Əsas Səhifə > Güney Press > "Özümü də, Mədətovu da “Qoool” deyə atılıb-düşəndə tapdım..."

"Özümü də, Mədətovu da “Qoool” deyə atılıb-düşəndə tapdım..."


16-08-2017, 16:04
"Özümü də, Mədətovu da “Qoool” deyə atılıb-düşəndə tapdım..."
Sizə nədən deyim, nədən danışım, “Qarabağ”ın möhtəşəm oyunundan. Həyatımda ilk dəfə stadiondan futbola baxmağa getdim. Və “Qarabağ”ın gözəl oyunu məndə elə bir təsir yaratdı ki, “Qoool” qışqıra-qışqıra “növbəti oyuna da gedək” demişdim ki, uşaqlar növbəti oyunun Kopenhagendə olacağını dedilər və “Sındı qol-qanadım, yanıma düşdü”.

Avqustun 15-i iş yoldaşımız İncinin ad günü olacaqdı. Xeyli plan qurduqdan sonra Lalə futbola dəvət aldığını deyəndə bir-birimizə baxdıq və hamı bir ağızdan “15-i futbola gedək” deyərək yan otağa “Fanat.az” saytının baş redaktoru Əlisahib Əliyevin yanına gedib, 4 bilet istədik. Bilet üçün gecikdiyimizi desə də, bizim üçün 4 bilet tapdı. Ən maraqlısı bilirsiniz nə oldu? İşlər elə gətirdi ki, səbəbi ziyarətimiz - İnci bizimlə gəlmədi.

15-i axşam işdən çıxıb stadiona yollandıq. İş yoldaşlarımız bizi Tofiq Bəhramov adına stadionun qarşısında gözləyirdilər. Lalənin əynində “Qarabağ” klubunun azarkeşlər üçün nəzərdə tutulmuş hədiyyə köynəyi var idi. Buna görə də yol boyu bütün nəzərlər üzərimizdə oldu. Uzun sözün qısası, çatdıq “Gənclik” metrostansiyasına. Sonuncu dəfə belə izdihamı "Baku-2015" Avropa oyunları vaxtı görmüşdüm. Stadion boyu əllərində bayraq, dillərində “Qarabağ bizimdir, bizim olacaq!” sözləri ilə emosional, çılğın və bir o qədər də qələbədən əmin gənclər yığılmışdı. Oyuna gedəndə xanımların azlıq təşkil edəcəyini düşünsək də, stadionda bəylərdən heç də geri qalmayan, say çoxluğu da kifayət qədər xanım azarkeş gördük.

Yoxlanışdan keçə-keçə yerimizə doğru uzun yolu qət etməyə başladıq. Stadion o qədər böyük, nəzarət o qədər ciddi idi ki, özümü xan sarayına girmək üçün 7 qapıdan keçən nağıl qəhrəmanı kimi hiss edirdim. Amma “Hüsniyyənin zurnasının” mən deyim qatar, siz deyin gəmi zənginə oxşar səsi məni xülyadan oyatdı.

Nəhayət ki, gedib yerimizə çata bildik. Ətrafa göz gəzdirəndə gördüm stadionun yarısı boşdur. Düzü, narahat oldum. Oyun başlayandan sonra bir də stadiona nəzər saldım ki, nəinki boş yer qalmayıb, azarkeşlərin əksəriyyəti özünə yer tapmayıb oyunu ayaqda izləyir. Elə bu vaxt fikrimi idman verilişlərindən tanıdığımız aparıcı Sənan Şəfizadənin həyəcan və əzm dolu səsi eşidildi. Azarkeşlər də Şəfizadənin “Qələbə”, “Qol”, “Qarabağ” sözlərinə dəstək verəndə əzmdən yer-göy titrədi. Məncə, o qışqırmağın qarşısında bu gün jurnalistimizin səsi çıxmır. Amma hər halda necə deyərlər, “Dəmirdən qorxsa, qatara minməz”.

Sİzə nümayişi dillərə dastan oyundan danışım. Əvvəlcədən vurğulayım ki, futbol haqqında anlayışım yoxdu. Sadəcə gördüklərimi deyəcəm. Onu deyim ki, demək olar bütün oyun rəqib komandanın qapısı qarşısında getdi. Başı çıxanların dediyinə görə, bu "Qarabağ"ın daha yaxşı oynamasından xəbər verir.

Oyunçularımızın fəallığına söz ola bilməzdi. İlk diqqətimi çəkən isə “qara oğlan” oldu. İrqçi deyiləm. Sadəcə birini təsvir etmək üçün adətən görünüşündən başlayırıq. Nə isə ki, bu “qara oğlan” dayanmaq bilmirdi. Ya top gəzdirirdi, ya yıxırdı, ya da yıxılırdı. Mənimçün digər maraqlı məqam “Zamen” zamanı stadiondan qalxan “Yuh” nidası oldu. Düzü, səbəbini hələ də anlamasam da, rəqib komandanın oyun ərzində 3 dəfə oyunçu dəyişməsi stadionun qəzəbinə səbəb oldu. Qapıçımızın performansına isə söz ola bilməzdi. Hə, bir də yadıma düşmüşkən, iş yoldaşım Lalə dedi ki, “Kopenhagenin qapıçısı olmasa, daha çox qol vura bilərdik”. Məncə də. Haqlıdı yəni...

Oyuna getməzdən əvvəl oyunçulardan Mahir Mədətovun adını çox eşitmişdim. Ona görə də gözüm stadionda elə hey Mədətovu axtarırdı ki, özümü də, Mədətovu da “Qoool” deyə atılıb-düşəndə tapdım. Komandamız gözəl oyun göstərərək, oyunu 1-0 hesabı ilə başa vurdu. Çox gözəl hisslər idi. Bu hissi yaşatdığı üçün komandamıza xüsusi təşəkkürümü bildirirəm.

Bir də, unutmadan, ikinci hissəyə qədər susuzluqdan öldük. Buradan nəzarətçilərə səslənirəm: Gələn dəfə özümüzlə içəri su keçirməyi planlaşdırmışıq.

Nərmin Həsənli
Qaynarinfo.Az

Geri qayıt