Səudiyyə Ərəbistanı Kral Ailəsinə məxsus olan və sözün əsl mənasında göz qamaşdıran 150 milyon dollar dəyərindəki ultra-lüks "Solandge" yaxtası Bodrumda görüntülənib.
Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, nəhəng ölçüləri və möhtəşəm quruluşu ilə mavi suları bəzəyən meqa-yaxta sahildəki vətəndaşların və turistlərin marağına səbəb olub.
Almaniyada 2013-cü ildə inşa edilən 85 metr uzunluğundakı super-lüks yaxta "Solandge" dənizlərin üzən sarayı kimi xarakterizə olunur. Bodrumun bənzərsiz sahillərində hərəkət edən gəminin Səudiyyə Ərəbistanı şahzadəsi Mukrin bin Əbdüləzizə məxsus olduğu deyilir.
Xarici görünüşü qədər daxili təchizatı ilə də diqqət çəkən yaxtada tam təchiz olunmuş SPA mərkəzi, geniş üzmə hovuzu, rəqs meydançası və xüsusi VIP lüks otaqlar yer alır.
Yüksək səviyyəli komfort təklif edən yaxta ümumilikdə 12 xüsusi qonağı qəbul edə bilir. Dənizdə beşulduzlu hotel rahatlığı bəxş edən yaxtada 29 nəfərlik peşəkar heyət xidmət göstərir.
150 milyon dollar dəyərindəki yaxtanın Bodrum sahillərində hərəkəti vətəndaşlar və turistlər tərəfindən maraqla izlənilib. Yaxtanın sahibi olduğu bildirilən Səudiyyə Ərəbistanı şahzadəsi Mukrin bin Əbdüləzizin gəmidə olub-olmaması barədə isə hələlik heç bir məlumat əldə edilməyib.









