Əsas Səhifə > Partiya, Güney Press > ABŞ səfirliyi müxalifəti niyə iqnor edib

ABŞ səfirliyi müxalifəti niyə iqnor edib


11-02-2021, 09:13
ABŞ səfirliyi müxalifəti niyə iqnor edib
Son illərdə ABŞ səfirliyi, eləcə də Qərb institutları Azərbaycan müxalifəti ilə təmasları azaldıb. Halbuki əvvəllər belə deyildi. Siyasi partiyalarla, QHT rəhbərləri, müxalif medianın baş redaktorları ilə görüşlər keçirilirdi. ABŞ səfirliyi bu istiqamətdə ən aktiv səfirlik hesab olunurdu. Amma indi belə deyil. Səbəb nədir?

ALDP rəhbəri Fuad Əliyevin fikrincə, ABŞ səfirliyi iki səbəbə görə bu görüşləri keçirmir: “Birincisi, Tramp administrasiyası daha çox daxili siyasətə fikir verirdi. Tramp ABŞ iqtisadiyyatını yüksəltmişdi. Bu da Amerikanın dünyada mövqeyinin güclənməsinə səbəb olmuşdu. İkinci səbəb isə COVİD-19-u göstərə bilərəm. Karantin dövründə görüşlərin böyük formatda keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Ola bilər ki, təkbətək görüşlər olub.

Ona görə də, ABŞ səfirliyinin fəaliyyətsizliyi müşahidə olunub. Hesab edirəm ki, Bayden dövründə belə olmayacaq. Demokratlar Partiyası daha çox xarici siyasətinə üstünlik verir. Başqa ölkələrdə ”demokratiya" adı ilə inqilablara dəstək verirdi, ölkələrin daxili işlərinə qarışırdı. Amma son prezident seçkilərindən sonra ABŞ başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək".

AMİP Siyasi Şurasının üzvü Əli Orucov: “Mən ABŞ-ın Azərbaycandakı səfirliyinin nədən son zamanlar müxalifətlə və QHT-lərlə görüş keçirmədiyinin səbəblərini əminliklə deyə bilmərəm. Lakin bununla belə, öz versiyamı bölüşərək bildirmək istərdim ki, bu daha çox ABŞ-ın və Qərbin Azərbaycana olan diqqətinin və marağının azalması ilə bağlıdır. Yəni Birləşmiş Ştatlar Azərbaycanda demokratik dəyərlərin inkişafına və dəstəyinə o qədər də görünür ki, əvvəlki dövrlərlə müqayisədə ciddi yanaşmır. Vaşinqton və qərbli müttəfiqləri üçün enerji təhlükəsizliyi baxımından rəsmi Bakı ilə əməkdaşlıq önəm kəsb edir. Bizpost sovet ölkələrinə münasibətdə Azərbaycana səthi yanaşıldığının dəfələrlə şahidi olmuşuq. Müxalifət düşərgəsinin də səhvi onda olub ki, ABŞ və onun qərbli müttəfiqlərinə həddindən artıq ümid bəslənilib və çox şeylər gözlənilib. Digər səbəb isə ondan ibarət ola bilər ki, Qərb Azərbaycan hakimiyyəti ilə münasibətləri indiki kövrək geosiyasi məqamda korlamaq istəmir. Çünki Rusiya və İran amili ABŞ üçün çəkindirici rol oynayır. Məncə, sözügedən səfirlik müxalifətlə dialoq və əməkdaşlıq istiqamətində fəaliyyətini bərpa etməlidir. Bundan çəkinməməlidir. İkili əməkdaşlığın və təmasların hər iki tərəf, ümumilikdə isə, dövlətlərimiz üçün böyük faydası var. Alternativ əlaqələr və baxışların öyrənilməsi siyasi kursun da düzgün müəyyənləşdirilməsinə köməklik göstərir. Onu da etiraf etmək lazımdır ki, həm pandemiya, həm də ölkələrin daxili sosial iqtisadi problemləri səbəbindən də demokratiya məsələləri bir qədər arxa plana keçib və əlaqələrin inkişafına da neqativ təsirini göstərib. Ümid edirəm ki, bunlar da müvəqqəti xarakter daşıyacaq. AMİP olaraq biz bu əlaqələrin tezliklə bərpa edilməsində maraqlıyıq”.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva yaranan suallarla bağlı düşüncələrini “Yeni Müsavat”a belə şərh etdi: “Səfirliklərin Azərbaycanda müxalifət partiyaları, müxalif qüvvələr, gənclər təşkilatı , QHT-lər və s. bir sözlə, cəmiyyət institutları ilə görüşləri Azərbaycan siyasi sistemində həmişə mövcud olub və bu gün də davam edir. Lakin diplomatik nümayəndəliklərin cəmiyyət institutları ilə münasibətlərinin tənzimləməsində son 5 ildə yeni yanaşmalar mövcuddur. Bu yeni yanaşma təkcə Azərbaycanla bağlı deyil, bütün dünyada mövcuddur.

Haqqında danışdığımız yeni yanaşmanın formalaşmasının bir sıra əsasları var və bunlardan ən ciddisi məhz bütün dünyada real siyasi və cəmiyyət institutlarının fəaliyyətinin virtual fəaliyyətlə əvəzlənməsidir. Məsələ ondadır ki, sosial platformaların siyasi meydanlara çevrilməsi prosesi ilə real proseslərin virtual proseslərə transfer edilməsi baş verdi. Bu prosesin nədən ibarət olması üçün sırf Azərbaycan siyasi landşaftında, QHT sahəsində bu yeni şərtlərin nəyi dəyişdirdiyi barədə məqamlara baxmaq kifayətdir.

Son illər Azərbaycan siyasi həyatı bütün dünyada olduğu kimi, virtual siyasi-ictimai fəaliyyətin müxtəlif “çeşidləri” ilə bol bir sahədir.

Ölkədəki virtual müxalif siyasi landşaft bunlardan ibarətdir:

- Digər ölkələrdə baş verən proseslərdən mütəmadi həyəcanlanaraq buna oxşarların ölkədə yaşanması arzusunda olanlar;

- QHT sahəsini özü və qohumları vasitəsi ilə “monopoliya”a alaraq özündən başqa heç bir digər qrupu tanımayan mütəşəkkil QHT şəbəkəsi;

- Siyasi prosesləri ancaq və ancaq öz dar düşüncəsi və fərdi və qrup maraqları çərçivəsində öz bloqlarından abır- həya etmədən reallıq kimi qələmə verən bir “dəstə” yerli və mühacir gənc və qoca blogerlər, onların qohum qardaşlarından ibarət fan dəstələri və s.

Ölkənin həyatında ən mühüm siyasi hadisə olan seçkini boykot edən siyasi və ictimai nəzarət rolunu oynamalı olan QHT qrupu məntiqi olaraq istər Azərbaycanda, istərsə də dünyanın bütün yerlərində ölkədə təmsil olunan diplomatik nümayəndəliklərə cazibədar deyil.

Sırf Azərbaycanla bağlı qeyd etmək istədiyim xüsusi bir məqam var. Diplomatik korpusların və ayrıca ABŞ səfirliyinin Azərbaycanda siyasi qruplarla təmasları uzunmüddətli hesabda bu siyasi qrupların sıradan çıxması ilə nəticələndi.

Bu gün üçün reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti problemləri hökumətlə birbaşa və konsensus əsasında həyata keçirməyə daha çox maraqlıdır. Bu prosesdə vasitəçi olacaq müxalif siyasi qrupların xidmətinə inanılmır, çünki bu xidmətlər bir mandat əldə olunan kimi bitən, korporativ maraqlara xidmət edən təkliflər idi".
“Yeni Müsavat”

Geri qayıt