Əsas Səhifə > Cəmiyyət, Manşet > Şeyxin qardaşının şübhəli dissertasiya işi
Şeyxin qardaşının şübhəli dissertasiya işi30-06-2016, 09:56 |
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə elmi dərəcə almaq üçün bu gün dissertasiya müdafiə edəcək. Reyting.az saytının məlumatına görə, Cavanşir Paşazadənin "Azərbaycanda neft-qaz sənayesinin emal şəbəkəsinin genişləndirilməsinin aktual problemləri və perspektivləri” mövzusunda yazdığı elmi iş "Odlar Yurdu” Universitetində yerinə yetirilib. İxtisas: 5304.01 - "İqtisadi fəaliyyət növləri” İqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın elmi rəhbəri iqtisad elmləri doktoru, professor Qənimət Əsəd oğlu Səfərov, rəsmi opponentləri - iqtisad elmləri doktoru, professor Məhəbbət Aşır oğlu Məmmədov və iqtisad elmləri namizədi, dosent İsmayıl Cəfər oğlu Həsənovdur. Dissertasiyanın müdafiəsinin bu gün saat 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki D.02.141 - Dissertasiya Şurasının iclasında keçirilməsi planlaşdırılıb. Reyting.az-ın əldə etdiyi məlumatda bildirilir ki, ölkədə dissertantura müddəti 4 il olsa da, C.Paşazadənin məqalələri yalnız 2016-cı ildə çıxıb. Onun belə sürətlə dissertasiya müdafiəsinə buraxılması isə həm bu səbəbdən, həm də digər məsələlərə görə şübhə doğurur. Çünki onun öz "elmi şücaət”ini harada tətbiq etməsi də müvafiq sənədlərdə göstərilməyib. Ali Attestasiya Komissiyasının (AAK) tələbinə görə isə, tətbiq mütləq göstərilməlidir. Digər bir şübhəli məsələ iddiaçının fəlsəfədən minimum imtahan verməməsidir. Bütün bunlarla yanaşı, Paşazadənin belə qısa müddətdə dissertasiya müdafiə etməsi yəqin ki, "rekord göstərici” sayılmalıdır. Geri qayıt |