Əsas Səhifə > Partiya, Güney Press > “AŞPA-nın bu qərarı Qarabağ prosesini çətinə saldı”
“AŞPA-nın bu qərarı Qarabağ prosesini çətinə saldı”27-01-2016, 09:19 |
Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” hesabatı əsasındakı qətnamənin qəbul edilməməsi sülh prosesi ilə bağlı vəziyyətin mürəkkəbləşməsindən xəbər verir. Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib. “Bu sənədin əsas mahiyyəti ondan ibarət idi ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozan və Azərbaycanda etnik təmizləmə həyata keçirən, mülki əhalini qətlə yetirən və Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək istəməyən Ermənistanın əməli açıq-aşkar göstərilirdi. Bu sənəd məhz beynəlxalq hüquq normasına dəstək verməklə münaqişənin sülh yolu ilə həllinə kömək edə bilərdi. Robert Uolterin hesabatı əsasındakı qətnamənin qəbul edilməməsi böyük təəssüf doğurur. Bu onu göstərir ki, işğal olunmuş ərazilər və sülh prosesi ilə bağlı vəziyyət daha da mürəkkəbləşir”. Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu gün “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” qətnaməsi 98 lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib. Geri qayıt |