Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakı Avrasiya Universitetinin lisenziyası əlindən alına bilər
Bakı Avrasiya Universitetinin lisenziyası əlindən alına bilər2-06-2016, 10:12 |
30 aprel 1992-ci il tarixdə Ali Diplomatiya Kolleci adı ilə Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilən Bakı Avrasiya Universitetində tələbələrə normal təhsil verilmir, bu azmış kimi hər semestr öncəsi onlar əlavə «ödəniş»lərlə üzü-zə qalırlar. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən universitetin rektoru Nazim Hüseynli rəhbərlik etdiyi ali təhsil ocağını sanki biznes strukturu kimi idarə edir. Beləliklə, Nazim Hüseynlinin əslən Gədəbəy rayonunun Düz Rəsullu kəndindən olduğunu vurğulayan mənbə bildirir ki, Bakı Avrasiya Universitetinin rektoru əmək fəaliyyətinə 1974-cü ildə 2 saylı mebel fabrikində başlayıb: «O, 1974-1985-ci illərdə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985-1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989-1994-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasında işləyib. 1992-ci ildə Ali Diplamatiya Kollecini, hazırkı Bakı Avrasiya Universitetini təsis edib və həmin vaxtdan bu ali təhsil müəssisəsinin rektorudur. Deyilənlərə görə, Nazim Hüseynli son illər rəhbərlik etdiyi təhsil ocağını sanki biznes strukturu kimi idarə edir. Hələ bu azmış kimi, o Bakı Avrasiya Universitetini «ailə podratı»na çevirib. Belə ki, rektor bir müddət öncə oğlu Günhan Hüseynlini universitetin inzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib. Məlumat üçün bildirim ki, 25 yaşlı Günhan Hüseynli 2009-cu ildə M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib. O, 2013-cü ildən, yəni 22 yaşından Bakı Avrasiya Universitetinin inzibati idarəetmə üzrə prorektoru vəzifəsində çalışır. Onu da nəzərinizə çatdırım ki, Nazim Hüseynli qızı Nigar Hüseynovanı isə universitetin icra aparatının rəhbəri təyin edib. Odur ki, universitetdə bütün idarəçilik Günhan Hüseynlinin əlindədir. Heç bir pedoqoji təhsili olmayan Günhan Hüseynlinin «uğurlu» fəaliyyəti nəticəsində bir zamanların ən yaxşı ali təhsil müəssisələrindən biri olan Bakı Avrasiya Universitetini tanınmış alimlər və təcrübəli müəllimlər tərk edib». Bu arada, Bakı Avrasiya Universitetinin müəllimi Əjdər Yunus Rzanın təxminən, 3 ay bundan öncə Nazim Hüseynli tərəfindən ona qarşı edilən haqsızlıqlarla bağlı «facebook»da ətraflı məlumat verdiyini deyən mənbənin sözlərinə görə, o əsassız yerə işdən azad edildiyini qeyd edib: «Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra iclasda rektora «bu biabırçılığın başında siz dayanırsız» dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə «işdən azadsan» dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm». Məlumatlı şəxs bildirir ki, məhz bu fakt Bakı Avrasiya Universitetində təlim-tədris prosesinin qənaətbəxş olmadığını, rektor Nazim Hüseynlinin maraqlarını təmin etmək naminə tələbələrə əlavə problemlər yaratdığını sübuta yetirir: «Deyilənlərə görə, bu ali təhsil müəssisəsində təhsil bərbad vəziyyətdədir və rektorluq hər vasitə ilə tələbələri sıxışdırır. Məhz elə bu səbəbdən də artıq Təhsil Nazirliyi və digər müvafiq qurumlar Bakı Avrasiya Universitetilə bağlı sərt addımlar atmağı planlaşdırırlar. Bunun üçün isə ilk öncə universitetdə yoxlama aparılmalıdır. Bildirilir ki, hələlik bu yoxlamanın nə vaxt keçiriləcəyi tam gizli saxlanılır. Burada əsas məqsəd Nazim Hüseynlinin yoxlamadan xəbər tutub qabaqlayıcı tədbirlərə əl atmasına imkan verməməkdir. Odur ki, Bakı Avrasiya Universitetində baş tutacaq yoxlama ilə bağlı bilgilər məxfi saxlanılır. Ehtimal olunur ki, məhz bu yoxlamadan sonra Nazim Hüseynlinin rəhbərlik etdiyi özəl ali təhsil müəssisəsinin lisenziyası əlindən alına bilər». Geri qayıt |