Əsas Səhifə > Partiya, Güney Press > “Ölkədə seçki sisteminə ictimai etimad sıfır dərəcəsindədir”
“Ölkədə seçki sisteminə ictimai etimad sıfır dərəcəsindədir”3-06-2022, 10:48 |
Hazırda müşahidə olunan qlobal gərginliklər fonunda dünya düzəninin yenidən dizayn edildiyi barədə ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibədə məğlubiyyətə uğrayacağı fikri yerli və beynəlxalq ekspertlərin əksəriyyətinin mütləq qənaətinə çevrilib. Rusiyanın məğlubiyyəti ilə geosiyasi vəziyyətin kökündən dəyişəcəyini düşünən analitiklər hesab edirlər ki, böyük güclərin formalaşdıracağı yeni dövrə bütün dövlətlər tez adaptasiya olunmaq üçün əməli addımlar atmalıdır. Azərbaycanın müxtəlif sahələrdən olan ekspertləri də hesab edirlər ki, yeni dövr üçün siyasi, iqtisadi, sosial islahatlara, dövlət idarəçiliyi modelində dəyişikliklərə ehtiyac yaranıb. Qarabağın işğaldan azad olunmasından sonrakı mərhələ üçün ciddi islahatların əsasən idarəetmə mexanizmlərində aparılmasının labüdlüyü haqqında fikirlər səsləndirilir. DİA.AZ xəbər verir ki, Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq üzvü, vaxtilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunmuş Qulamhüseyn Əlibəyli AYNA-ya müsahibəsində ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları sahəsində islahatlar və postmünaqişə vəziyyətində idarəçilikdə atılmalı olan addımlarla bağlı fikirlərini bölüşüb. Deyib ki, hökumətin siyasi partiyalara münasibətində müəyyən dəyişikliklər var: - İqtidar tərəfindən partiyalarla bu və ya digər formada əlaqə saxlanılır, görüşlər keçirilir, müzakirələr aparılır. Bu, özlüyündə müsbət hadisədir. Amma bütövlükdə ölkədaxili siyasətdə, xüsusilə, iqtisadi-sosial siyasətdə inkişaf yoxdur. Düzdür, siyasi islahatlar aparılır, amma bu, yetərincə deyil. İslahatlar siyasi sistemin elementi olan siyasi partiyaların fəaliyyətini genişləndirmək, müxalifətin yerini, hüquqi statusunu dəqiq müəyyənləşdirmək istiqamətində olmalıdır. Seçki sistemində bir çox dəyişikliklərə ehtiyac var. Bu gün seçki komissiyalarına hakimiyyətin etimadı var, amma ictimai etimad sıfır dərəcəsindədir. Elə bir forma tapmaq lazımdır ki, bütün siyasi qüvvələr seçki komissiyalarına, seçkilərin təşkili və keçirilməsinə etimad göstərsinlər. Etimad olmadığı təqdirdə seçkilərin nəticələri hər zaman mübahisə doğuracaq. Avropa Məhkəməsi də bu baxımdan Azərbaycanla bağlı çoxsaylı mənfi qərarlar qəbul edir. Hesab edirəm ki, bunlar nəzərə alınmalı, seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçirilməlidir. Siyasi partiyaların rolunu yüksəltmək üçün müəyyən addımlar atılmalıdır. - Bu islahatların həyata keçirilməsi üçün referenduma gərək varmı? - Sadaladığım məsələlər, hesab edirəm ki, referendum tələb edən məsələlər deyil. Referendum tələb edən yeganə məsələ seçki sisteminin dəyişdirilməsi ilə bağlı məsələdir. Azərbaycanda indi yalnız mojaritar seçki sistemidir ki, bunun dəyişdirilməsi üçün - ya proporsional seçki sistemi, yaxud qarışıq (həm mojaritar, həm proporsional) sistem üçün mütləq Konstitusiyaya dəyişiklik olunmalıdır. Bu isə referendum tələb edir. Milli Məclis üzvlərinin sayının artırılması məsələsi də gündəmə gətirilir. Prinsip etibarilə buna müsbət yanaşmaq olar. Çünki parlament təmsilçilik normaları əsasında formalaşan orqandır. Vaxtaşırı olaraq o təmsilçilik norması dəyişir. Əhalinin sayında hər il artım qeydə alınır. Milli Məclisin 1995-ci ildə olan təmsilçilik normasında artım var. Bu məsələyə də prinsip etibarilə baxmaq olar. Lakin hesab edirəm ki, deputat sayının artırılması ən önəmli məsələ də deyil. Seçki sisteminin dəyişdirilməsi isə son dərəcə əhəmiyyətlidir. Qayıdıram sosial-iqtisadi vəziyyətlə bağlı məsələyə ki, bu sahədə xeyli problemlər var. Düzdür, hər yeni gələn kadrlar inkişafla bağlı müəyyən vədlər verirlər, amma irəliləyişi görmürük. Bu sahədə problemlər həddən artıq çoxdur, yaxın zamanlarda aradan qalxacağı ehtimalı da görünmür. Məncə, bu sahədə ciddi və əsaslı dəyişikliklərə ehtiyac var. - Xarici siyasəti necə dəyərləndirirsiniz? - Xarici siyasətdə hakimiyyətin tutduğu hazırkı mövqe prinsip etibarilə məqbuldur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan sözsüz ki, yeni geosiyasi reallıqlar yarada bilib. Artıq dünya da yeni reallıqlarla demək olar ki, razılaşıb. Xarici siyasətin istiqamətini düzgün sayıram. Amma burada da bir məsələ narahatlıq doğurur ki, bu, Rusiya ordusunun hələ də Azərbaycan ərazilərinin müəyyən hissəsinə yerləşməsidir. Düşünürəm ki, Qarabağdakı rus hərbçilər sülhyaratma missiyasından kənara çıxır, ermənilərin təzədən qızışdırılması, silahlandırılması, bizim üzərimizə salması istiqamətində fəaliyyət göstərirlər. Azərbaycan dövləti bu məsələdə susqunluqdan əl çəkməlidir. Vaxtaşırı olaraq Rusiya hərbçilərinin çıxarılması məsələsini gündəmə gətirmək lazımdır. Yaxud da Qarabağdakı hərbi missiyanın statusunu dövlətlərarası sənədlərlə dəqiqləşdirmək olar. Sənəddə konkret olaraq göstərilməlidir ki, onlar nə iş görməlidirlər, nəyi etməməlidirlər, missiyadan kənara çıxsalar, Azərbaycan hansı addım ata bilər və s. Çünki cəmiyyətin əksər hissəsində Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyəti ilə bağlı narazılıq və narahatlıq var. - Söylədiyiniz sahələrdə islahatların həyata keçirilməsi üçün Azərbaycan hökumətinin siyasi iradəsi, gücü varmı? - Siyasi iradəni dövlət başçısı nümayiş etdirir. Prezident dəfələrlə bildirib ki, bu islahatları keçirmək niyyətindədir. Bu istiqamətdə müəyyən işlər də görülüb. Bayaq qeyd etdim, siyasi partiyalarla münasibətlərin normallaşdırılması müsbət addımdır. Amma bu sahədə islahat tam şəkildə başa çatmayıb. Siyasi iradə var, lakin bunun reallaşması sürətlənməlidir. - Sizcə, islahatların sürətlənməsinə mane olan amillər nələrdir? - Hesab edirəm ki, bu, ilk növbədə İkinci Qarabağ müharibəsi ilə bağlı olan məsələdir. Ərazilərimizin işğaldan azad edilməsi əsas diqqəti diplomatik cəbhəyə yönəltməyə məcbur edir. Hakimiyyət hərbi sahədə qazandığı uğurları diplomatik sahədə möhkəmləndirmək, qalan məsələləri diplomatik yolla addım-addım həyata keçirmək istəyir. İkincisi, bürokratiya deyilən bir amil var. İcra hakimiyyəti sistemi, idarəetmə qurumları istər-istəməz islahatlara müqavimət göstərir. Bu müqavimət bəzən şüursuz, bəzən də şüurlu şəkildə həyata keçirilir. Uzun müddət Azərbaycanda "beşinci kolon" adlanan qüvvələr vəzifədə olub. Bu gücün də başında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Uzun müddət bu qüvvələr islahatların qarşısında dayandılar. Hesab edirəm ki, indi o bürokratiyanın da müqavimətini qırmaq olar. Prezident məsələni qəti şəkildə qoysa, bürokratiyanın da, "beşinci kolon"un da, digər qüvvələrin də müqavimətini sındırmaq olar. Görünür, hökumət üçün siyasi islahatlar bu gün prioritet istiqamət deyil. - Siyasi müşahidəçilər hazırda yeni dünya düzəni formalaşdırıldığı qənaətindədirlər. Necə hesab edirsiniz, Azərbaycan yeni dövrə adaptasiya oluna bilmək üçün hansı hazırlıqları görməlidir? - Yeni dünya düzəninin formalaşması doğrudan da labüd görünür. Azərbaycan yeni qlobal sistemə adaptasiya olunmaq istiqamətində artıq müəyyən addımlar atır. Qərb tərəfindən demokratiyanın inkişafı üçün çağırışlar edilir. Bilirsiniz, məsələ təkcə demokratiya, insan haqları məsələsi deyil. Qərb ölkələrinin siyasətində ilk növbədə geosiyasi amillər üstünlük təşkil edir. Daha sonra enerji təhlükəsizliyi amilləri dayanır. Demokratiya və insan haqları məsələsi Qərb gücləri üçün sonra gələn məsələlərdir. Siyasi şəraitdən asılı olaraq insan hüquqları məsələsi bir az qabağa çəkilir. Bu gün Azərbaycan Qərb üçün, ABŞ üçün enerji təhlükəsizliyi baxımından cəlbedicidir. Bu baxımdan, Qərb Azərbaycandan hazırda enerji təhlükəsizliyi istiqamətində real hərəkət gözləyir. Demokratiya və insan haqları məsələsi ötən əsrin 90-cı illərində cəlbedici görünürdü. Bu gün bu məsələ Qərbin siyasətinin əsas istiqaməti deyil. Sadəcə olaraq demokratiya və insan haqları məsələsindən zaman-zaman dövlətlərə, o cümlədən Azərbaycana qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə edilir. - Bizdə demokratiya və insan haqları sahəsində problemlər var axı... - Təbii ki, var. Mən deməzdim ki, bu istiqaməti əllərində alət kimi tutub, qəsdlə təzyiqlər edirlər. Əlbəttə, əllərində əsas mövcuddur. Bu gün Azərbaycanda insan haqları ilə bağlı xeyli problemlər var. Xüsusilə icra strukturları, hüquq-mühafizə sistemi, məhkəmə-hüquq sistemi ilə bağlı ciddi problemlər var. Bunlar aradan qalxmalıdır. Bir neçə il əvvəl insan haqları sahəsində milli proqram qəbul olundu. Onların bəziləri yerinə yetirilib, bəziləri yerinə yetirilməmiş qalır. Qanunvericilikdə dəyişikliklər edildi, amma problemlər həllini tapmadı. Görünür, təkcə qanunvericilikdə dəyişikliklər kifayət etmir. Deməli, icra orqanlarının rəhbərlərinə qarşı münasibətdə də sərt mövqeyə ehtiyac var. Hesab edirəm ki, gec-tez bu münasibət olacaq. Məsələn, bir neçə icra başçısına qarşı sərt mövqe göstərildi, həbslər oldu. Sonra həmin dalğa dayandı. Bununla korrupsiyanın qarşısı alınmış sayıla bilməz. Digər icra strukturları barədə də əsaslı tədbirlər görülməlidir. Prezident özü də dəfələrlə bildirib ki, icra strukturlarında rüşvət və korrupsiya halları var. Korrupsiya aradan qalxandan, məhkəmə-hüquq sistemi düzələndən, demokratiya və insan haqları ilə bağlı problem həllini tapandan sonra onlardan istifadə edərək ölkəyə təzyiqlər də aradan qalxacaq. Məsələ burasındadır ki, bizdə problemlər var və müəyyən beynəlxalq dairələr bunları əldə əsas tutaraq müxtəlif formalarda yararlanmaq istəyirlər. - Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi, sülhün əldə olunması istiqamətində diplomatik danışıqlar aparılır. Sizcə, sonucda bu, yekun sülhə gətirib çıxaracaqmı? - Sülhün əldə olunması bir qədər qəlizdir. Məsələ burasındadır ki, Rusiya bölgədə daha uzunmüddətli qalması üçün çalışır ki, yekun sülh olmasın. Bu baxımdan, müəyyən təxribatlar olacaq və o təxribatlarda Rusiya hərbçilərinin iştirakı şübhə doğurmayacaq. Amma başqa bir amil ondan ibarətdir ki, Rusiyanın regionda təsirləri getdikcə azalmağa doğru gedir. Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində işə başlayıb, Brüsseldə liderlərin Rusiyasız üç görüşü keçirilib, müəyyən razılıqlar əldə edilib. Demək olar ki, Avropa İttifaqının regiona təsiri Rusiyanı üstələməyə doğru gedir. Ermənistan hakimiyyətinin də Rusiyadan uzaqlaşmaq meyilləri müşahidə olunur. Amma hər halda Rusiyanın Ermənistana qarşı hələ də güclü təzyiq rıçaqları qalmaqdadır. Həm iqtisadi, həm hərbi sahədə Ermənistanın Rusiyadan asılılığı qalır. Rusiya çalışacaq ki, bu vasitələrdən istifadə edərək sülh prosesinə mane olsun. İndi Ermənistan müəyyən razılaşmaları qəbul edir. Artıq sərhədlərin delimitasiyası ilə bağlı ilkin addımlar da atılıb, Birgə Sərhəd Komissiyası, kommunikasiyalar üzrə Komissiya işlər görür. Ermənistan nə qədər boyun qaçırmağa çalışsa da, gec-tez razılaşmaya gələcək. Sülhün yaranmasında Avropa da, ABŞ da maraqlı görünür. İstəyirlər ki, Ermənistanla Azərbaycan Rusiyanın vasitəçiliyi olmadan razılığa gəlsin. Hesab edirəm ki, proses ləng gedəcək, amma son nəticədə Rusiya prosesi poza bilməyəcək. Amma onu demək ki, 10 gündən sonra sülh sazişi imzalanacaq - bu, real yanaşma deyil. Hər halda yekun sülhün imzalanması xeyli müddət çəkəcək. Geri qayıt |