Əsas Səhifə > Cəmiyyət, Manşet > "ASC-nin rəhbərliyi əsassız bəhanələr gətirir"
"ASC-nin rəhbərliyi əsassız bəhanələr gətirir"6-02-2016, 12:37 |
Dünən redaksiyamıza Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 41 ünvanında yerləşən binanın sakinləri tərəfindən imzalanmış şikayət ərizəsi daxil olub. Ərizədə bildirilir ki, bir müddət bundan əvvəl binanın istilik sistemi burada yaşayan sakinlərin öz vəsaitləri hesabına, “Azəristiliktəhcizat” ASC-nin müvafiq qurumları tərəfindən yenilənib. Buna baxmayaraq, binanın qızdırılması hələ də həyata keçirilmir. ASC-nin rəhbərliyinə dəfələrlə olunan müraciətlərə verilən cavablarda əsassız bəhanələr gətirilir. Gah deyilir ki, guya binanın yalnız bəzi mənzillərinin daxili xətlərində problemlər var və digər mənzillərdə istiliklə bağlı problem yoxdur. Gah da bildirilir ki, problem binaya gələn ümumi xətdə olan nasazılıqla bağlıdır. Sakinlər isə iddia edirlər ki, məsələ sadəcə mənzillərdə yerləşdirilmiş qızdırıcı qurğulara isti suyun əvəzinə soyuq suyun verilməsilə bağlıdır. Yeri gəlmişkən, oxşar problemlər paytaxtın bir çox binalarında da yaşanmaqdadır. Hələ ötən ilin noyabr ayının əvvəllərində bu işlərə məsul olan “Azəristiliktəhcizat” ASC-nin rəsmiləri açıqlama verərək bəyan etmişdilər ki, bu problemin əhalinin abunə pullarını ödəməməsi ilə əlaqəsi var. Lakin Qara Qarayev prospekti, 41 ünvanında yerləşən binanın sakinləri tam məsuliyyətlə bəyan edirlər ki, onlar hələ almadıqları istiliyin pulunu vaxtlı-vaxtında ödəyirlər. Maraqlıdır ki, bir müddət əvvəl “Azəriqaz” rəhbərliyi də açıqlama verərək, “Azəristiliktəhcizat”ın onlara 78 milyon manat borcu olduğunu bəyan etmişdi. Amma bütün bunlara baxmayaraq, yenidən “Azəristiliktəhcizat” ASC-yə təbii qazın verilişini bərpa etmişdi. Bununla belə, binalardakı mənzillər yenə də istiliksiz qalmaqdadır. O cümlədən redaksiyamıza müraciət etmiş sakinlər də artıq uzun müddətdir ki, soyuqdan əziyyət çəkirlər. Onların bildirdiyinə görə, xüsusilə uşaqları və qocaları soyuqdəymə ilə bağlı xəstəliklərdən qorumaq çətindir: “Böyüklər yenə birtəhər özünü idarə edir. Körpəsi olanlar var, ahıl qocalar var, onları soyuqdan necə qorumaq olar? Bunlarda insaf deyilən bir şey qalmayıb”. Bu arada isə, “Azəristiliktəhcizat” ASC-nin tabeliyində olan 4-cü sahənin müdiri Vüqar Həsənov binanın sakinlərinə problemin “yeganə” həlli yolunu təklif edir. Sakinlər bildirirlər ki, bu məmur binaya istiliyin verilməsi üçün onlardan əlavə olaraq 3000 (üç min) manat pul yığılıb verilməsini tələb edir. Bu barədə aldığımız məlumatda deyilir: “Vüqar adlı bu şəxs kimsəni saymır və şikayətlərə də məhəl qoymur. Bizə də deyir ki, əgər 3000 manat pul yığıb ona verməsək, binaya bir qətrə də olsun isti su verməyəcək. Bunu da belə əsaslandırıb ki, həmin pulun yığılması birbaşa “Azəristiliktəhcizat”ın rəhbərinin tələbidir. Hər il təmir pulu adı altında ASC rəsmiləri camaatdan pul yığırlar. Elə keçən yay da təmir işləri aparacaqlarını bəyan edən qurumun rəhbərliyi, bu ad altında sakinlərdən yığdığı pulları hara xərcləyib, məlum deyil”. Qeyd edək ki, bəzi mənbələr, paytaxt Bakıda yaşayış binalarına istilik verilmədiyinə görə bir müddətdir ki, sərt tənqid atəşinə tutulan “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi tərəfindən dövlət büdcəsi hesabına həyata keçirilməli olan satınalmalarda da müəyyən qanun pozuntularına yol verildiyini iddia edirlər. Bildirilir ki, bu satınalmaların böyük əksəriyyəti əsasız olaraq eyni bir şirkətə “HTM Holdinq” adlı MMC-yə həvaləolunur... Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |