Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > “SETA” MTK-da bədbəxt hadisəni necə ört-basdır ediblər...
“SETA” MTK-da bədbəxt hadisəni necə ört-basdır ediblər...6-08-2016, 09:12 |
Artıq bir neçə müddətdir ki, Elçin Məmmədov, Mehdi Hüseynov, Elvin Məmmədov, Daməd Məmmədov, Xalid Cəbrayılov və digər vətəndaşlarla “Ağ Şəhər” layihəsinin icrasına cəlb olunmuş “SETA” MTK şirkətinin rəhbərliyi arasında qarşıdurma davam edir. Əlbəttə, burada qarşıdurma kəlməsinin bir qədər sərt səsləndiyini, hətta bəlkə də yersiz olduğunu biz də anlayırıq. Lakin yuxarıda adları çəkilən və işləyib-qazandıqları pullarını “SETA” MTK-dan ala bilməyən vətəndaşlar üçün yaranmış vəziyyətin gərginliyi hər hansı bir qarşıdurmada olduğundan heç də az deyil. Artıq qeyd olunduğu kimi, bu insanlar son on beş ay ərzində onlar paytaxtın Xətai rayonu ərazisində, Bakı Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan “Ağ şəhər” yaşayış kompleksinin 5-6-7 mərtəbəli, 7 girişli yaşayış binasının təmir-tikinti işlərində çalışıblar. Bir daha qeyd edək ki, həmin tikintinin qarşısında yerləşdirilmiş məlumat lövhəsində obyektin “SETA” MTK tərəfindən sifariş olunduğu, podratçı kimi isə, “Union Construktion” MMC-nin (lisenziya № 022543) çıxış etdiyi bildirilir. Şikayətçilər öz ərizələrində göstərimişdilər ki, tikintidə işlədikləri müddət ərzində onlar tərəfindən 350 kv.m sahədə makina suvağı və astar-üzlük alçı vurulması işləri görülüb. İş prosesi zamanı usta və fəhlələrə müəyyən məbləğlər ödənilsə də, işlər tamamlandıqdan sonra şirkətin işçilərə külli-miqdarda borcu qalıb. Həmçinin bizimdovr.az-a təqdim olunmuş ərizədə işi qəbul edən şəxs kimi Fuad adlı bir nəfərin və onun köməkçiləri olaraq, Mikayıl və Ərəstunun adları qeyd olunub. Həmçinin dərc etdiyimiz yazılardan birində, biz “SETA” MTK-nın rəhbərliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Anar Quliyev tərəfindən himayə olunduqlarını bildirmişdik. Belə ki, iki gün bundan əvvəl yenidən redaksiyamıza gəlmiş Elçin Məmmədov və Mehdi Hüseynov qarşılaşdıqları problemin həllini tapmaq üçün bir neçə dəfə DƏMX-in Xətai rayonunda yerləşən 23 saylı Əmək Müfəttişliyinə müraciət etdiklərini, lakin orada məsələyə baxılmadığını bildiriblər. Bu səbəbdən şikayətçilər Dövlət Əmək Müfəttişliyi Xidmətinə yollanıblar. Lakin burada da onları dinləyən olmayıb. Məlum olub ki, Xidmətin rəis müavini Anar Quliyev, sən demə “SETA” MTK-nın rəhbəri olan Sudaxan müəllimlə həmyerlidir və onu himayə edir. Hətta şirkət rəhbərləri bu himayəyə o dərəcədə arxayındılar ki, şikayətçilərlə olan söhbətlərində də bunu aşkar bəyan ediblər. “SETA” MTK-nın rəhbərləri bildiriblər ki, əgər 23 saylı Əmək Müfəttişliyi onlara cərimə yazsa belə, onlar həmin cəriməni yuxarı instansiyadan sildirəcəklər. Bundan başqa isə, “SETA” MTK-dan şikayətçilərə belə bir təhdid də ünvanlanıb ki, onlar vergi orqanları tərəfindən 18% ƏDV tutlmasına cəlb ediləcəklər və bununla da pullarının çox hissəsi əllərindən çıxacaq. Görünür bu şirkət o qədər qanunsuz fəaliyyətə alışıb ki, hətta şikayətçiləri də qanuni vergi tutulması ilə hədələyir. Digər tərəfdən isə, Anar Quliyevin himayəsi bu şirkətin işində daha ciddi fəsadların yaranmasına yol açır. Əldə etdiyimiz məlumata görə, ötən il “SETA” MTK-nın apardığı inşaat işlərinin gedişində bədbəxt hadisə baş vermişdir. Belə ki, bir nəfər fəhlə hündürlükdən yıxılaraq, ağır xəsarət almışdır. Nəticədə, həkimlər həmin şəxsin bir böyrəyini əməliyyat vasitəsilə çıxarmalı olublar. Lakin “SETA” MTK-nın rəhbərləri bu məsələni də Anar Quliyevin köməkliyi ilə ört-basdır edə biliblər... Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |