Əsas Səhifə > Güney Press > “Prezident seçkilərindən dərhal sonra Parlament seçkiləri seçiciləri yora bilərdi”

“Prezident seçkilərindən dərhal sonra Parlament seçkiləri seçiciləri yora bilərdi”


7-02-2018, 16:42
“Prezident seçkilərindən dərhal sonra Parlament seçkiləri seçiciləri yora bilərdi”
“Azərbaycan xalqının yeganə istəyi ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasıdır. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyev növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçiləcək. Yeni Azərbaycan Partiyası olaraq biz onun qələbə qazanacağına tam əminik”.
Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevin növbəti dəfə prezident olmasını istəyir:

“Bunun da konkret səbəbləri var. Çünki ölkə rəhbərliyi ilə vətəndaşlar arasında çox sıx bağlılıq, bir-birinə böyük inam, etimad var. Hazırda da Azərbaycanda bu cür yüksək mühit mövcuddur. Bütün bunlar isə təsədüfi deyil. Çünki 2003-cü ildən bəri Ulu Öndər Heydər Əliyevin ideya və strategiyasının həyata keçirilməsi uğrunda çox şərəfli yol qət edilib. Bu illər ərzində prezident İlham Əliyevin ən başlıca meyarı vətəndaşların sosial rifahının yüksəldilməsi, Azərbaycan iqtisadiyyatının inkişafı, dünyada nüfuzunun artması və sabitliyin qorunması olub. Bütün bunlar isə demokratik prinsiplər əsasında həyata keçirilib. 2003-cü ildən bu yana bütün iqtisadi göstəricilər çox yüksək templə inkişaf edib. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatı 320 faiz artıb. Əgər 2003-cü ildə Azərbaycanın strateji valyuta ehtiyyatları 1,8 milyard dollar idisə, hazırda 42 milyard dollardan çoxdur. Ötən illər ərzində Azərbaycana 231 milyard dollar investisiya vəsaiti yatırılıb. Bu gün Azərbaycan regionun iqtisadi güc mərkəzinə çevrilib. Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 70 faizi Azərbaycana məxsusdur.

Bakı-Tbilisi-Qars layihəsi bilavasitə prezident İlham Əliyevin ideyası və iradəsi ilə reallaşan beynəlxalq layihədir. Prezident İlham Əliyev olmadan Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və digər bu kimi qlobal layihələr həyata keçirilə bilməzdi. Bütün bunlar prezident İlham Əliyevin iradəsinin, cəsarətinin və ağılının nəticəsində mümkün olub. Sadaladığım layihələr bu gün Avropa və Asiya üçün böyük əhəmiyyət daşıyır. Bu layihələr gələcəkdə Azərbaycana daha çox nüfuz və dvidentlər gətirəcək”.

Deputat qeyd edib ki, ötən illər ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf və əldə olunan nailiyyətlər İlham Əliyevin növbəti dəfə prezident seçilməsini şərtləndirən əsas amildir:
“Ümumiyyətlə, Azərbaycanda gedən proseslərə iki baxış mövcuddur. Bunlar ölkə daxilində və kənardan olan baxışlardır. Hər iki baxış eyni məntiqdə birləşir. Yada salsaq, bir neçə il əvvəl Norveçin nüfuzlu təşkilatı Azərbaycanla bağlı hesabat açıqlamışdı. Həmin hesabatda Azərbaycan əhalisinin mütləq əksəriyyətinin ölkədəki sosial-iqtisadi vəziyyətdən və prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdən razı qaldığı əksini tapmışdı. Azərbaycan daxilində də biz görürük ki, iqtidarla xalq arasında tam vətəndaş həmrəyliyi mövcuddur”.

A.Hüseynov xatırladıb ki, prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir:

“Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən Yeni Azərbaycan Partiyası da demokratik seçki prinsiplərinə uyğun olaraq, seçki proseslərində daim özünün seçki texnologiyasını yeniləməklə Seçki Məcəlləsindən irəli gələn məsələləri çox yüksək səviyyədə icra edəcək. Artıq bir neçə gündən sonra YAP-ın Qurultayı keçiriləcək. Digər seçki hazırlıqları da Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək”.

A.Hüseynov deyib ki, Azərbaycanda son referndumla konstitusiyaya edilən dəyişikliyə əsasən, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb:

“Bu o deməkdir ki, 2018-ci ildə seçiləcək prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatır. Əgər prezident seçkiləri oktyabrda keçirilsəydi, bu Milli Məclisə seçkilərlə eyni dövrə düşəcəkdi. Yəni, oktyabrda prezident seçkiləri, bundan bir neçə gün sonra isə Milli Məclisə seçkilər keçiriləcəkdi. Seçki prosesi ağır hesab olunduğu üçün təbii ki, dalbadal seçkilərin keçirilməsi seçicilərdə müəyyən yorğunluq yarada bilərdi. Eyni zamanda ard-arda seçkilərin keçirilməsi cəmiyyətdə gərgin mühit yarada bilərdi. Ona görə də prezident seçkilərinin aprelin 11-ə təyin edilməsi çox düzgün qərardır. Hesab edirəm ki, bu qərar seçicilər üçün də rahatlıq yaradacaq”.

Geri qayıt