Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda Nərimanovun izinin qalması lazımdır”

“Azərbaycanda Nərimanovun izinin qalması lazımdır”


4-04-2023, 04:15
“Azərbaycanda Nərimanovun izinin qalması lazımdır”
Naxçıvan Şəhər İcra Hakimiyyəti Nizami küçəsində olan Nəriman Nərimanovun heykəlinin ərazidən götürülməsi ilə bağlı məsələyə münasibət bildirib.
DİA.AZ bildirir ki, bu barədə açıqlama verən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pəncalı Hüseynov bildirib ki, “Böyük bağ” ərazisində ucaldılmış heykəl zərurət səbəbindən götürülüb və yerinə qaytarılacaq:
“Ərazidə yağan yağışlar səbəbindən heykəlin postamentinin alt hissəsində çökmə baş vermişdi. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir, armatur toxunur. Bərkitmə işləri yekunlaşandan sonra Nəriman Nərimanovun heykəli yerinə bərpa ediləcək”.

P.Hüseynov təmir işlərinin hansı müddətə başa çatmasının hava şəraitindən asılı olduğunu bildirib.

Məsələnin sosial şəbəkələrdə müzakirə predmetinə çevrildiyini deyən AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a bildirib ki, bəziləri Nərimanovun heykəlinin götürülməsini müsbət, bəziləri isə mənfi qarşılayıb:

"İcra hakimiyyətinin açıqlaması həqiqət də ola bilər,yaxud da versiya var ki, həqiqətən də ləğv etmək istəyiblər, sadəcə ictimai rəyə görə bu cür açıqlama verilib. Bunu dəqiqləşdirmək çətindir. Amma ümumilikdə bizdə Nəriman Nərimanova olan dövlət səviyyəsindəki münasibət dəqiqdir. Yəni digər sosial demokratlara və komunistlərə nisbətən Nərimanova milli tərəflərini daha çox ön planda tutaraq, ona əsasən müsbət fikir var. Əslində mən də Nərimanov məsələsinə həssas yanaşmağın tərəfdarıyam. Düzdür o, 1918-ci ildəki mart soyqırımında, Sovet Rusiyasını inanmaqla və Azərbaycan Xalq Cümhuriyyətinə tutduğu mövqedə müəyyən yanlışlıqlara yol verib. Lakin ümumi yanaşdıqda Nərimanov Azərbaycan xalqının tarixinin bir hissəsidir. Onun heykəli də bir örnək kimi qalmalıdır. Mən hesab edirəm ki, Nərimanovun bütün yanlış və doğruluqları ilə Azərbaycanda izinin qalması lazımdır. Heykəlin də yaxın zamanda yerinə gətiriləcəyindən əminəm".

Geri qayıt