Əsas Səhifə > Partiya, Güney Press > “Türkiyənin “yumşaq gücü” Qazaxıstanda bütün gücləri üstələyəcək”

“Türkiyənin “yumşaq gücü” Qazaxıstanda bütün gücləri üstələyəcək”


8-01-2022, 09:56
“Türkiyənin “yumşaq gücü” Qazaxıstanda bütün gücləri üstələyəcək”
“Türkiyənin Qazaxıstanda təsiri Rusiya və Çinin təsiri ilə müqayisə oluna bilməz. Mən siyasi və iqtisadi baxımdan deyirəm. Amma Türkiyənin “yumşaq gücü” Qazaxıstanda bütün gücləri üstələyəcək”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Partiya sədri Türkiyənin Qazaxıstandakı “yumşaq gücü” dedikdə insan faktorunu, türkçülüyü, əhalinin böyük hissəsinin türk-müsəlman olmasını, Türk Dövlətlər Təşkilatının yaranmasını nəzərdə tutduğunu bildirib. Qeyd edib ki, Türkiyənin Azərbaycanda 44 günlük savaşda uğurlu iştirakı və s. hallar nəzərə alınmaya bilməz:

“Bəyəm siz elə bilirsiniz ki, Türk Dövlətlər Təşkilatının İkinci Qarabağ savaşından sonra yaranması təsadüfi haldırmı? Bunların hamısı Türkiyənin nüfuzunun artmasının göstəricisidir. Bu mənada düşünmürəm ki, Türkiyə Qazaxıstanda baş verən proseslərdən kənardadır. Türkiyə-Rusiya tandemi yəqin ki, Qazaxıstanda da öz sözünü deyəcək”.

Türkiyənin Qazaxıstandakı proseslərdə önəmli aktyora çevrilib-çevrilməyəcəyi ilə bağlı suala cavabında S. Əkbər deyib ki, bu ölkənin əvəzindən danışa bilməsə də, amma Türkiyə ən böyük türk dövlətidir: “Bu səbəbdən də Türkiyənin kənarda qalacağını düşünmürəm. İndi Qazaxıstanda xarici faktorların hansı şəkildə iştirak edəcəyi, Türkiyə bu faktorlardan hansı ilə bir yerdə olacağı, təkmi, Amerika ilə birlikdəmi hərəkət edəcəyi, yoxsa Rusiya ilə birgə olmaq məsələsi var. Amma bunu indidən demək çox çətindir. İndi əsas məsələ qardaş Qazaxıstanda baş verənlərin diqqətlə izləməkdir”.

Geri qayıt