Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Tarix: 26-10-2024, 13:15 |
Çap et
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra
Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Bərdə-Ağdam
magistral avtomobil yolunun Köçərli kəndi ərazisindən keçən hissəsində
ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
Ümumtəhsil məktəblərinin kollektivləri, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, İƏD
üzrə nümayəndələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin
sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ
etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların
çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən
ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb,
ərazilərdə eldar şamı, küknar, sərv ümumilikdə 1200 ədəd ağac əkilib. Əkilən
ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.
"DİA-AZ"