Əsas Səhifə > Partiya, Güney Press > "Dağıntılarla üzləşən Azərbaycandır, amma vəsait Ermənistana ayrılır"

"Dağıntılarla üzləşən Azərbaycandır, amma vəsait Ermənistana ayrılır"


19-09-2024, 08:42
"Dağıntılarla üzləşən Azərbaycandır, amma vəsait Ermənistana ayrılır"
Prezidentin köməkçisi Hikmət Hacıyev Qərbin Azərbaycan və Ermənistana münasibətdə ayrı-seçkilik etməsini tənqid edib. O vurğulayıb ki, Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır: "Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur". O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır”. H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”. H.Hacıyevin sözlərinə görə, Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər: "ATƏT-in Minsk qrupu və onunla əlaqəli olan, keçmişin qalığı hesab edilən bu kimi institutlarla Ermənistanın fəaliyyətini davam etdirməsi siyasəti heç bir şəkildə anlaşılan deyil. Çünki belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Azərbaycan tərəfindən bu, etimad yaradan bir məsələ deyil".

Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında bildirib ki, rəsmi Bakı hesab edirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qərbin məsələyə münasibəti dəyişəcək. Deputatın sözlərinə görə, ən azından həmin dövrdən sonra ABŞ və Avropa ölkələrinin beynəlxalq hüquqa, regiondakı reallıqlara dayanaraq obyektiv mövqe tutacağı ehtimal edilirdi:

"Ancaq əslində, tamam fərqli mənzərə yarandı. Bəlli oldu ki, Ermənistan 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini tamamilə yerlə yeksan edib. Məzarlıqları belə dağıdıblar, kommunikasiyaları tamam sökülüb. Yəni viran edilən, dağıdılan Azərbaycanın işğal edilmiş əraziləri olub. Amma bunun müqabilində Avropa Birliyi Ermənistanın bərpasına 2 milyard dollardan çox vəsait ayırıb. Halbuki həmin vəsaiti Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının minalardan təmizlənməsinə, kommunikasiyaların qurulmasna yönəltmək daha sərfəli olardı. Digər tərəfdən, vaxtaşırı Ermənistana bu və digər Qərb ölkəsi, hansısa Fond vəsait ayırır. Sanki işğaldan əziyyət çəkən Ermənistandır. Bunun özü təəccüb doğurur. Demokratiyadan, insan hüquqlarından, hüququn aliliyindən danışan dairələr, nədənsə, bu məsələdə gözlərini yumub, Ermənistana sərf edən addımlara daha çox üstünlük verirlər. Bu azmış kimi Ermənistanı BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa silahlandırır. Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını şübhə altına alır. Bunlar əlbəttə yolverilməzdir. Azərbaycan bu məsələdə ədalətin bərpa olunmasını tələb edir".

Parlament üzvü vurğulayıb ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu, nədənsə, indiyədək saxlanılır. Hətta Azərbaycana təzyiq edərək Minsk qrupunun fəaliyyətində iştirak etməyə, onun fəaliyyətinə şərait yaratmağa yönəlik tələblərlə çıxış edirlər:
"Minsk qrupuna ehtiyac qalmayıb. Qarabağ məsələsi həll edilib. Vaxtı ilə düşünülmüş şəkildə ortaya atılmış hüquqi problem var. Qrupun buraxılması üçün mütləq Azərbaycan və Ermənistan birlikdə müraciət etməlidir. Çox qəribədir ki, işğal edən ölkə Minsk qrupunun buraxılmasını istəmir. Doğrudanmı Ermənistan 2020-ci ilin sonunadək olan vəziyyətin bərpasını istəyir. Nədənsə, Ermənistana siyasi təzyiq göstərən, İrəvanı sanksiya ilə hədələyən təklifləri eşitmirik. Minsk qrupu artıq siyasi gündəmdən çıxmalıdır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzərində iş gedir. İrəvan isə Minsk qrupunu da müqavilə sənədinə salmağa çalışır. Əsas məsələlər həll edilməmiş yarımçıq sülh sazişinin imzalanmasını istəyir. Qərb isə bu ziddiyyətə susur. Bu şəkildə davranmaq dünyanın fərqli yerlərində çoxlu ermənistanların yaranmasına gətirib çıxarar. Azərbaycan haqlı tələbini dəfələrlə gündəmə gətirib. Öz hüquqlarımızın qorunması üçün prinsipial mövqeyimizi davam etdirəcəyik".

Geri qayıt