Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir”

“Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir”


11-07-2017, 11:11
“Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir”
“Bizə “falçı” deyənlər anlamırlar ki, bir proqnozu hazırlamaq üçün minimum saat yarım vaxtım gedir”.

PİA.AZ “Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir:

- Səbuhi bəy, Azərbaycanın tanınmış astroloqlarından biri hesab olunursunuz. Çox-çox qədimdən insanlar arasında bəlli və məşhur olan müasir astroloji öngörmələr barədə nə deyə bilərsiniz? Müasir astroloji öngörmələr qədim astrologiyadan nəylə fərqlənir?

- Ümumiyyətlə, qədim insanların daha kamil biliyə malik olduqlarını düşünürəm. Bəzi elmi araşdırmaçılar da təsdiqləyir ki, sanki tarixin hansısa dönəmində Yer kürəsində olan biliklər sistemi pozulub, yaddaşlardan silinib. Tutaq ki, böyük alim İbn Sinanın hansısa tapıntısını bugünkü texnologiya ilə hələ təzəlikcə öyrənirik. Və yaxud qədim bilgilərdə 12 nəhəng planetin olduğu qeyd olunub, amma biz hələlik onun 9-nu təyin etmişik. Onlardan Pluton kimi aktiv planeti isə ləğv edib sayı azaltdılar.

Açığı, mən bilmirəm. Ola bilər ki, İsgəndəriyyə kitabxanası yandırılanda o bilgilər itib, yaxud da başqa fəlakətlər zamanı tarixin yaddaşından silinib. O baxımdan hesab edirəm ki, qədim bilgilər daha müfəssəl və daha dərin olub. Biz özfəaliyyət nəticəsində astrologiyanı müəyyən dərəcədə öyrənirik. Qədimdə Bağdaddan tutmuş Misirə qədər bütün ali məktəblərdə həm humanitar, həm də dəqiq elmlər bir yerdə tədris olunurdu. Bu baxımdan “vahid elm” adlanan astrologiya da təşəkkül tapa bilmişdi. Ancaq bu gün MDB məkanında elə bir universitet yoxdur ki, orada humanitar və dəqiq elmlər bir ixtisas kimi tədris olunsun. Bəzi ABŞ və Avropa universitetləri var ki, orada astrologiya, xüsusən də tibbi astrologiya elm kimi öyrənilir və araşdırılır. Bizdə isə astrologiyanın tədrisi sıfır həddindədir. Bu elmin inkişafı hazırda azsaylı astroloqların fərdi fəaliyyətindən və əldə etdikləri məhdud bilgilərdən ibarətdir.

- Deyə bilərsiniz astrologiyanın yaranma tarixi nə vaxt olub?

- İlk astroloji bilgilər Azərbaycanda bərqərar olmuş Avesta kitabında yazılıb. Bu kitabda göy cisimlərinin insan həyatına təsiri ilə bağlı məlumatlar yazılıb. Əslində dini mənbələrdə astrologiya elminin ilk dəfə Nuh Peyğəmbərin (ə) babası İdris Peyğəmbərə (ə) verilmiş bir elm olduğu göstərilir. Necə ki yuxuyozma elmi də Yusif peyğəmbərə (ə) verilmişdi. Sadəcə olaraq astrologiya gizli elm olduğuna görə açıq şəkildə kütləviləşdirmək də olmaz.

Elə zamanlar vardı ki, astrologiya və astronomiya bir yerdə idi. Ancaq elm inkişaf etdikcə astronomiya astrologiyadan ayrılmağa başladı. Astronomiya sırf planetlərin hərəkət trayektoriyasını, planetlərin kütləsini və orada həyatın olub-olmamasını öyrənir, digər məsələləri isə gözüyumulu inkar edirlər. Məsələn, nə qədər absurd olsa da, onlar Ayın bədirlənməsinin Yerdəki hadisələrə təsir etmədiyini, planetlərin paradının sadəcə göydə baş verən maraqlı görüntü olduğunu bildirirlər.

Deyirlər ki, Makedoniyalı İsgəndər Avestanı yandırıb. Əslində o, Avestada olan dini inancları yandırıb, tibbə, astrologiyaya, astronomiyaya və tarixə aid olan mənbələri isə özü ilə aparıb tərcümə etdirib. Bununla da Qərb dünyası yeni elmi intibaha başlayıb. Məhz Avestadan doğan bilgilər sayəsində Misir, Roma, Yunanıstan və Kabbala (Akkard) astrologiyasının əsası qoyuldu.

- Dediniz ki, astrologiya gizli elmdir. Gizli elm dedikdə əsasən nəyi nəzərdə tutursunuz və bu gizliliyi necə öyrənirlər?

- Yəqin ki, bu suala cavab verməsəm, çoxları mistikaya yozacaq. Əslində okkultik (gizli) deyilən elmlər və sahələr kütləvi şəkildə yayılmamaq üçündür. Burada hər hansı mistik dünyagörüşü yoxdur. Sadə bir misal, əsl siyasətçilər bədbinlik saçan olayları, gedişatı qorxulu olan prosesləri heç vaxt olduğu kimi təqdim etmir – bu, xaos yarada bilər, insanları gücdən sala və ya azdıra bilər. Ona görə də bəzən gedişatı olduğu kimi deyil, yaxşı bir şey kimi, sonu ümidli olan hadisə kimi təqdim edirlər. Tutaq ki, qənaətlərim bədbin bir hadisəni ortaya çıxarır və əgər mən onu mediaya bildirsəm, ziyandan başqa bir şey olmayacaq. Elə isə niyə deyim? Düzdür, bizdə alternativ variantlar, çıxış yolları daha çox olur. Amma fərdi qoroskoplardan tutmuş, ictimai-siyasi proqnozlara qədər xüsusi məqamlar olur ki, onu demək olmaz.

- Bəzi iddialara görə, astrologiya Şumerdə yaranan elmdir, doğurdanmı bu belədir, yoxsa astrologiya Şumerdən sonrakı dönəmdə yaranıb? Belə bir iddia var ki, astrologiyanı və bir çox başqa elmləri Yerdən kənar sivilizasiyanın nümayəndələri olan anunnakilər gətiriblər. Bu barədə nə deyə bilərsiniz?

- Açığı, düşünürəm ki, Şumer sivilizasiyası haqqında elə Atlantida, Lemuriya və Mağ sivilizasiyaları qədər bilirik, yəni çox az bilgimiz var. Tarixin kölgə və qaranlıqlarında qalan o dönəmləri müfəssəl şəkildə ortaya qoyan çox az mənbələr var. Onların da çoxusu elmdən daha çox müəllif fantaziyalarına söykənir. Dediklərinizi təkzib edəcək faktım yoxdur, o cümlədən inkar edəcək faktım. Biz konkretliyə, yazılı mənbəyə əsaslansaq, ortada bir şey tapmayacağıq. 2007-ci ildə çıxan bir kitabımda bu barədə fikirlərim var: “Şumerlər planetləri canlı varlıqlar kimi qəbul edirdilər. Bunun sayəsində qədim astroloqlar Yerdəki həyatla Göydəki yaşam tərzi arasında paralel surətdə müqayisə aparırdılar. Sonralar astrologiya öz hüdudlarını daha da genişləndirdiyindən bu elm digər xalqlara keçdi, Misirdə, Yunanıstanda, Midiyada, Hindistanda və Çində geniş surətdə yayıldı. Hətta Yukatan adlanan ərazidə məskən salmış mayya xalqının mədəniyyəti astroloji biliklər əsasında inkişaf etmişdi. Məsələn, burada dövlət əhəmiyyətli bayramlar avqust ayında - Şir bürcü zamanı keçirilirdi. Hesab edilirdi ki, Şir - dövlətçilik və hakimiyyətin səma simvoludur. Qurbankəsmə mərasimləri noyabr ayında - Əqrəb bürcü dövründə keçirilirdi. Çünki əqrəb ölüm işarəsi sayılırdı. Beləliklə, astrologiya elmi dövlətçilik dini kimi bütün şərqi Asiyada yayılandan sonra Sakit Okean vasitəsilə Cənubi və Şimali Amerikaya da keçdi”. Amma gördüyünüz kimi bilgilər azdır.

- Astrologiya elmi indiki texnologiya ilə daha çox inkişaf edib, yoxsa bu inkişaf ən qədim dövrlərdə daha çox inkişaf etmişdi?

- Hər dövrün öz qanunauyğunluqları olur. Bizim ən qədim dövrü öyrənmək imkanlarımız elə də geniş deyil. Ancaq o dövrdə şəhərlərin salınması, yürüşlərə, müharibələrə gedilməsi, əkin əkilməsi, hətta kütləvi xarakterli məişət işləri də sırf astroloqların məsləhətləri və onların araşdırmalarına əsasən həyata keçirilirdi. Yəni, ən qədim dövrdə astrologiya insanın sahib olduğu əsas elm hesab olunurdu. Orta əsrlərdə Avropada xristianlığın yayılması ilə astrologiya qadağan olundu və bu elm sehrbazlıqla əlaqələndirilərək şeytan əməli olaraq qələmə verildi. İnkvizisiya dönəmində buna görə xeyli adam edama və diri-diri yandırılmağa məhkum edildi. Onların arasında çoxlu sayda elm adamları da vardı. Məsələn, böyük İtaliya mütəfəkkiri Cordano Bruno Yerin kürə şəklində olduğunu dediyinə görə onu yandırdılar. Din adamları hətta ortada nəticə olduğunu görsə də, nədənsə qəbul etməyiblər.

- Deyə bilərsiniz, astrologiya elminin əsası nədən ibarətdir?

- Astrologiya bütün elmləri özündə birləşdirən vahid elmdir. Bu sahədə riyaziyyat, fizika, kimya, biologiya var, fəlsəfə, psixologiya, şeyriyyət var, anatomiya, kimya, astronomiya var. Bütün bunlar astrologiyanı tamamlayır. Bunu kim qəbul etmirsə, özü bilər. Bilirsiniz, günümüzdə dindən bir kitab belə oxumayanlar daha çox danışdığı kimi, astrologiya haqqında da heç bir elmi mənbə oxumayanlar danışır, öyrənmək əvəzinə inkarçı mövqedə dayanırlar. Astrologiya insanın daha az səhv etməsinə, özünün zəif-güclü tərəflərini tanımasına, uğurlu zamanlardan maksimum mənfəətlə, uğursuz zamanlardan minimal itki ilə çıxmasına xidmət edir. Bu elmin mahiyyəti məhz bundan ibarətdir. Sadəcə akademik elm hələ o qədər inkişaf etməyib ki, bütün sahələrə planetlərin və göy cisimlərinin təsirini faktlarla təsdiqləyə bilsin. Üstəlik, çox sahələrdə olduğu kimi astrologiyaya da yad ünsürlərin müdaxiləsi az deyil. Astromantiya, astrolapiya kimi qollar var ki, heç bir elmə əsaslanmır, yalnız xurafata söykənir, falçılığa söykənir, bir sözlə, “tək səbir”, “qara pişik” yanaşması. Tibbi astrologiya isə artıq elmdə qəbul olunub. Artıq Avropada, Moskvada ali tibb məktəblərində astrologiyanı bir elm kimi tədris edirlər. Yeri gəlmişkən, Hippokrat deyirdi ki, astrologiyanı bilməyən həkimi təbabətdən qovmaq lazımdır. İbn Sina yanına gələn insanlardan mütləq Ay bədirlənənə qədər, yaxud sonra xəstələndiyini soruşurdu.

- Demək olarmı ki, astrologiya elmi akademik elmdir? Ümumiyyətlə, bu elmin başlanğıcını öyrədən məktəb varmı?

- Məncə yuxarıda buna bir qədər aydınlıq gətirdim. Məsələ burasındadır ki, bu elmin ilkin dövrlərində olan vahid sistemi pozulub. Biz də çalışırıq ki, bu itirilənləri bərpa edək. Son bir neçə əsr ərzində texniki inkişaf artdıqca astrologiyanı gözdən salanlarla yanaşı, konkret nəticələrə gələnlər də var. Hətta sovet dövründə də astrologiya qadağan olunduğu üçün araşdırma aparmaq mümkün deyildi. Sosialistlər isə vətəndaşlarını iç azadlığına aparan sahələri qadağan edirdilər.

Astrologiyanın 140 qolu var. Fikrimcə, bunların içərisində laızmsız olan nəsnələr çıxarılmalıdır. Bir insanın bunların hamısını öyrənməsi də çətindir. Biz bacardığımız qədər astrologiya elmini daha yaxşı öyrənməyə çalışırıq, tədris etmək isə ən azından indi mümkün deyil. Rusiyada böyük və ciddi mərkəzlər var, çox gözəl elmi disskusiyalar gedir, efirlərdə elmi nəticələr ortaya qoyulur. Bizdə isə astroloqları daha çox şou-proqramlara dəvət edirlər, sifarişli proqnoz istəyirlər və s. Üstəlik, ictimaiyyətin maariflənməsi də ləng inkişaf edir, dinə olduğu kimi bu sahəyə də səthi yanaşır, dərinliyində itib-batmaqdan qorxurlar. Bütün bunlara görə də astrologiyaya hələlik akademik elm demək mümkün deyil. Buna baxmayaraq, işlər də gedir, Sankt-Peterburqda, ABŞ-da, Parisdə, Avstriyada də astrologiya akademiyaları var.

- Siz özünüz astrologiyanı necə öyrənmisiniz? Bunun üçün fitri istedada ehtiyac varmı?

- Məndə qeyri-adi heç bir fitri istedad yoxdur. Sadəcə olaraq, sovetlər dağılandan sonra əvvəl hamı kimi həvəs göstərdim. Amma bu, ötəri olmadı. 1991-ci ildən Avestanın tədqiqatı ilə məşğul olmağa başladım. Gördüm ki, astrologiya sistemini bu kitab açıb ortaya qoyub. O qədər dərinliyinə vardım ki, artıq özüm proqnoz tərtib etməyə, hadisələri qabaqlamağa başladım. Düz 6 il fərdi olaraq, ictimaiyyətə bildirmədən saysız proqnozlar tərtib edir, dəftərə yazır, zamanı çatanda da reallıq dərəcəsini yoxlayırdım. Nəhayət, 1997-ci ildə “mağaradan” çıxdım. Qəzetlərdə jurnalist kimi fəaliyyət göstərsəm də, ara-sıra astrologiya barədə elmi məqalələr də yazırdım, azsaylı siyasi-ictimai proqnozlar verirdim. Maraq doğurduğu üçün media rəhbərləri digər yazılarımı da astroloji mövzularla əvəz etməyimi istədilər. Daha sonra bürc proqnozlarına böyük ehtiyac yarandı. Beləliklə də jurnalistliyim tədricən arxa fona keçdi, düz 20 il. Məhz bu ildən çalışıram ki, hər iki sahəni balanslı aparım.

- Ulduzların insan həyatına təsiri necə baş verir? Nəyə görə hər bir fərdə, həmçinin ailəyə, bir topluma, hətta bir ölkəyə ayrılıqda bir ya da bir neçə ulduz təsir göstərməlidir? Bunun anlamı nədir və nə qədər inandırıcıdır?

- Hər bir bölgəni bürclər sisteminə bölmək olar. Məsələn, Azərbaycan əqrəb bürcü altındadır. Ancaq Azərbaycanın özünü bölsək, hər bölgəsi bir bürc altında olur. Bakı şir bürcü altındadır. Siz Bakıda olan qədim binalara fikir versəniz, görəcəksiniz ki, hamısının başında şir başı var. Bu, ona işarədir. Bilirsiniz, bu məsələdə mütləq həqiqətə söykənən reallıqlar var. Bu məsələ ilə bağlı informasiyalar da çoxdur. Ulduzlar insane həyatına təsir eləmir, sadəcə tövsiyə verirlər. Astroloqlar planetar quruluşa görə, hansı hadisələrin baş verəcəyi barədə məlumat verirlər.

Məsələn, Hindistanda varlının varlı, kasıbın kasıb münəccimi var. Hətta uşaq doğulanda belə onun taleyi ilə bağlı fikirlər söyləyə bilirlər. Ancaq bizdə bu yoxdur. Planetar bucaqda Azərbaycana “cənnət” deyirlər. Çünki Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir. Bu baxımdan fitri istedadlı insanlar bizdə çoxdur. Ona görə dünyanın gözü Azərbaycandadır.

- Siz özünüz verdiyiniz astroloji proqnozlara tam inanırsınız?

- Məncə, bu sual doğru olmadı (gülür- red). Çünki mən inanıb yazıram. Mənim verdiyim 20-25 proqnozdan cəmi bir və ya iki proqnoz səhv çıxa bilər. Əslində buna inanıb yazmaq da demək olmaz, sən sadəcə ortaya çıxan nəticəni bölüşürsən. Bəzi insanlar var ki, öz emosiyasını proqnozlara qoyur, amma bu məsələdə soyuqqanlı olmaq lazımdır. Bəzi siyasi proqnozlar olur ki, mən onların olmasını istəməzdim, amma bu, baş verir. Məsələn, bir neçə gün öncə jurnalistlərlə bağlı bir paylaşım etmişdim və nəticəsini gördük.

- Hə. Yazmışdınız ki, yeni həftədə “sükut” pozulacaq. Ona görə də jurnalistlər bu istirahət günlərini səmərəli keçirsin ki, işləri arta bilər…

- Elədir. Ancaq hələ ki, bu, təzə başlayır.

- Gələcəyi ulduzlar vasitəsilə görmək mümkündürsə, “tale”, “alın yazısı” nə üçün var?

- Dinimiz deyir ki, hər şey Allahın əlindədir. Onda belə çıxır ki, biz hərəkət etməyək, çünki yaşayacağımız hadisələr alnımıza yazılıb. İnsanın şüuruna, əxlaqına, iradəsinə təsir eləmək olmur. Amma elə deyil axı. İnsanlar böyük ölçüdə öz talelərini özləri yazırlar. Öz hərəkətləri və ağıllarıyla.

- Astroloqlar arasında fırıldaqçılıq olurmu?

- Azərbaycanda elə bir astroloq yoxdur ki, fırıldaqçılıqla məşğul ola bilsin. Firudin Qurbansoy var, onun da başı elmi işlərə qarışıb. Azərbaycanda astrologiya tam yetişmədiyi üçün bu sahə üzrə fırıldaqçılar da yoxdur. Bəzən astroloqları şou üçün istifadə etmək istəyirlər, amma şəxsən mən bu addıma qarşıyam.

Əslində bizə “falçı” deyənlər də az olmur. Halbuki mənim bir proqnozu hazırlamaq üçün minimum saat yarım vaxtım gedir. Çünki 90-cı illərdə “Qoroskopa görə siz kimsiniz?” kitabı var idi. Kitabda sizin ulduz fallarınız sözü yazılırdı. Ondan sonra hər yerdə “fal” sözü yayılmağa başladı.

- 2011-ci ildə belə bir proqnoz vermişdiniz ki, “10 korifey sənətkarımız 4 aya öləcək”. Bu proqnozunuz özünü doğrultdumu?

- O proqnozu 4 ay üçün yox, həmin il üçün demişdim. Və deməmişdim ki, öləcək, demişdim ki, 10-a yaxın korifey sənətkarımız sənətdən uzaqlaşacaq və ola bilsin ki, onların içərisində dünyasını dəyişənlər də olsun. Mətbuatda isə mənim fikrim bir qədər konteksdən çıxarılmışdı. Sadəcə sensasiya olsun deyə, başlığı o formada qoymuşdular.

- Ümumiyyətlə, astrologiyada ölüm tarixini dəqiq bilmək olur?

- Bəli, olur. Ancaq mən o qədər inkişaf eləməmişəm ki, ölüm tarixini dəqiq söyləyə bilim. Çünki bunu proqnozlaşdırmaq çox çətin işdir.

- Bəs, baş verəcək hansısa hadisənin qarşısını almaq mümkündür? Yəni, mütləq şəkildə baş verəcək hadisədə bir fərdi oradan uzaqlaşdırmaq olur?

Ardı var…

Geri qayıt