Ramiz Mehdiyevin adı qarışan qətl işində zərərçəkənləri elə “boz kardinal”ın adı ilə “vururlar”. Cinayətin üstü açılmasın deyə işə salınan bu köhnə, amma təhlükəli ssenaridə qurban tərəf hədəf seçilib!
Söhbət 15 il öncə Xaçmazda törədilən, amansızlığı ilə bütün ölkədə rezonans doğuran sahibkar Nəcimə Babayevanın qətlindən gedir. Mərhumun övladları uzun illərdir ki, qətlin üstünün açılması üçün çabalar göstərir. Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə ailə qətlin açılmasına nail ola bilməyib. Üstəlik, onları bu yoldan yayındırmaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə olunub.
Ramiz Mehdiyev istintaqa cəlb ediləndən sonra Nəcimə Babayevanın ailə üzvləri qətlin açılacağına ümidləniblər və istintaq orqanına dosye (https://musavat.com/mobile/news/ramiz-mehdiyevin-cetiri-altinda-15-il-gizledilen-qanli-qetl-istintaqa-dosye-teqdim-olundu_1211922.html ) təqdim etməklə qətlin araşdırılmasını, nəhayət ki, cinayətkar şəbəkə üzvlərinin həsbini tələb ediblər.
Qarşı tərəfin reaksiyası özünü çox gözlətməyib. Qətlin araşdırılmasını tələb edən ailəni Ramiz Mehdiyevin “çətiri” altında olan biriləri kimi təqdim etməyə cəhd göstərilib. Bu, təsadüf deyil. Aydındır ki, bu qətli sifariş etmiş, hazırda qətlin ört-basdır edilməsində maraqlı tərəfin panikasının təzahürüdür. Çünki Ramiz Mehdiyev adı bir cinayət işində çəkilməyə başlayan andan etibarən kimlərinsə rahatlığı pozulub. Qorxu məhz buradan başlayır - qətlin sifarişçiləri üzə çıxa, illərdir ört-basdır edilən əlaqələr ifşa oluna bilər. Ona görə də indi həqiqəti axtaran ailənin susdurma cəhdinə baş vurulur, zərərçəkənlər ittiham olunur, Ramiz Mehdiyevin adı isə bu dəfə qalxan kimi istifadə edilir.
Əgər doğrudan da bu ailə Ramiz Mehdiyevin “adamı” olsaydı, nə qətl baş verərdi, nə də 15 il boyunca cinayət işinin qovluqları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin - hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin arxivində tozlanmazdı.
Əksinə, bu faktın özü göstərir ki, kimsə Ramiz Mehdiyevin adından bu gün də qorxu aləti kimi istifadə edir və məhz buna görə həqiqətin açılmasından ölümünə qorxur.
Anamın qətlinin üstünü açın!
Mərhum Nəcimə Babayevanın qızı Gülnarə Babayeva ölkə rəhbərliyinə müraciət etməklə anasının qətlinin açılması üçün tədbirlər görülməsini istəyir. Müraciətində yazır ki, Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham edilməklə istintaqa cəlb olunduqdan sonra anasının qətlinin üstünün açılacağına ümidləri dirçəlib:
“Möhtərəm cənab Prezidentə, hörmətli Əli müəllim Nağıyevə mətbuat vasitəsilə müraciət edərək anam Babayeva Nəcimə Qayıtmaz qızının artıq 15 ildir bağlı qalan qətl işinin açılması ilə bağlı xahiş etmişəm. Anam 15 sentyabr 2010-cu ildə yaşadığı Xaçmaz şəhəri, Müşkür küçəsi, ev 15 ünvanında yerləşən mənzilində qətlə yetirilib.
Qətlə yetirilməzdən əvvəl anama sahibkar kimi olduqca ciddi təzyiqlər göstərilib, bu prosesdə inzibati üsullardan istifadə olunub. Buna baxmayaraq, anam geri çəkilməyib. Bütün bunlardan sonra o, öz evində vəhşicəsinə qətlə yetirilib. Qətlin ilk günündən bu ağır cinayəti bizim - övladlarının üzərinə yönəltməklə, varis olaraq həbsimizə nail olmağa çalışıblar ki, nəticə etibarilə bazarı ələ keçirə bilsinlər”.
Qətl işinin 15 il bağlı qalmasında Ramiz Mehdiyev amili araşdırılsın!
Gülnarə Babayeva müraciətində yazır ki, mətbuat üzərindən çıxışlarında Ramiz Mehdiyevin yaxın adamı kimi tanınan Şəmsəddin Xanbabayevin (qətldən öncə və sonrakı dövrdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı - red.) və onun himayə etdiyi qruplaşmanın bu prosesdə roluna dair əsaslı şübhələrini ifadə edib, qətl işinin 15 il bağlı qalmasında Ramiz Mehdiyev amilinin araşdırılmasının vacibliyini bildirib:
“Anamın sahibi olduğu bazarı ələ keçirmək istəyən şəxslər birbaşa Ramiz Mehdiyevə bağlı adamlar olmaqla onun nüfuzundan, mümkündür ki, birbaşa əlaqələrindən istifadə ediblər. İllərdir ki, anamın qətl işinin açılmasına imkan verilmir. Anamın qətlinin açılması üçün etdiyimiz müraciətlərdən, yazdığımız şikayətlərdən sonra ailəmizə müxtəlif formalarda təzyiqlər göstərilir.
Anamın qətlinin üstünün nəhayət açılması ümidi ilə 27 oktyabr 2025-ci il tarixində “Yeni Müsavat” onlayn ictimai-siyasi qəzetində, daha sonra bir sıra digər internet resurslarında, 29 oktyabr 2025-ci il tarixində isə Musavat TV-də, Sevinc Telmanqızının təqdimatında yayımlanan verilişdə çıxış etmişəm. Lakin müraciətlərimdən dərhal sonra mən və ailəm son dərəcə ağır və əsassız ittihamlarla üzləşmişik.
Xaçmaz şəhərində yerləşən “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin sahibi, hazırda mülki mübahisədə olduğum Mübariz Həsənov tərəfindən müxtəlif dövlət qurumlarına ünvanlanmış ərizədə guya mənim Ramiz Mehdiyev və onun kürəkəni İlham Əliyevin “adamı” olduğum iddia edilir. Həmin ərizədə tamamilə uydurma şəkildə bildirilir ki, guya Xaçmaz kolxoz bazarı Ramiz Mehdiyev vasitəsilə özəlləşdirilib, guya məhkəmə qərarları onun və kürəkəni İlhamın təzyiqi ilə bizim xeyrimizə çıxarılıb.
Bəyan edirəm ki, nə mətbuatda, nə də televiziya çıxışlarımda Mübariz Həsənovla aramızdakı mülki mübahisə, ticarət obyektləri və ya hər hansı iqtisadi məsələ ilə bağlı bir kəlmə belə danışılıb. Mənim bütün müraciətlərim yalnız anamın qətlinin açılması və bu işin obyektiv aparılmasına mane olmuş mümkün şəxslərlə bağlıdır”.
Bu, artıq panikadır!
Gülnarə Həbibova müraciətinin davamında yazır:
“Əgər anam həqiqətən Ramiz Mehdiyev kimi yüksək himayədarı olan bir şəxsin nəzarətində olan sahibkar olsaydı, nə onun fəaliyyəti bu şəkildə məhv edilərdi, nə özü müəmmalı şəkildə qətlə yetirilərdi, nə də ölüm işi 15 il ərzində bağlı saxlanılardı. Bu müddət ərzində ailəmizin sistemli təzyiqlərə məruz qalması da həmin iddiaların tam əsassız olduğunu açıq şəkildə göstərir.
Bu gün ortaya atılan həmin ərizə onu göstərir ki, ölüm işinin açılmasından ciddi şəkildə narahat olan və qorxuya düşən qüvvələr mövcuddur. Bizi Ramiz Mehdiyevin “adamı” kimi təqdim etməklə ictimai rəyi çaşdırmaq və əsas məsələni - qətlin sifarişçilərini kölgədə saxlamaq cəhdi açıq-aşkar görünür.
Çox ciddi şübhələr var ki, Mübariz Həsənov bu ərizəni öz təşəbbüsü ilə deyil, anamın ölüm işinin 15 il bağlı qalmasının Ramiz Mehdiyev və onun ailə çevrəsi ilə əlaqəli olduğunu bilən və işin yenidən açılmasından qorxan şəxslərin istəyi, təhriki ilə yazıb. Bu baxımdan Sizdən xahiş edirəm:
- Mübariz Həsənovun sözügedən ərizəni kimlərin istəyi və təhriki ilə, hansı məqsədlə, hansı təsir altında yazmasıyla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində xüsusi araşdırma aparılmasına göstəriş verəsiniz;
- Anam Babayeva Nəcimə Qayıtmaz qızının qətlinin yenidən və obyektiv şəkildə araşdırılmasını təmin edəsiniz”.
Musavat.com









