Əsas Səhifə > Partiya, Güney Press > Ölkədə seçici sayı necə 1 milyon artdı
Ölkədə seçici sayı necə 1 milyon artdı3-06-2022, 08:12 |
Ötən həftə Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçicilərin sayını açıqlayıb. MSK-dan bildirildiyinə görə, ölkədə səsvermə hüququ olan 6 milyon 402 min civarında şəxs var. 2020-ci ildə MSK bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi. Ona görə də ortaya sual çıxıb ki, iki ildə ölkədə 1 milyondan çox seçici necə arta bilər? Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə isə 2022-ci il aprelin 1-i Azərbaycan əhalisinin sayı 10 milyon 167 min 178 nəfərə çatıb. Halbuki 2020-ci il martın 1-i əhali sayı 10 milyon 79 mindən bir qədər çox açıqlanmışdı. Demək, əhali bu iki ildə heç 100 min belə artmayıb. Üstəlik, seçici yaşlı insanların sayı ilə də bağlı vahid rəqəm yoxdur. DSK-dan “Turan” agentliyinə bildirilib ki, ölkədə 18 yaşından yuxarı əhalinin sayı 7 milyon 200 mini ötüb. Qurumdan qeyd olunub ki, ölkədə əhalinin siyahıyaalma prosesi vahid statistik metodologiya əsasında aparılır: “Proses zamanı sonuncu siyahıyaalma məlumatlarından istifadə olunur və doğulanlar, ölənlər, miqrasiya edənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir”. MSK-dan isə “Turan”a deyilib ki, seçici siyahıları icra hakimiyyəti orqanları, bələdiyyə başçıları və hərbi hissə komandirlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında yerli komissiyalarda tərtib olunduqdan sonra onlara verilib. Onu da qeyd edək ki, ötən həftə 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı elan olunub. Qərarda bildirilir ki, seçici siyahılarının tərtib edilməsi işi yekunlaşıb, seçici sayının Seçki Məcəlləsinin 35.3.1-ci maddəsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən edilib. Ona görə də həmin məntəqələrin daxil olduğu seçki dairələrində Seçki Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması zərurəti yaranıb. DİA.AZ-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ölkə əhalisinin sayı 10 milyon nəfəri keçib. Nəzərə alsaq ki, ölkədə qanunvericiliyə müvafiq olaraq seçki hüququnun yarandığı 18 yaşından yuxarı əhalinin sayı 7 milyon nəfərdən çoxdur, o zaman seçici sayı da adekvat olaraq 7 milyon nəfərdən artıq olmalıdır: “Lakin o da məlumdur ki, seçki hüququna malik əhalinin müəyyən bir hissəsi ölkə hüdudlarından kənarda, əsasən də Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə yaşayır və işləyir. Pandemiya dönəmində məlum səbəblərdən ölkə hüdudlarından kənarda yaşayan və potensial seçici hesab olunan vətəndaşlarımızın əhəmiyyətli hissəsi faktiki olaraq yaşadıqları və işlədikləri ölkələrdə iş yerlərinin bağlanması səbəbi ilə ölkəyə qayıtmaq məcburiyyəti ilə üzləşiblər. O səbəbdən də seçici sayında son bir il ərzində fiksə olunmuş hazırkı nəzərəçarpacaq dərəcəli fərq bu amillə əlaqədardır. Yəni MSK-nın elan etdiyi seçici sayı potensial seçici hüququna malik seçicilərin deyil, hazırda ölkə hüdudları daxilində faktiki olaraq yaşayan seçici sayını əks etdirir”. REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirdi ki, bu məsələni ilk dəfə REAL sədri İlqar Məmmədov gündəmə gətirib və uyğunsuzluq olduğunu isbatlayıb. Həqiqətən də MSK-nın açıqladığı rəqəmlərlə 2020-ci ilin statistikası arasında çox böyük uyğunsuzluq var: “Təbii ki, burada çox ciddi suallar yaranır. Bu, texniki olaraq mümkün deyil ki, iki il ərzində seçici sayı 1 milyondan çox artsın. Ölkədə 18 yaşına çatan insanların hər il sayı təqribən 100 min nəfərdən bir az çox olur. İki ilə maksimum 220-230 min seçki hüququ qazanan vətəndaşlar olur. Amma dünyasını dəyişən vətəndaşlar da var. Hər il ölkədə 50-60 min arası dünyadan köçənlər olur ki, bunların da böyük əksəriyyəti seçki hüququ olan vətəndaşlardır. Yəni onları da çıxsaq, ölkədə iki ilə yüz mindən bir qədər artıq seçicinin artması mümkündür. Bu, texniki rəqəmlərin analizidir, bunun üçün böyük bir akademik araşdırmaya da ehtiyac yoxdur. Elementar riyazi hesablamalar hər şeyi ortaya qoyur. İndi MSK-nın 1 milyondan çox seçici sayı artımını bəyan eləməsini texniki göstəricilərlə izah etmək mümkün deyil. Bu işi hansısa dövlət, hökumət strukturlarının və ya bələdiyyələrin üzərinə atmaq məsələnin həlli sayıla bilməz. İstər MSK, istər Dövlət Statistika Komitəsi və digər əlaqədar rəsmi orqanlar ağlabatan açıqlamalar verməlidirlər. Hələlik verilən açıqlamalar ortada olan uyğunsuzluğu izah edəcək səviyyədə deyil. Uzun illər Azərbaycanda seçkilərlə bağlı baş verən hadisələri də nəzərə alsaq, sanki seçici sayının bu qədər artırılması gələcəkdə hansısa seçkilərdə müəyyən şübhəli addımların atılmasına hazırlıq kimi görünür. Ən azı növbədənkənar parlament seçkiləri ehtimalı var, 2024-cü ildə bələdiyyə seçkiləri olacaq, əgər o zamana qədər konstitusiyada dəyişikliklər olacaqsa, bələdiyyə seçkilərinin tamam fərqli formada keçirilməsi gözlənilir, mer seçkilərinin də keçirilməsi gündəmdədir. Yəni yaxın iki-üç ildə bir neçə çox mühüm seçkilər dönəmi yaşaya bilərik. Seçicilərin sayının 1 milyondan çox artırılmasının bu seçkilərə hazırlıq getdiyi barədə adamda rəy yaradır. Nə qədər ki, rəsmi qurumlardan vətəndaşlarda sual işarəsi qoymayan açıqlamalar olmayacaq, bu cür fikirlər qalacaq. İndiyə qədər verilən açıqlamalar heç bir məntiqi izaha uyğun gəlmir”. Geri qayıt |