Əsas Səhifə > Partiya, Güney Press > "Bu, Rusiyanın özünün Ermənistan və Azərbaycana qarşı tutduğu mövqedir"

"Bu, Rusiyanın özünün Ermənistan və Azərbaycana qarşı tutduğu mövqedir"


8-06-2022, 09:41
"Bu, Rusiyanın özünün Ermənistan və Azərbaycana qarşı tutduğu mövqedir"
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Razi bəy, Ermənistanda aksiyalar səngimir. Paşinyan komandası isə etirazlar fonunda Azərbaycanla əldə edilən razılaşmalara əməl etməkdə ləng tərpənir. Gözləntilər nədən ibarətdir?

- Ermənistana etibar etmək olmaz. Çünki bu dövlətin siyasətində heç vaxt daimilik, stabillik, yoxdur. Bu ölkənin rəhbərliyi İrəvandan uzaqlaşıb Brüsselə gedir, oradakı reallıqları görür və qəbullanır. Amma Ermənistana qayıdanda yenə də fikrini dəyişir. Moskvaya gedəndə isə fikrini “qətiləşdirir”. Bütün bunlar isə uzunmüddətli sülh müqaviləsinin bağlanmasının qarşısını alır. Burada erməni müxalifətinin Nikol Paşinyana qarşı apardığı mübarizənin də pozuculuğa xidmət etdiyini söyləmək olmaz. Ermənistan müxalifətinin N.Paşinyana qarşı apardığı daxili mübarizə və nəhayətdə onun hakimiyyətinin devrilməsi bu ölkənin üzərinə götürdüyü öhdəlikləri gecikdirə bilər. Bu haradasa, başadüşülən də olar. Amma N.Paşinyan da çox gözəl bilir ki, bu prosesi gecikdirməklə o vəziyyəti daha da çətinləşdirir. Məsələlər uzandıqca N.Paşinyanın əli-qolu daha çox bağlanır. Beləliklə də o sülh müqaviləsindən və sərhədlərin delimitasiyası, demarkasiyasından da imtina etmiş olur. Bu baxımdan burada N.Paşinyan və komandasının da siyasətini ciddi şəkildə görmək mümkün olmur.

- Paşinyan sülhə hazırdır, kənar qüvvələr revanşistlərin əli ilə ona mane olur. Belə yanaşma daha çox vurğulanır...

- Bu, Rusiyanın özünün Ermənistan və Azərbaycana qarşı tutduğu mövqedir. Ona görə ki, bu danışıqlarda gözə çarpan nəticə Brüsseldə əldə olunur. Bu da Moksvanı qıcıqlandırır. Çünki Kreml arzulayır ki, Azərbaycanla Ermənistan arasında olacaq bütün məsələlər onun nəzarətində həll olunsun. Ona görə də prosesdə bu məsələlərin də ciddi əngəl olduğunu yaddan çıxarmaq olmaz.

- Hazırda Ermənistanda hakimiyyət dəyişikliyi real görünürmü?

- Ermənistanda hakimiyyətin dəyişməsi bizi o qədər də maraqlandırmır. Ümid etmək olmaz ki, Paşinyan ermənilərin içərisində ən yaxşısıdır, biz onunla sülh müqaviləsini imzalaya bilərik. Bu kimi yanaşmalar qəbul edilmir. Əgər bu ölkədə real hakimiyyət dəyişərsə, Azərbaycanın, əksinə daha geniş imkanları yaranar və əli-qolu daha çox açılar. Dövlətimiz Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə Ermənistanın əvvəlki baş nazirinin həyata keçirə bilmədiyi məsələləri əsas gətirərək yeni hökumətlə də bunun olmayacağının mümkünlüyü gündəliyə gətirər. Bu zaman Azərbaycanın özü üçün haqlı mövqeyi bir daha önə çıxar. Bununla da separatizmi birdəfəlik məhv etmək üçün ciddi addımlar atılar.

- Bəs sülhməramlılar məsələsi?

- Sözsüz ki, prosesə yeganə maneə ola biləcək qüvvə rus sülhməramlılarıdır. Amma Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, sülhməramlıların da Azərbaycan ərazisində çıxarılması üçün əsas yarana bilər. Azərbaycan bu məsələni gündəmə gətirməlidir. İstənilən halda Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycanın fikirlərinə, düşüncələrinə təsir etməyəcək. Bu ola bilsin Azərbaycanın mövqeyini daha da qətiləşdirər. Bununla da ölkəmiz Ermənistanla həll ediləcək məsələlər üçün digər vasitələrdən, hərbi, siyasi imkanlardan istifadə edə bilər.

- Erməni müxalifəti “Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur” tezisini gündəmə gətirməyə çalışır ...

- Bu gün Ermənistanda baş verənlər bizi qətiyyən maraqlandırmamalıdır. Orada hər hansı bir siyasi fiqurun nə deməsi heç bir əhəmiyyət kəsb etmir. Onlar Azərbyacanın ərazi bütövlüyünə qarşı iddia ilə çıxış edə bilməzlər. Ermənilərin iddialarına isə ümumiyyətlə fikir vermək lazım deyil. Çünki bu toplum ancaq xülyalarla yaşayır. Bu günlərdə ermənilər iddia edib ki, İlon Mask onların ideyasını oğurlayıb, Marsa uçur. Göründüyü kimi bu toplum xəstə təxəyyüldən qurtula bilmir. Onlar ya tamamilə dəlidir, ya da xəstəliyə düçar olublar. İndi də iddia edirlər ki, “Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Orada ermənilərin dövləti olmalıdır və sonradan bunu Ermənistana birləşdirməliyik”. Bu sözsüz ki, yersiz sayıqlamalardır. Bu cür sayıqlamalar Azərbaycanı daha qətiyyətli addım atmağa sövq edir. Artıq onların bu cür davranışları Azərbaycanı yekunda məsələnin ikinci fazasını başladaraq güc yolu ilə prosesi yekunlaşdırmağa vadar edəcək.

Geri qayıt