
“Balaxanı Operating Company” LTD şirkəti tez-tez cərimələnir. Son aylarda bu yöndə xeyli xəbərə rast gəlmək olur. Bu da medianın diqqətini cəlb etməkdədir. Məlum olur ki, şirkət müxtəlif qanun pozuntularına yol verir. Halbuki məhkəmə qərarları olmasa, belə adda kompaniyanı kimsə tanımaz. Anxeber.az bildirir ki, sonuncu belə fakt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən su obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində üzə çıxarılıb. Belə ki, şirkətin fəaliyyətində qanunsuzluqlar aşkar edilib. SİMDNX-dan verilən məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib. Məhkəmin qərarına əsasən, “Balaxanı Operating Company” LTD şirkəti təqsirli bilinərək barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilib. Bu ilin yanvarında da "Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib. Şirkətlə bağlı Yasamal rayon Məhkəməsinə müraciəti qurumun keçmiş prezidenti Walker James Alan edib. Daha əvvəl media yazmışdı ki, Sabunçu rayonunda Nazim adlı şəxs Balaxanı Əməliyyat Şirkətinin (keçmiş Balaxanı Neft-Qaz Çıxarma İdarəsi) Kərəm adlı əməkdaşı ilə əlbir olaraq şirkətin ərazisinə aid torpaqların üstündə fərdi evlər tikib satmaqla məşğuldur. Son olaraq Zabratda bu faktın ifşa edilməsi göstərir ki, şirkət hansı əməllərin sahibidir. Sosial mediada o da yazılır ki, şirkət işçilərin maaşlarını gecikdirir və ya tam ödəməkdən imtina edir. İnsan hüquqları və ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı bəzi neft sektorunda çalışan şirkətlər — o cümlədən “Balaxanı Operating Company” — işçi hüquqları, əməyin mühafizəsi və ekoloji standartlara laqeyd münasibət səbəbilə tənqid olunub. (Mənbə: Business & Human Rights Resource Centre). Qeyd edək ki, şirkətin rəhbəri Rövşən Rzayev, vitse-prezidentləri Əli Həsənli və Əhməd Kələşov göstərilir. Bir müddət əvvəl mətbuatda yayılmış xəbərlərə görə, ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alır, amma Əli Həsənli iki ildir şirkətdə “operativni şöbə” açıb. Bu şöbədə yaxınlarını işə götürüblər. Hər ay 2000-3000 məvacib yazılan bu şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir. Qeyd edək ki, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı 2012-ci ildə «Balaxanıneft» NQÇİ-nin bazasında yaradılıb.
Anxeber.az
Geri qayıt
|