Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçısıyla tanınmış müğənni arasında torpaq davası:

İcra başçısıyla tanınmış müğənni arasında torpaq davası:


5-04-2017, 14:30
İcra başçısıyla tanınmış müğənni arasında torpaq davası:
Biləsuvar rayon İcra Hakimiyyəti ilə 100-ə yaxın fermer arasında qalmaqal yaranıb.

BakiPost.az-a daxil olan məlumata görə, icra başçısı Mahir Quliyev bir müddət əvvəl prezident İlham Əliyevin istifadəsiz qalan torpaqların sahiblərindən geri alınması, yararlı sahələrə çevirilməsi ilə bağlı sərəncamından sui-istifadə edərək, istifadədə olan torpaqları da vətəndaşlardan zorla alaraq satmağa başlayıb.

Babaş qışlağı deyilən örüş sahəsini fermerlərinin saytımıza verdiyi məlumatda bildirilir ki, torpaqlar onların əlindən heç bir məhkəmə qərarı olmadan, qanunsuz şəkildə alınır.

İş adamları, təsərrüfat sahibləri başçının bu əməllərindən etiraza qalxıblar. 58 nəfər fermer məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. 6 nəfər isə icra hakimiyyətini məhkəməyə verib və məhkəmə onların xeyrinə qərar çıxarıb.

Sözügedən ərazidə təsərrüfat sahəsi olan fermerlərdən biri – vaxtilə Azərbaycanın məşhur müğənnilərindən olan Xanhüseyn Hüseynovdur.

X. Hüseynov BakiPost.az-a açıqlamasında deyib ki, o, 2010-cu ildə Babaş qışlağından 50 hektar ərazini 15 illik icarəyə götürüb. İcarə müddətinin bitməsinə hələ 8 il qalsa da, icra hakimiyyəti onun torpaqlarını ələ keçirir: "Mənim 50 hektar torpağım var. Sənədlə-sübutla icarəyə götürmüşəm. Mal-heyvan saxlayıram. Ərazidə evim var, tövlə var, nə qədər mal-qara var. Bir müddət əvvəl prezident sərəncam verəndən sonra icra hakimiyyətindən bizə məktub gəldi ki, həmin sahələri təhvil verməliyik. Getdim qəbula. Dedilər ki, prezident sərəncam verib. Orada nəsə şirkət tikiləcək. Amma yalan deyirlər. Prezidentin sərəncamı ilə tikiləcək şirkət üçün 15 min hektar tamamilə boş qalan ərazi var, onu İH-nin ixtiyarına veriblər. Həmin 15 min hektar da bizim ərazilərə düşmür. Bunlar pul qazanmaq üçün bizim ərazilərimizi də qatırlar onun gözünə”.

İcra başçısıyla tanınmış müğənni arasında torpaq davası:

Fermerin sözlərinə görə, məhkəmə qərarı olmadan İH torpaqların 1 hektarını 100 manatdan satır: "Bizdən torpaqlarımızdan imtina ərizəsi yazmağımızı tələb etdilər, yazmadıq. Ondan sonra özbaşına şəkildə mənim ixtiyarımda olan ərazinin 9 hektarını satıb. Gedib görürəm ki, kimsə gəlib burada soğan-sarımsaq əkir. Deyirəm ki, mən bura görə vergi verirəm, mənim adımdadır bu ərazi, nə edirsiniz? Amma kimdir bizi dinləyən?! Özü də bura örüş sahəsidir. Bunlar isə torpaqları əkin sahəsi kimi satır. Halbuki torpaqlar təyinatı üzrə istifadə edilməyənlər cəzalandırılmalıdır.
İndi İH müraciət edib İqtisad məhkəməsinə. Biz də vermişik məhkəməyə. Görək nə olacaq”.

Qeyd edək ki, Xanhüseyn Hüseynov öz dövrünün məşhur müğənnilərindən olub. O, dillər əzbəri olan 50-dən artıq mahnının müəllifidir. Onun irsini indi oğlu, "Xalq ulduzu” yarışmasının qaliblərindən olan İlham Xanhüseynoğlu davam etdirir

X. Hüseynovun ifalarından bəzilərini təqdim edirik:






Geri qayıt