Sevgilisi öldürməyə cəhddə təqsirləndirilən Səbinə Vəliyevanın barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Hadisə 2024-cü il yanvarın 23-də Bakının Suraxanı rayonunda baş verib.
Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayə götürərək qeyri-rəsmi yaşayıblar.
Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyeva sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb. Onlar 2024-cü ilin yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib. Onunla birlikdə olan Fərid Hüseynzadəyə yatmış vəziyyətdə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib. S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ona ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Vəliyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay azadlıqdan məhrum olunub.









