Əsas Səhifə > Partiya, Güney Press > "Siyasi partiyaların, faktiki olaraq, əksəriyyəti nəzarətdə saxlanılır və idarə olunur"
"Siyasi partiyaların, faktiki olaraq, əksəriyyəti nəzarətdə saxlanılır və idarə olunur"2-06-2022, 08:33 |
Əbülfəz Elçibəy hakimiyyətinin süqutu ilə nəticələnən 1993-cü ilin 4 iyun qiyamı 30 ilə yaxındır hər il bu vaxtlar Azərbaycan mediasının, ictimai-siyasi çevrələrinin, əsasən də müxalifətin əsas gündəm mövzusu olur. Lakin son bir-iki ildir 4 iyun qiyamı mövzusunda əvvəlki illərdəki dinamiklik müşahidə edilmir. Sanki 4 iyun qiyamı mövzusu artıq əhəmiyyətsiz, ictimai maraq kəsb etməyən bir sıradan məsələyə çevrilir. Artıq televiziya kanalları da əvvəllər olduğu kimi bu mövzuya xüsusi yer ayırmırlar. Əlaqə saxladığımız televiziyalardan bildirildi ki, Xəbərlər Departamentində 4 iyun hadisələri ilə bağlı tarixi xatırlatma janrında süjetdən başqa xüsusi proqramlar nəzərdə tutulmur. Xalq Cəbhəsi hakimiyyətində yüksək vəzifələrdə təmsil olunmuş siyasətçilər də artıq sözügedən mövzu haqda danışmamağa üstünlük verirlər. Bəs doğrudanmı siyasi qüvvələr üçün, müxalifət üçün 4 iyun mövzusu artıq bitmiş hesab olunur? Daha bu haqda kimsə danışmır, müzakirə aparmır, mübahisə olmur. Azərbaycan siyasətinin ana mövzusu olan iyun qiyamı artıq ictimai-siyasi marağını itirib. Üstündən çox zaman keçdi, ona görə, ya bu müzakirələrin heç nəyi həll etmədiyini başa düşdülər, bu səbəbdən dayandılar? DİA.AZ-ın məlumatına görə, AMİP funksioneri, siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, əslində 4 iyunla bağlı qaranlıq qalan məqamlar demək olar qalmayıb. Parlamentdə yaradılmış deputat istintaq komissiyası o vaxt hadisələri araşdırıb qiymətini verib. Həmin dövr hakimiyyətdə olanlar da, müxalifətdə olanlar da məsələyə aydınlıq gətirməyə çalışıblar: “Sadəcə, təəssüflər olsun ki, 4 iyuna səbəb olan AXC-Müsavat hakimiyyətində yüksək post tutan və bilavasitə hadisələrin həm də siyasi məsuliyyətini daşıyan bəzi şəxslər etirafda bulunmaq istəmirlər və bu günədək də bunu özlərinə sığışdırmırlar. Əslində səhvləri etiraf etmək növbəti səhvin təkrar edilməməsi üçün çox vacib şərtdir. 4 iyun hadisələrində birbaşa iştirak edən şəxslərin bir çoxu ya həyatda yoxdur, ya siyasi arenada. Digər tərəfdən heç kəsə sirr deyil ki, bu hadisələri hakimiyyət hər il qızışdırırdı ki, müxalifət düşərgəsində ziddiyyətlər qalsın, qarşılıqlı ittihamlar artsın və nifaq yaransın, yaxınlaşma olmasın, qarşılıqlı ittihamlarla bir-birilərini cəmiyyətin gözündən salsınlar. Buna da etiraf etmək lazımdır ki, hakimiyyət nail olurdu. Hər il 4 iyun hadisələrinin ildönümü günləri müxalifət düşərgəsinin daxilində müharibə vəziyyəti yaradan günlərə çevrilmişdi. Uzun illər belə oldu. Hadisələrdə iştirak edən-etməyən, suçu olan-olmayan şəxslər uzun müddət mətbuatda düşürdülər bir-birinin üzərinə. İndi hakimiyyətə bu kart lazım deyil. Çünki müxalifət demək olar ki, tam sıradan çıxarılıb. Siyasi partiyaların, faktiki olaraq, əksəriyyəti nəzarətdə saxlanılır və idarə olunur. Eyni zamanda siyasi proseslərə yeni qüvvələr qoşulub ki, onlara da 4 iyunun aidiyyəti yoxdur, həmin hadisələr zamanı ya mövcud deyildilər, ya da hər hansı formada hədəf də deyillər. Bu baxımdan da 4 iyunla bağlı başqatma, problemlərdən yayınma cəhdi də bir o qədər effekt vermir”. Ə.Orucovun sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, indiki yeni nəsil üçün 4 iyun hadisələri aktual deyil. Çoxunun bu hadisələrdən məlumatı belə yoxdur və heç maraqlanmırlar. Siyasi ekspert hesab edir ki, əslində 4 iyun dartışmalarının olmaması, yaxud da zəif olması faydalıdır: “Bununla belə, Azərbaycanı 4 iyuna aparanlar, xüsusən də AXC-Müsavat hakimiyyəti və bu hakimiyyətin ən yüksək eşelonunda oturanlar xalq və tarix qarşısında məsuliyyətdən qurtara bilməyəcəklər. Onlar mübarizə aparan, ölkəsini demokratik və firavan görmək istəyən, buna böyük həvəs və inamla yanaşan milyonlarla insanın inamını, ümidini sındırdılar. Bu, bağışlanılmaz səhvdir. Bunun izahı və bəraəti ola bilməz”. Geri qayıt |