"Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu dedi ki, gələn il kino sahəsinə vəsait ayrılmayacaq. Neçə illərdir, kinostudiyanın başında qara rüzgar əsir. Bu məsələdə maraqlı tərəflər var. Elə maskalanıblar ki, onları ortaya çıxarmaq asan məsələ deyil. Uzun illər səfir, mədəniyyət naziri olmuş Polad Bülbüloğlu Milli Məclisdə otura-otura bunu etiraf edirsə... Polad müəllim büdcə müzakirəsində bilavasitə komissiyasının sədri kimi iştirak edir. Bilmirəm, nə dərəcədə mübarizə aparıb, ya yox. Hər halda mübarizə apardığını düşünürəm. MBD ölkələrinin kinostudiyaları bərpa olunduğu halda möhtəşəm tarixi olan, Heydər Əliyevin "tarixi salnamə" adlandırdığı kinostudiyanı, peşəkar məbədgahı bu günə qoymaq... Buna nə ad vermək olar, bilmirəm. Təbii ki, bu məsələni belə qoymayacağıq. Kinostudiyanın sağ qalan ağsaqqalları çox izahatlı şəkildə cənab Prezidentə yazılı təqdimat hazırlayacağıq. Kinostudiyanı heç cür dağıdıb, bağlamaq olmaz. Kinostudiya millətin mənəviyyatı, tarixi, ideologiyası, təbliğatıdır, gündəlik həyat tərzi, ədəb-ərkandır. Bu cür möhtəşəm tarixi əsərlər yaradan kinostudiyanı bağlamaqda məqsəd nədir? Kimə maneə olur? Bizə qonşu ölkələr, tarix nə deyəcək? İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, beş-altı milyon manat versin, kinonu yoluna qoyaq. Cənab Prezident yeni təyin etdiyi icra başçılarını qəbul etdi, rüşvətlə, özbaşınalıqla bağlı mesajlar verdi. Prezident təyinat vaxtı xəbərdarlıq edir. "Beşinci kolon" deyilən təxribat qrupu elə həssas yerləri vururlar ki. Ramiz Mehdiyevin, Fatma Abdullazadənin və digərlərinin basdırdıqları "minalar" partlaya-partlaya gedir. Bu "minalar" ideoloji, əxlaqi-mənəvi və biznes strukturlarına xəyanət üzərində qurulub. Kino məsələnin görünən tərəfidir. Başqa sahələrdə də problemlər çoxdur..."
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.
O bildirib ki, hər şeyi Prezident edə bilməz, onun sahəyə təyin etdiyi məsul şəxslər var: “İşi onlar görməlidirlər, amma hamısı xəyanətkarlarla əlbirdir. Sözü deməyə adam tapmırsan. Kimdən kimə şikayət edək? Xalaloğlu prokuror, dayıoğlu icra başçısı... Otuz-qırxa qədər mənasız prodakşnlar yağışdan sonra çıxan göbələk kimi doludur. Niyə? Ölkənin kinosu da var, kinostudiyası da. Hamsını kinostudiyada birləşdirin, qoy kinomuz inkişaf etsin. Cənab Prezidentə nəyi necə məruzə edirlər, axı biz bilmirik. Polad Bülbüloğlu kimi dövlət strukturunda olan bir adam etiraz edir, səsini qaldırırsa, var olsun. Biz onu tək qoymayacağıq, arxasında dayanacağıq. Lazımi qədər müraciət edəcəyik. Həyatı kinoya bağlı olan, 81 yaşında ağsaqqal adamam, "SOS" harayı qaldırıram. Kinostudiyanın hesabına bu gün kef edənlər, ad-san qazananlar, özü üçün şərait yaradanlar danışsınlar. Başda Rasim Balayev, Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Oqtay Mirqasımov - bunlar niyə danışmırlar? Axı hamısı kinonun çörəyini yeyirlər. Hər yerdədirlər, dövlətin yanında təmsil olunurlar. Belə susmaq olar? Kinonun taleyini həll etmək lazımdır. Adlarını çəkdiyim yoldaşlar zəhmət çəksinlər, yedikləri çörəyin xatirinə hərəkətə gəlsinlər. Ulu öndər Heydər Əliyev Azərbaycanın kasıb vaxtında büdcədən kəsib kinoya verirdi. Həmin məbləği cənab İlham Əliyev beşə-altıya qaldırdı. İndi birdən-birə nə oldu ki? Allaha şükür, indi hər şeyimiz yerindədir, toy-bayram içindəyik. Son nəfəsimizə kimi Polad Bülbüloğlunun, mədəniyyət nazirinin yanındayıq. Kinostudiyaya münasibət dəyişməlidir. Bu isə Prezident səviyyəsində olmalıdır. Aşağılarla danışmağın mənası yoxdur. Onsuz da sürünə-sürünə yaşayırdıq. Kinonun təpəsinə qapazı vur, birdəfəlik at bayıra. Belə şey olarmı?" - o bildirib.








