Əsas Səhifə > Cəmiyyət / Manşet > Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb...
Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb...Bu gün, 11:04 |
Naxçıvanda səhiyyə sahəsində aparılan islahatlar xeyir gətirmək yerinə həm xəstələri, həm də işçiləri ziyana salıb. İslahata tuş gələn müəssisə işçilərinin yarısı ixtisar olunub, qalanların isə maaşı kəskin azaldılıb. Söhbət qəsəbə və kəndlərdəki ambulatoriya və feldeşer-mama məntəqələrinin bağlanıb, Ailə Sağlamlıq Mərkəzlərinə (ASM) birləşdirilməsi islahatından gedir.
Xəstələrin və əməkdaşların işini çətinə salan odur ki, bu mərkəzlərin əksəriyyəti ucqar dağ kəndlərinə salınıb. Məntəqələri bağlanan kənd sakinləri və tibb işçiləri bu mərkəzlərə çatmaq üçün əlavə xərc çəkib, uzun yol qət etməli olurlar.
Bu islahatlardan ən çox ziyan çəkən dağlıq ərazidə yerləşən Ordubad rayonudur. Məsələn, buradakı ASM-lərdən biri rayonun ən ucqar kəndi sayılan Tiviyə salınıb. İslahatlara kimi öz kəndlərində çalışan tibb işçiləri bu kəndə çatmaq üçün indi hər gün taksi ilə 15-20 kilometr yol getməli olurlar.
Həmin ASM-də çalışan B.M. deyir ki, islahatlar öncə ixtisarlarla başlayıb. İxtisara salınanların yerinə isə rüşvət alıb, yenilərini qəbul ediblər:
“Əvvəllər ambulatoriya və feldşer-mama məntəqəsində işləyənlərin hamısının işdən çıxmaqla bağlı ərizəsini alıb, ASM-də eyni işlə təmin olunacaqlarına vəd verdilər. Lakin, çoxunu təmin etmədilər. Rüşvət alıb, yerlərinə başqalarını götürüblər. Alə Sağlamlıq mərkəzlərinin çoxunu isə ucqar dağ kəndlərinə salıblar. İndi qadın işçilər hər gün, yayın istisində, qışın şaxtalı, qarlı havasında 20-30, bəziləri 40 kilometr aralıda olan sağlamlıq mərkəzlərinə gedib-gəlməlidirlər. Həm də hər gün taksiyə 10-15 manat pul xərcləməlidirlər. Maaşları da 100-150 manat azaldıblar. Aldığımız 400 manatı da işə gedib-gəlmək üçün taksilərə xərcləyirik. Şikayət edənləri də hədləyirlər, işdən çıxarırlar”.
Məntəqələri bağlanan kənd sakinləri də islahatlardan narazıdırlar. Biləv kənd sakinləri bildirirlər ki, adi tibbi yardım almaq üçün 20 kilometr məsafə qət etməlidirlər:
“Məntəqələr bağlandığından, beş kəndin camaatı ucqar Tiviyə getməli olurlar. Əvvəllər xəstələnənlərə ilk tibbi yardımı göstərmək asan idi. Çünki, ambulatoriya və feldşer-mama məntəqəsi bir neçə yaxın kəndi əhatə edirdi. İndi tibbi yardım almaq üçün bu kəndin sakinləri xeyliyol qət olunmalıdır. Eyni zamanda imtiyazlı dərman vasitələrinin paylanması prosesini də sağlamlıq mərkəzlərinə həvalə ediblər. İmtiyazlı xəstələr də dərman almaq üçün 20-30 kilometr uzaqda, hansısa dağ kəndində yerləşən sağlamlıq mərkəzinə gedməli, dərmanlarını almalı və ya dərman tələb etməlidir.”
Şikayətçilər aidiyyəti qurumlara müraciət edərək, problemə əncam çəkilməsini tələb edirlər.
Muxtar respublikada son 6 ay ərzində 179 ambulatoriya və feldşer-mama məntəqəsi bağlanaraq, cəmi 23 mərkəzə birləşdirilib.
"Gündəlik Naxçıvan"
Geri qayıt |