövrü mətbuatda 400-dən çox məqalə, ressenziya, oçerk və müsahibələrin və 11 kitabın müəllifiyəm.

Geri qayıt