Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev müxalifətə səsləndi
Rəsul Quliyev müxalifətə səsləndi8-01-2014, 12:26 |
Hafta.az-ın müsahibi ABŞ-da mühacir həyatı yaşayan, sabiq spiker Rəsul Quliyevdir. Müsahibədə Quliyev Müsavatın Milli Şuradan getməsinə, müxalifətin hazırkı vəziyyətinə öz münasibətini bildirdi: - Müsavat Partiyasının Milli Şuradan getməsini necə qarşıladınız? - Müsavatın MŞ-dan getməsini təbii qəbul etmək lazımdır. Çünki əvvəlcədən MŞ fundamentsiz qurulmuşdu. Ancaq gedənə qədər niyə belə hay-küy salırdılar? 2005-ci il parlament seçkilərindən sonra müxalifətə şahın sarayında təlxəklik etmək funksiyası verildi. Tarixdən xəbəri olanlar bilməlidir ki, təlxəklər heç kimin onlara inanmadığı və qulaq asmadığına baxmayaraq, həmişə şahlarına müxalifətdə olublar. Axırıncı dəfə Milli Şuranın namizədinin təntənə ilə prezident seçkisində iştirak etməsi, “İ.Əliyev cavab ver” fəryadı və heç bir seçici ilə görüşməyə nail olmamasına baxmayaraq, qələbə çaldığını elan etməsi cəmi bir ay yaddaşlarda qaldı, eyni zamanda, müəyyən bir gülüş obyektinə çevrildi. Mən avqustun 21-dən sonra MŞ-nın əhəmiyyətsiz bir orqana çevrildiyini deyəndə müxalifətdən olanların (xüsusilə Müsavatın) necə vay-şivənlə qarşıladığının şahidisiniz. Hətta bəzi tərbiyə görməmişlər normal insanın heç vaxt işlətmədiyi frazalarla məni Azərbaycana qayıtmaq üçün hökumətə yarınmaqda təhqir edirdilər. Məğlubiyyətin səbəbini müzakirə etmək əvəzinə mənim MŞ-dan xaric edilməyimi əsas məsələ kimi qaldırırdılar. Xüsusilə özünü hələ seçilmiş prezident hesab edən Cəmil müəllim ilk fərmanı ilə məni �?’işdən’’ azad etmək istəyirdi. Bu prosesdə Müsavatdan olanların xüsusi canfəşanlığını qeyd etmək lazımdır. Noyabrda artıq prezident seçkisinin olması yaddan çıxarıldı. Həmişəki kimi heç kim uğursuzluğu müzakirə etmədi. Müharibə müxalifət-hökumət müstəvisindən, müxalifət müstəvisinə keçdi. Bu iki ay ərzində hökumətin əleyhinə bir intervü, bir analizə rast gəlmək mümkün deyildir. Ənənəvi vəziyyət ağırdır. Cəmiyyətdə heç bir çəkisi olmayan iki partiyanın, heç bir fundamenti olmayan MŞ-da birincilik uğrunda belə amansızlıqla vuruşmaqlarının səbəbini kimsə izah edə bilərsə, buyursun. Özünün hüququnu müdafiə edib pasport ala bilməyən, həbsxanada olan üzvləri, NİDA-dan olan gəncləri, Anar Məmmədlinin müdafiəsinə qalxa bilməyənlərin camaatın hüquqlarını qoruyacaqlarına kim inanar cənablar? - Sizcə müxalifətin uğursuzluğunun səbəbi nədir? - Bir daha qayıdaq 20 il öncəyə, Gürcüstanda Qamsaxurdiya , Ermənistanda Ter Petrosyan, Rusiyada Yeltsin hakimiyyətə gəldilər. Onların o illərdə komandaları var idi, indiki müxalifət də Əbülfəz Elçibəyin komandasında idi. İndi o 20 il bundan öncə bu ölkələrdə hakimiyyətə gəlmişlərin içərisindən heç olmazsa bir nəfəri göstərin ki, qalıb indiyə qədər müxalifətçilik edir. Müxalifət “profesiya” deyil. - Bəs çıxış yolunu nədə görürsüz? - Partiya başqanlarını istefa verməsində. Müxalifətçilik müvəqqəti işdir, bir seçkidə iştirak edirsən uduzdun, çəkilib gedirsən. Sözsüz oturub mülahizələrini, analizlərini yaza bilərsən, ancaq daha partiya rəhbəri ola bilməzsən. Sən qırağa çəkiləndən sonra kimsə sənin buraxdığın səhvləri analiz edib tamamilə yeni ideyalarla mübarizəyə qatılır. - Çoxları deyir ki, Müsavatın Milli Şuradan getməsi hər iki tərəfi zəiflədəcək. Siz necə düşünürsüz? - Ölkədə 20 il ərzində eyni komandanın hakimiyyətdə qalmasını biz düzgün hesab etmiriksə, bəs 20 il eyni adamın partiya sədri olmasını necə düzgün saya bilərik? Müsavat Partiyasının MŞ-nı tərk etməsinin heç bir siyasi əhəmiyyəti yoxdur. Yəni ona görə nə partiya güclənəcək, nə də zəifləyəcək. İndi bunlar “2015-ci ilə qədər hökumətin sonu çatıb”, sonra da “hökumət seçkiləri saxtalaşdırdı” deyəcəklər. Ehtimal olunur ki, bu illər ərzində də 1000 nəfərlik qurultay keçirmək istəyən Müsavat Partiyasına yer tapılmayacaq. Bəziləri şəhərdən uzaq olacaq, bəziləri də çox baha görsənəcək. Saakaşvili də yoxdur ondan qurultay keçirməyə zal istəsinlər. - Müsavatın Milli Şuradan çıxmasını qurumun dağılmağı kimi hesab etmək olarmı? - MŞ-nın dağılacağı məndə heç vaxt şübhə doğurmayıb, mən bu prosesi hələ Müsavat eyforiyada olanda görürdüm. AXCP həmişəki kimi növbəti dəfə liderlərinin ambisiyasının qurbanı və əsirinə çevrilib. Ambisiyası ilə imkanları və real vəziyyəti arasında uçurum olan adamlar istənilən variantda inkişafın qarşısında baryer yaradır. Xoşbəxtlikdən bu bir partiya çərçivəsində baş verir. Sadəcə olaraq, oturub 10 il bundan öncə Xalq Cəbhəsi harada idi indi haraya gəlib? Buna baxmaq lazımdır. Açıq aydın bu partiyanın bugünkü mövcudluğunu hökumətin onu partiya kimi saxlamaq istəyində axtarmaq lazımdır. Düzdür, o partiyada çox fədakar insanlar var xüsusilə qadınlar və gənclər arasında. Ancaq məsələ ondadır ki , “komandir”in zəif olduğu ordu heç vaxt uda bilməz. - Yuxarıda bildirirsiniz ki, hər iki partiya xalq arasında nüfuzunu itirib. Bəs onlar yenidən cəmiyyətdə siyasi çəkilərini qaldırmaq üçün nə etməlidirlər? - Bu gün artıq İkinci Dünya müharibəsinin başlanığıcında Almaniya ordusunun silah və texnika cəhətdən, əsgərlərin sayına görə sovetlərin ordusundan azı iki dəfə zəif olduğu sübuta yetirilib. Buna baxmayaraq, 3 ay müddətində almanlar Avropadan böyük bir sahəni işğal edib və 3 milyondan çox əsir götürüblər. Yeganə səbəb “komandir”lərin zəif və əsgərlərin təlimsiz olması fəlakətə gətirib çıxardıb. Bu liderlər bir neçə suala cavab verməlidirlər. Siz hansı səbəbdən o postu tutmusunuz və Azərbaycanda nə etmək istəyirsiniz. Siz o istəyinizi necə etmək istəyirsiniz. Siz indiyə qədər bunları niyə etməmisiniz. Çox sadə suallardır. Aydındır ki, bu partiyaların camaat arasında heç bir çəkisi yoxdur, inamı qaytarmaq üçün müəyyən addımlar atmalıdırlar. Bundan başqa, hakimiyyətə gələrlərsə, hansı hökuməti quracaqlar və konkret kimi hansı vəzifəyə qoyacaqlar siyahısını açıqlasınlar. Çünki hakimiyyətə gəlmək istəyən adamın birinci növbədə belə bir siyahısı olmalıdır. Baxaq görək Müsavat və AXC partiyası belə bir siyahı tərtib etmək şansına malikdir, ya yox. Və həmin o siyahı xalq tərəfindən necə qarşılanacaq. - Müxalifət nümayəndələri sizi Amerikada oturub onlara ağıl öyrətməməyə çağırır. Sizin onlara cavabınız varmı? - “Dostlarım’’ deyir ki, oturub Amerikada bizə ağıl öyrətməsin, gəlsin görək özü nə edə bilər? Birincisi, əvvəlcədən deyirəm sadəcə olaraq, məni ölkəyə buraxmırlar və “görək özü nə edər?” - sualına cavab verə bilməyəcəyəm. İkincisi, sizcə, Bakıda oturub məsləhət vermək Amerikada oturub məsləhət verməkdən çox güclüdür? Üçüncüsü, məsləhət verməyin heç bir xeyri yoxdur. Çünki bu müxalifətçilərin başqa peşəsi yoxdur. Ölənə qədər müxalifətçilik edəcəklər. Mən bu insanlara yalnız bunu deyə bilərəm: - Azərbaycanın bu vəziyyətdən xilas olması naminə Allah xatirinə tək MŞ-dan yox, ümumiyyətlə, siyasətdən gedin. 20 il ərzində bütün göstəricilərinizdə deqradasiya gedir, fikirləşməyin ki, növbəti 20 ildə əks proses baş verəcək. Geri qayıt |