Əsas Səhifə > Partiya, Güney Press > YAP hakimiyyəti müxalifətlə bölüşəcəkmi?

YAP hakimiyyəti müxalifətlə bölüşəcəkmi?


11-06-2022, 08:32
YAP hakimiyyəti müxalifətlə bölüşəcəkmi?
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn TV Musavat-ın efirində deyib ki, hakimiyyət bəzi sahələri müxalifətə verməlidir. P.Hüseyn ölkədə yaranmış bəzi problemlərdən çıxış yolu kimi prosesə müxalifətin cəlb olunmasını göstərib.

“Verin bəzi sahələri bizə. Bizə deyərkən mən nəyi nəzərdə tuturam? Siyasi partiyaları və müxalifətdə olan siyasi partiyaları. Söhbət birinci vəzifəli şəxsdən getmir ki. Adı çəkilən, tənqid olunan nazirliklər var. Hansının ictimai nəzarət şuralarına siyasi partiyalardan adam götürülüb? Hansı siyasi partiyalara müraciət edib ki, siz də bir adam verin? Verin, iştirak etsinlər. Vermirlər. Niyə qapamısız?”-o, belə deyib.

Sabiq nazirin bu fikirləri kifayət qədər geniş müzakirələr doğurub. Müxalif camiyənin digər rəhbərləri də onun fikirlərini dəstəkləyir. DİA.AZ xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bunları dedi: “Bu fikirlərlə tam razıyam. Müxalifət partiyalarında kifayət qədər potensiallı, işini bilən, sahəsinə uyğun savadlı kadrlar var. Mövcud durumda iqtidarı düşdüyü kadr böhranından müxalifət çıxara bilər. Bir də müxalif camiyə niyə idarəetmədən kənarda qalmalıdır. Əgər məqsəd Azərbaycanın inkişafıdırsa, siyasi qurumların idarəçilikdə iştirakları təmin olunmalıdır. Burada qeyri-adi bir şey də yoxdur.

Məsələn, bizə qonşu, qardaş olan Türkiyə. Az qala parlamentin yarısından çoxu müxalifətin əlindədir. Böyük şəhər bələdiyyələrinin hamısı müxalifətin nəzarətindədir. Yerlərdə idarəçilikdə müxalifətdən kifayət qədər insanlar var. Bu, dövlətlərin xaos içərisində olduğunu göstərmir axı. Əksinə, həmin dövlətin inkişaf etdiyini göstərir. Bu nümunələrdən istifadə etmək olar. Azərbaycanda ənənə pis qoyulub. İqtidar-müxalifət münasibətləri düşmənçilik üzərində qurulduğu üçün belə mövqelər düşmənçiliklə qarşılanır. Düşünürəm ki, müxalifətin təmsilçiliyi təmin olunsa, bu həm də daxili nəzarət olardı. Rəqabət də olacaq ki, bu da inkişaf deməkdir".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əslində bunun məsuliyyəti bölüşmək olduğunu söylədi: “Pənah Hüseynin bəzi sahələrin müxalifətə verilməsi təklifini normal qarşılayıram. Bu, vəzifə istəmək kimi deyil, məsuliyyəti bölmək və ölkənin indiki problemli vaxtında kömək əlini uzatmaq kimi qiymətləndirilməlidir. Biz hətta bu idarəçilik sistemində də rüşvət və korrupsiyadan uzaq, peşəkar və islahata daha meyilli alternativ verməyə hazırıq. Bu həm də iqtidarla müxalifət arasında formalaşan dialoq mühitinə də bir töhfə olardı”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də bu fikirləri tam dəstəkləyir: “Pənah bəyin etdiyi təklifi bizlər də səsləndirmişik. Hesab edirəm ki, Pənah bəy bu məsələni çox doğru olaraq yenidən gündəmə gətirib. Çünki müxtəlif sahələr üzrə biz görürük ki, insan resurslarında problemlər var. Müxtəlif sahələrə rəhbər təyin olunanlar oranı inkişaf etdirmək əvəzinə daha da batırırlar. Hətta korrupsiya və rüşvətə bulaşanların da sayı kifayət qədərdir. Bu həm mərkəzi, həm də yerli strukturlara təyin olunan şəxslərə aiddir. Görünən odur ki, həmin şəxslər yeni metodlarla işləməyə üstünlük vermirlər. Əksəriyyət köhnə təfəkkürdə qalan məmurlardır. Hətta bəzi sahələrə gənclər belə təyin olunursa, yenə də köhnə üsullarla işləməyə üstünlük verirlər. İnsanlarla təmasdan çəkinirlər. Problemlərin həll olunması istiqamətində doğru-dürüst addımlar atılmır. Görünən odur ki, müəyyən qədər kadr çatışmazlığı yaşanır.

Burada söhbət peşəkar kadrların çatışmazlığından gedir. Müxalifət düşərgəsində artıq uzun illərdir ki, kifayət qədər bəlli sayda mütəxəssislər var. Bu mütəxəssislər zamanında işdən çıxarılanlardır. Bəziləri yaxşı ixtisas sahibi olmalarına baxmayaraq, müxalifət partiyalarında olduqları üçün idarəçilikdə təmsil oluna bilməyiblər. Müxalifətdə olub, əslində bu xalqa xidmət etmək istəyən, sözün həqiqi mənasında xalqın xidmətçisi olmağa çalışan çoxlu sayda ciddi kadrlar var ki, bunların proseslərə cəlb olunması, dəyərləndirilmələri çox yaxşı olardı. Hansı partiyada olurlarsa olsunlar, həmin partiyaların məsuliyyəti öz üzərlərinə götürmələri kimi qayda da formalaşdırıla bilər. Milli İstiqlal Partiyasında kifayət qədər ciddi kadrlarımız var. Onların sırasında zamanında işdən çıxarılanları da, təmin olunmayanları da var. Baxmayaraq ki, öz sahələri üzrə ciddi kadrlar hesab oluna bilərlər. Amma işlə təmin olunmalarında müxalifətçi olmaları kimi problem yaşayırlar. Bu baxımdan Pənah bəyin fikirlərini tam dəstəkləyirik".

Məsələ ilə bağlı müxalifətin hakimiyyətdəki rəqibi Yeni Azərbaycan Partiyasının da mövqeyini aldıq.

Hakim partiyanın deputatı Ceyhun Məmmədov: “Əgər Pənah bəy, müxalifət ölkəni idarə etmək istəyirsə, seçkilərdə iştirak edərək, qalib gələrək idarəçilik başına keçə bilərlər. Bu, dünya təcrübəsində belədir. Təcrübə ondan ibarətdir ki, bir iqtidar, bir də müxalifət var. Müxalifət hakimiyyətə gəlmək istəyirsə, iş aparır, proseslərdə fəal iştirak edərək qalib olur, hakimiyyətə gəlir. İqtidar müxalifət olur, müxalifət iqtidar. Ya da kifayət qədər səs toplanır və koalision hökumət yaradılır. Dünya sistemində yanaşma bundan ibarətdir.

Bir məsələni də deyim ki, zaman-zaman müxtəlif yanaşmalar olub, mövqelər bildirilib. Vaxtı ilə elə Pənah Hüseynin özü, yəni təmsil etdiyi komanda Azərbaycanda hakimiyyətdə olub. Bir müddətə ölkəmizə rəhbərlik ediblər. Həmin dövrdə istədikləri, düşündükləri ideyaları, fikirləri həyata keçirə bilərdilər. Amma biz o dövrdə bunları görmədik. Həmin dövrdə Azərbaycanda çox ciddi problemlər yaşandı. Sonda ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu və sonrakı dövrdə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Hamıya şamil etmirəm, amma ölkəmizdə bəzən müxalifətçiliyi “ağa qara demək” kimi qəbul edənlər də var. Hakimiyyət yaxşı da, pis də nə etsə, bunu qara kimi görmək istəyənlər az deyil. Amma müxalifətçilik axı bu deyil. Hər bir ölkədə müxalifət olmalıdır. Amma bu düşərgə sağlam rəqabət aparmalıdır. Müxalifət söyüşlə, qırğınla deyil, seçkilər yolu ilə öz məqsədlərinə çatmaq üçün fəaliyyət göstərməlidir".

Deputat iqtidar-müxalifət dialoqundan da söz açdı: “Bu gün Azərbaycanda iqtidar-müxalifət dialoqu var. Ölkəmizdə bu sahədə ciddi islahatlar həyata keçirilir. Söhbət Prezident Administrasiyasında hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında şöbə yaradılıb. Prezidentin tapşırığına uyğun olaraq davamlı şəkildə partiyalarla görüşlər keçirilir, fikir mübadilələri aparılır. Hesab edirəm ki, bu gün ölkəmizdə fəaliyyət göstərən müxalif partiyaların öz daxillərində işləmələrinə böyük ehtiyac var. Məsələyə iqtidar-müxalifət dialoqunda yanaşdıqda deyə bilərik ki, gələcəkdə belə bir ehtiyac olarsa, dialoq sürətlə inkişaf edərsə, müxalifətdən kimlərsə - əlbəttə burada cənab prezidentin iradəsi, hakim partiyanın da mövqeyi önəmlidir - hansısa məsələlər üzrə töhfə verə bilərlərsə, onların prosesə cəlb olunmaları, idarəçiliyə gətirilmələri nəzərdən keçirilə bilər”.

Geri qayıt