Əsas Səhifə > Partiya, Güney Press > "Dəmir yumruq" rüşvətxor məmurların başında çatlamalıdır
"Dəmir yumruq" rüşvətxor məmurların başında çatlamalıdır4-02-2021, 08:19 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət televiziyasında çıxışı zamanı məmurlara qarşı sərt, obyektiv tənqidi baxış ortaya qoyur. Ölkə rəhbərinin son çıxışında ən mühüm məqam hazırda Şuşa şəhərinə məmurların "zəbtetmə hücumu" oldu. "Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbiləşdirməsin". Rüşvətxor məmurlara qarşı amansız olan cənab Əliyevin sözügedən nitqindən sonra nazirlərin, eləcə də yüksək çinli məmurların səsi elə o kəsilən kəsildi, bir anlıq sükut yarandı. Fəqət, bu sükut da onları gizləndikləri stulların arxasında mötəbər saxlamayacaq. Prezidentin təndiqi yanaşmalı mövqeyi bizə rüşvətxor, korrupsioner məmurların sonunun yaxın zamanlarda gələcəyini vəd edir. Bəs məlum vəzifəlilərə qarşı ölkədə yeni "həbs dalğası" gözlənilirmi? Məsələni AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu "Şərq"ə belə şərh etdi: "Əgər məmurlara qarşı doğrudan da ciddi tədbirlər görüləcəksə, korrupsiya ilə mübarizədə özbaşınalıqlar əleyhinə sərt addımlar atılacaqsa, o zaman gərək məmurların 90 faizi cəzalandırılsın. Amma onlardan elələri var ki, artıq həddi keçiblər. Yəni onlar üçün qırmızı xətt və ya hər hansı bir cizgi qalmayıb. Bu baxımdan ilk növbədə həmin məmurlar cəzalandırılmalıdır. Əslində, cəzalandırma var, amma qismən cəzalandırılırlar. Onlara uzaq başı töhmət verilir, ya da xəbərdarlıq edilir. Sıralarında həbs olunanlar da var. Amma gərək onlar tutduqları vəzifədən uzaqlaşdırılsınlar. Həmin şəxslər üçün hüquqi ölçü götürülməlidir ki, bu da digərlərinə dərs olsun. Görün vəziyyət nə həddə çatıb ki, prezidentin özü bu tip məmurlara qarşı cəmiyyətə müraciət edir. Yəni bəlkə də onlara qarşı mübarizə biz gördüyümüz kimi sadə və bəsit deyil. Amma istənilən halda 44 günlük müharibədə elə bir düşmənə qalib gələn rəhbərlik təbii ki, xalqın etimadına və güvəninə əsaslanaraq dövləti belə məmurlardan da xilas etsin". Ə.Oruclu hesab edir ki, bu yöndə real addımların atılması bir neçə baxımdan məqsədəuyğundur: "Düşünürəm ki, bu, başqalarına bir növ siqnal olmalıdır. Eyni zamanda real addımlar da atılmalıdır ki, həm cəmiyyət, həm də digərləri görsün ki, səsləndirilən fikirlər sadəcə hədə-qorxudan ibarət deyil və bu, əməldə də həyata keçirilə bilər. Yəni "dəmir yumruq" hər yöndə öz fəaliyyətini göstərməlidir, xarici qüvvələrə qarşı, rüşvətxor məmurlara qarşı və s. Bu yumruq elə bir yumruqdur ki, çox şeyləri islah edir". Geri qayıt |