Əsas Səhifə > Partiya, Güney Press > Maaşlar yenidən ARTA BİLƏRMİ?
Maaşlar yenidən ARTA BİLƏRMİ?6-01-2022, 09:07 |
OPEC+ nazirləri fevralda neft hasilatının gündəlik 400 min barel artırılması planını təsdiq ediblər. Bu barədə TASS məlumat yayıb. OPEC+ ölkələri fevralda hasilatı 2020-ci ilin may ayında olduğu kimi gündəlik 9,5 milyon yox, cəmi 2,959 milyon barel azaldacaq. OPEC+ ölkələri 2021-ci ilin avqustundan neft hasilatını gündəlik 400 min barel olmaqla bərpa edir. Qeyd edək ki, mütəxəssislər cari ildə neft qiymətlərində həm neft hasil edən, həm də istehlakçı dövlətləri qane edən bir qiymətin mövcud olacağını deyirlər. Bildirilir ki, neft artıq 2020-ci ildəki kimi təhlükəli əraziyə düşməkdən kifayət qədər uzaqdadır. Azərbaycanın da neft istehsalçısı olduğunu nəzərə alsaq, büdcəyə kifayət qədər əlavə gəlirin daxil olacağı gözlənilir. Belə olduğu təqdirdə ölkədə büdcənin icrası ücün problem olmayacaq. Bununla yanaşı, ölkədə mövcud inflyasiyanı, bahalaşmanı da nəzərə alsaq, büdcəyə yenidən baxıla bilərmi? DİA.AZ-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, bugünlərdə OPEC+ dövlətlərin iclası keçirildi və burada neft hasilatının artırılması ilə bağlı qərar qəbul etdilər: “Azərbaycan da bu qərarı dəstəklədi. Hazırda neftin qiyməti məqbuldur və dünyada neftə tələbat gündən-günə artmaqdadır. Bu da neftin qiymətinin pozitiv, bizim üçün məqbul həddə qalmasına imkan verir. Bizim dövlət büdcəsində neftin bareli 50 dollardan götürülüb. Ancaq hazırda bazar qiyməti bundan daha da çoxdur. Bu da dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına imkan yaradır. Bu gün dövlətimizin əlavə gəlirə və pula daha çox ehtiyacı var. Çünki biz 44 günlük müharibədə 10 min kvadratkilometrdən artıq torpaq sahəmizi işğaldan azad etmişik. Həmin ərazilərdə böyük quruculuq, abadlıq, yenidənqurma, bərpa işləri həyata keçiririk. Eyni zamanda, 2022-ci il yanvarın 1-dən başlayaraq ölkə başçısının imzası ilə sosial paket icra olunmaqdadır. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək pensiyaların, müavinətlərin, əməkhaqlarının artırılması ilə bağlı çox ciddi addımlar atılıb”. Millət vəkilinin sözlərinə görə, çox təəssüf ki, həm də bazarlarda müəyyən məhsulların qiymətlərinin də artdığını görürük: “Bu da təbii bir prosesdir. Azərbaycan da dünyanın bir parçasıdır. Dünya bazarlarında baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq dövlətimiz qabaqlayıcı tədbirlər görür. Düşünürəm ki, dövlət büdcəsinin imkanları genişləndikcə, sosial paketlərin icrası davamlı xarakter alacaq. Növbəti dövrdə ola bilsin ki, yenidən sosial paket icra olunsun. Sosial paketin dövlət büdcəsinə yaratdığı maliyyə yükü kifayət qədər böyükdür. Dövlət büdcəsinin ilin sonuna kimi müəyyən edilmiş bəndlərdə icrası vacibdir. Ancaq gələcəkdə mümkün olacaq. Çünki ölkəmizin iqtisadi gücü artdıqca, belə sosial paketlər mütəmadi olaraq icra olunur. Gücümüz artdıqca, insanların sosial rifahına xidmət edəcək addımlar da mütəmadi olaraq atılacaq”. Geri qayıt |