Əsas Səhifə > Partiya, Güney Press > "Siz düşünürsünüz ki, ermənilər birdən-birə hər şeylə razılaşsınlar?"
"Siz düşünürsünüz ki, ermənilər birdən-birə hər şeylə razılaşsınlar?"29-05-2021, 09:00 |
“Sərhəddə baş verənlər gözləniləndir. Siz düşünürsünüz ki, ermənilər birdən-birə hər şeylə razılaşsınlar? Üç-beş dəfə təxribat törədəcəklər, sonra başlarına “dəmir yumruq” ya “osmanlı tokatı” dəyəcək və başlayacaqlar ağıllanmağa”. Bu sözləri Fazil Mustafa Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını şərh edərkən Reyting.az-a deyib. Deputat xatırladıb ki, əgər ermənilər qısa müddətə ağıllansaydılar, son 30 ildə bu qədər həngamə olmazdı: “Heç bu boyda savaşa da ehtiyac qalmazdı. Amma gördüyünüz kimi, ağıllanmayıblar. İndi orada kimlərsə özlərini erməni cəmiyyətinə təqdim etmək üçün belə təxribatlar və yaramaz hərəkətlərə yol verir”. Deputat əlavə edib ki, Azərbaycan tarixi missiyanı üzərinə götürüb və sərhədi addım-addım qaytarır, demarkasiya həyata keçirir: “İndi ermənilərin əvvəllər qeyri-qanuni yaşadığı, heyvan otardığı, bəhrələndiyi yerlər əllərindən çıxır. Bu halda necə olmalıdır? Təbii ki, hansısa formada etiraz, təxribat etməlidirlər. Onlar bizdən də yaxşı bilir ki, bu ərazilər qədim azərbaycan türkünündür”. F. Mustafa bu hadisələrdə üçüncü qüvvənin olmasını istisna etmir. Eyni zamanda bildirir ki, üçüncü qüvvə dedikdə daha çox Rusiya və İran nəzərdə tutulur: “Ancaq bölgədə savaşın yenidən başlaması Rusiya və İranın marağına uyğun deyil. Üstəlik, hər iki qonşu dövlət üçün indiki konfiqurasiya sərf edir. Xüsusilə Rusiya üçün. Müharibə onun nəyinə lazımdır? Orada yerləşib, müəyyən mənada sülhməramlı kimi fəaliyyət göstərir. Müharibə başlasa, rus əsgərinə də problem olacaq. Rusiya müharibə istəməz. Sadəcə, indiki vəziyyətdə ermənilərin daxilən barışmadığı implus var və bunu işə salıblar. Məncə, bu da uğursuzdur. Üç-dörd dəfə belə təxribata əl atdıqdan sonra, bizimkilər atəş açıb 2-3 nəfərin meyitini yerə sərdikdə ağıllanacaqlar”. Deputat sonda qeyd edib ki, Azərbaycan bu prosesi sona qədər aparmalıdır: “Aparmalıyıq, “apara bilərikmi?” məsələsi olmamalıdır. Müharibə başlayanda da deyirdik ki, qalib gələ biləcəyikmi? Amma qətiyyətimiz və ağlımız olandan sonra niyə prosesi sona kimi aparmayaq? Üstünlük bizdədir...”. Geri qayıt |