Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır
Tarix: 28-10-2024, 10:16 |
Çap et
Dənizkənarı Bulvar İdarəsinə məxsus gəzinti gəmiləri fəaliyyətə başlayır.
İqtisadiyyat.az xəbər verir ki, yaxın zamanda gəmilərlə gəzintiyə çıxmaq mümkün olacaq.
Hazırda “Mirvari”, “Şəfəq” və “Xəzri” gəzinti gəmilərinin telekommunikasiya vasitələrinin yoxlanılmasına başlanılıb.
Məlumat üçün bildirək ki, ötən aylarda “Mirvari” gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən təmir olunub. Gəminin təmiri 136 min manata başa gəlib.
Qeyd edək ki, “Mirvari” gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 650 nəfəri daşıya bilib. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.
Xatırladaq ki, Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri bir müddətdir müvəqqəti olaraq işləmir. Belə ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb.