Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu internatda da durum fənadır...

Bu internatda da durum fənadır...


4-08-2016, 12:04
Bu internatda da durum fənadır...
Abaycanın təhsil sistemində son illər həyata keçirilən əsaslı islahatlar digər tədris müəssisələri kimi internat məktəblərində də yeni mühitin yaranmasına, təlim-tərbiyyə işlərinin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarılmasına xidmət edir. Bir həqiqətdir ki, bu kimi tədris müəssisələrində təhsil alan uşaqların digər həmyaşıdlarından daha artıq qayğı və diqqətə ehtiyacı olur. Əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti, ölkə rəhbərliyi internat məktəblərdə təhsil alan uşaqların bütün ehtiyaclarının ən yüksək səviyyədə təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Bu müəssisələrin yerləşdiyi binalar əsaslı təmir olunur, məktəblər tələb olunan ən müasir avadanlıqlarla təchiz edilir. Həmçinin uşaqların sağlamlığı, ərzaq və geyim təminatı, istirahət və asudə vaxt məsələləri də daima xüsusi diqqət mərkəzində saxlanılır.

Eyni zamanda da xüsusi olaraq qeyd olunmalıdır ki, məhz internat məktəblərinə rəhbərlik edən şəxslərin insani keyfiyyətləri, məsuliyyətləri və iş bacarıqları burada təhsil alan uşaqların cəmiyyətimizə və dövlətə qarşı müəyyən münasibətlərinin formalaşmasında xüsusi rol oynayan amil kimi çıxış edir. Təəssüflər olsun ki, bu gün biz irəli sürülən tələblərə heç də cavab verməyən bəzi kadrların da belə məsuliyyətli vəzifələrə təyin edilməsi hallarına hələ də rast gəlirik. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda Bakının Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbdə baş verən neqativ hallar barədə açıqlamalar təqdim olunur. Bildirilir ki, bu müəssisədə uşaqların sağlam böyümələrini, normal təhsil almalarını əngəlləyən şərait yaranmışdır. İnternat məktəbin direktoru Pəri Paşayevanın yol verdiyi yeyinti halları, vəsait və ərzaq məhsullarının mənimsənilməsi faktları uşaqların həm maddi təminatına, həm də mənəvi inkişaflarına neqativ təsir göstərir. Qeyd olunur ki, məktəbdə üstünlük verilən tədris metodikası da əsasən günün tələbləri ilə ayaqlaşmayan köhnəlmiş bazalar üzərində qurulmuşdur. Həmin məktəbdə övladı təhsil alan valideynlərdən biri verdiyi açıqlamasında deyir: “Pəri Paşayeva direktor təyin olunandan sonra məktəb xaos halındadır. Natəmizlik baş alıb gedir. Mən uşağın başından biti təmizləyib qurtara bilmirəm. Dərmanları da özümüzə aldırırlar. Qızımın başına yara düşüb. Neçə yerə şikayət yazmışam, heç kim çağırıb soruşmur ki, dərdin nədir? Söhbət var idi ki, 9-cu sinif şagirdi 4-cü sinif şagirdi oğlanı zorlayıb. Onu ört-basdir etdilər. Biz də qorxuruq, birdən bu iş sabah mənim uşağımın da başına gələr. Direktor məhkəməyə sənəd verərək mənim alimentimi kəsdirib, amma uşaqlara da baxmırlar. Məktəbin binasının içində 16-17 tualet, həyətində də 1 tualet var. Əvvəl 4-5 təmizlik işçisi var idi, indi 1 nəfərdir. O da deyir ki, mən təmizləyib çatdıra bilmirəm. Binanın içindəki bütün tualetləri bağlayırlar, qışda da, yayda da uşaqları bağın içindəki tualetə göndərirlər. Binanın dəhlizindəki bütün dispenserləri yığışdırıblar ki, uşaqlar su içəndə yerə dağıdırlar. Məktəbdə tez-tez oğurluq hadisələri olur, paltarlar oğurlanır. Mənim uşağımın kitabları məktəbdə oğurlandı, yenə də özümə aldırdılar. Mənim yol puluma qədər dövlət pul ayırır, biz onların heç birini görmürük. Uşağın paltarını, müalicəsini, kitablarını – hər şeyi özümüz həll edirik. Məktəbdə külli-miqdarda mənimsəmələr var...”

Təbii ki, bu nöqsanların hər biri artıq özü-özlüyündə xoşagəlməz fəsadların baş verməsinə yol açır. Elə bir müddət əvvəl mətbuatda yayılmış növbəti bir məlumatda da bu kimi ağır fəsadlardan biri haqda bəhs olunmuşdu. Mətbuata verdiyi açıqlamasında internat məktəbinin keçmiş psixoloqu İmarət Mehdiyeva bu müəssisədə baş vermiş zorlama hadisəsi barədə bunları demişdi: “Mən 15 ildir orada psixoloq kimi işləyirdim. Bir il öncə Pəri Paşayeva bu məktəbə yeni direktor təyin olunub. Bundan sonra problemlər başlayıb, direktor məktəbi idarə edə bilmir. Bu barədə Təhsil Şöbəsinə müraciət etdim. Son bir ildə şagirdlər heç kimə qulaq asmır, dərs sistemi tamamilə pozulub. Pəri Paşayeva məktəbdə öz adına rəsm-xətt müəllimi kimi saat yazıb, amma dərslərə girmir. Yuxarı sinif şagirdləri azyaşlı oğlan uşaqlarını zorlayıb. Bu hadisə ilin əvvəlində baş vermişdi, məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma da aparıldı. Valideynlər polisə müraciət etmişdi, sonra direktor həmin kasıb valideynləri pulla ələ alaraq susdurdu. Mən psixoloq kimi təcavüzə məruz qalan uşaqlarla söhbət apardım, özləri izahat da yazdılar. Bir neçə uşağın izahatını direktora təqdim etdim ki, belə bir problem var. O vərəqləri əlimdən alıb cırdı, bəziləri özümdə qaldı. Mayın 24-də də Pəri Paşayeva şuranın iclasını keçirdi, orda əvvəlcədən öyrədilmiş şəxslərin iştirakı ilə məni işdən çıxartdı...”

Məsələyə qarşı tərəfin də münasibətini öyrənmək istərdik.

Geri qayıt