Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Akif Çovdarov pul kisəsini açdı

Akif Çovdarov pul kisəsini açdı


10-09-2016, 11:50
Akif Çovdarov pul kisəsini açdı
Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar dəstənin ifşasının bir ilinə az qalır. Ötən aylar ərzində Azərbaycan cəmiyyəti illərdir ölkənin milli təhlükəsizliyinə cavabdeh olan bir qurumun ali zabit heyətindəki bu şəxslərin tükürpədici cinayətlərinin şahidi oldu. Ləğv olunmuş nazirliyin 21 yüksək vəzifəli şəxsi yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq. Bu şəxslər arasında cəmiyyətdə ən çox nifrətlə qarşılananlardan biri də MTN-nin sabiq baş idarə rəisi “Qanlı General” ayamasına sahib Akif Çovdarovdur.
Son zamanlar mediada Akif Çovdarovun susqunluğunu pozması, müəyyən dairələr tərəfindən onun bəyanatlarının ictimailəşdirilməsinə cəhdlər diqqəti cəlb edir. Hətta məhkəmənin qərarı olmadan belə onun cinayət əməlləri heç kimdə şübhə doğurmasa da, hələ də onun haqqında “günahsızlıq” obrazı yaratmaq istəyənlər var. Təəssüflər olsun ki, bu “obrazı” da yaradanlar uzun illərdir mətbuatda “reketlik” edənlərdir. Hətta onların içərində ciddi və populyar sayılan media quruluşlarına da rast gəlmək olar.

Bunlar da təbii ki, səbəbsiz deyil, Akif Çovdarov “sudan quru çıxmaq” üçün hər yola əl atır. O, indi cinayət yolu ilə doldurduğu pul kissəsinin ağzını açmağa başlayıb.
Xatırladaq ki, Çovdarovun müdafiəçiləri Gununsesi.info-ya da üz tutub. Saytımızın kollektivi düşünmədən belə bu təklifi rədd edib. Baxmayaraq ki, generalın yaxınları baş redaktorumuzun həbsində Çovdarovun hər hansı bir rolunun olmadığını da dilə gətirib. Fərqi yoxdur, Pərviz Həşimliyə qarşı cinayəti Anti-Terror Mərkəzi adlandırılan əslində Terror Mərkəzi edib, bir başqa günahsız insana qarşı isə eyni cinayəti Akif Çovdarovun idarəsi edib. Ona görə də hesab edirik ki, yüzlərlə günahsız Azərbaycan vətəndaşının həyatını puç edən, anaları, gəlinləri, övladları gözüyaşlı qoyan bu adamların ictimai müdafiəsinə qoşulmaq ictimaiyyətə ağır təhqirdir.
Gununsesi.info

Geri qayıt