Əsas Səhifə > Partiya, Güney Press > "Nə Paşinyan, nə də erməni cəmiyyəti sülhə hazırdır"

"Nə Paşinyan, nə də erməni cəmiyyəti sülhə hazırdır"


18-11-2021, 08:40
"Nə Paşinyan, nə də erməni cəmiyyəti sülhə hazırdır"
Ermənistan dövləti hazırda “başsız atlı”ya bənzəyir. Çünki nə istədiyini, nəyə can atdığını bilmir və nə etdiyinin fərqində deyil. Bu ölkənin hərbi-siyasi rəhbərliyinin hərəkətləri xaotik addımlardan ibarətdir. 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan və ötən bir il ərzində Azərbaycana qarşı yol verdiyi bütün təxribatları uğursuzluqla nəticələnən Paşinyan hakimiyyəti hazırda qeyri-müəyyənlik girdabında çapalayır və əsas strateji xəttini, Azərbaycana münasibətdə “yol xəritəsi”ni müəyyənləşdirə bilmir. Ermənistanın hazırkı ziddiyətli davranışları, taktiki addımları da məhz bundan qaynaqlanır.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Paşinyan paralellik prinsipindən çıxış edir, ikibaşlı siyasət yürüdür və öz aləmində guya çox ağıllı “strateq” kimi gedişlər edir. Partiya rəhbəri deyib ki, Ermənistan rəhbərliyi bir tərəfdən sərhədlərin delimitasiyasından, kommunikasiyaların açılmasından, sülh danışıqlarından danışır, digər tərəfdən ənənəvi erməni xislətini nümayiş etdirir:

“Son günlər erməni təxribatlarını tez-tez müşahidə etməkdəyik və bu olaylar Paşinyanın sülhə dair açıqlamalarında səmimi olmadığını düşünməyimizə əsas verir. Bu gün nə Paşinyan, nə də bütövlükdə erməni cəmiyyəti sülhə hazır deyil. Onlar yalançı “sülh”dən dəm vurub dünyanı aldatmağa çalışa bilərlər, ancaq bizi aldatmaları qeyri-mümkündür. Sülhə hazır olan ölkə və xalq təxribat törətməz, revanşizmə can atmaz. Kəlbəcər və Laçın istiqamətindəki mövqelərimizə hücum Ermənistanın və separatçıların sülhə yox, revanşizmə can atdıqlarını göstərir. Məqsəd aydındır, Ermənistanın hərbi-siyasi rəhbərliyi sərhədlərin delimitasiyasını yubatmaq və sülh danışıqlarını əngəlləmək yolunu seçib. Onlar bununla vaxt qazanmağa və mövqelərini gücləndirməyə çalışırlar. Ancaq Ermənistanın bu cür hiyləgər, hoqqabaz siyasəti və separatçıların get-gedə cızığından çıxmaları son nəticədə yenə də onların öz əleyhinə işləyəcək”.

Ə.Hüseynov diqqətə çatdırıb ki, Ermənistanın destruktiv mövqeyi Azərbaycanı yumşaq güc siyasətini davam etdirməklə yanaşı, qarşı tərəfin hərbi yolla sülhə məcbur edilməsi variantı üzərində düşünməyə vadar edir:

“Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirib, 10 noyabr Bəyanatının şərtlərinin həyata keçirilməsinə nail ola bilər. Sülhməramlıların fəaliyyətsizliyi və Ermənistan hakimiyyətinin məsuliyyətsiz davranışları buna zəmin yaradır. Lakin Azərbaycan tərəfi yenidən qan tökülməsini istəmir. Çünki bizim dövlətimiz və xalqımız sülhə, quruculuğa köklənib. Biz ermənilər kimi müharibəyə susamamışıq. Odur ki, dövlət və xalq olaraq mümkün qədər təmkinli davranır, Ermənistana şans veririk ki, sülhün vacibliyini dərk etsin. Bütün hallarda son proseslər Azərbaycanı qane edən senari üzrə yekunlaşacaq”.

Geri qayıt