Əsas Səhifə > Partiya, Güney Press > “Düşmən ölkəni xilas etmək, ona nəfəslik vermək hələ tezdir”

“Düşmən ölkəni xilas etmək, ona nəfəslik vermək hələ tezdir”


23-01-2021, 08:42
“Düşmən ölkəni xilas etmək, ona nəfəslik vermək hələ tezdir”
İrəvan Türk Cümhuriyyətinin başqanı, Türkiyənin hazırda Ərciyəz Universitetində çalışan professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a geniş müsahibə verib. Gündəmin aktual mövzularını əhatə edən müsahibədə bir çox maraqlı məqamlar, vacib mesajlar və təhlillər var.

- Qafar bəy, bilirik ki, ermənişünas alim olaraq düşmən ölkənin gündəmini davamlı izləyirsiniz. İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan deyib ki, regionda böyük müharibə təhlükəsi qalmaqdadır və Ermənistan bu müharibəyə hazırlaşmalıdır. Ermənilərin revanşı və dedikləri kimi, müharibəyə hazırlaşmaları nə dərəcədə realdır?

- Bilməliyik ki, Ermənistan cəmiyyəti bu məğlubiyyətlə barışmır və müharibədən dərhal sonra ordunun yenidən qurulması və yeni müasir silahlar alınmasına başlanılıb. Revanşist fikirlər çoxalıb. Hər yerdə yeni bir müharibə hazırlığından söhbət gedir və Paşinyanı uzaqlaşdırıb dərhal savaşa başlayacaqlarını deyən siyasi liderlər var. Paşinyanın getməsini istəyən 17 siyasi təşkilat və terrorçu liderlər partizan müharibəsinə başlamağı hər gün söyləməkdədirlər. Həmin “17-lər”in vahid baş nazir kimi aralarından seçdikləri Vazgen Manukyan Türkiyəyə qarşı olan ölkələrlə dərhal danışıqlara getməyi təklif edir. Həm də bunlar Rusiyanı və İranı əsas müttəfiqlər olaraq görürlər. Müharibə durumunda regionda Rusiya və İranın Ermənistanı müdafiə edəcəyinə inananlar var. Bu gün ola bilsin ki, bu ittifaqlar real olmasın, amma bir neçə ilə Ermənistanı hərbi cəhətdən gücləndirə bilərlər. Müharibədən əvvəlki illərə nəzər salsaq, görərik ki, Ermənistanın xilaskarı və himayəçisi bu iki ölkə olub. İki gün əvvəl Ermənistandan İrana bir hərbi heyət səfər edib. İrandan silah almaq məsələsi gündəmdədir. Dediyiniz şərqşünas Vardan Voskanyanı tanıyıram, İran haqqında məqalə və kitablar yazıb, həmçinin farslarla ermənilərin eyni kökdən gəldiklərini “isbat” eləməyə çalışanlardan biridir. Ermənistanın indiki sıxışdığı vaxtda iranşünasların fəallaşması da o deməkdir ki, Ermənistan İranı özünə “kirvə ” tutmaq istəyir. Revanşı onlar təkbaşına edə bilməyəcəklərini anlayırlar. Bu bədbəxtlər anlamırlar ki, Bayden ABŞ hakimiyyətinə gələndən sonra ya Rusiyaya qarşı İranla əməkdaşlıq edəcək, ya da onun özü ilə bağlı Obamanın yerinə yetirməyə vaxtı çatmadığı işi başa çatdıracaq. Bəli, ehtimal edirəm ki, bölgə qarışacaq. Məhz ermənilərin əndişəsi budur, onların bizim torpaqlarda qurduqları “dövlətlər”ə son verilməsi qorxusu hər kəsdə var. Rəhbərliyimlə yaradılmış İrəvan Türk Cümhuriyyəti qarşıya qoyduğu ideyasını gerçəkləşdirmək imkanı da əldə edə bilər. Biz hər situasiyaya hazır olmalıyıq.

- Robert Köçəryan və dəstəsi müəyyən fasilədən sonra yenidən məhkəmə önünə çıxarılıb. Amma maraqlısı budur ki, Qarabağ klanı, Qarabağ erməniləri - bir dəstə istisna olmaqla - Köçəryanı, yaxud Sərksiyanı müdafiə etmir. Heç Köçəryanın kürəkəninin şok açıqlamaları da erməniləri tərpətmir. Sizcə, niyə? Bu, ermənilərin Paşinyana ciddi rəqib görmədiklərinin əlamətidir, yoxsa başqa səbəb var?

- Rusiya, konkret olaraq Putin keçmiş prezident Köçəryanı nə qədər müdafiə etsə də, onun Ermənistana yenidən rəhbər gətirilməsi mümkün deyil. O adama ölkədə nifrət var, məhz onun apardığı siyasət bu gün iflasa uğrayıb və bütün günahları yazıq Paşinyanın üstünə yıxmağa çalışırlar. Rusiya üçün Köçəryan bir müdaxilə, təzyiq vasitəsidir, zaman-zaman onu istifadə edir. Onun Putinlə də elə sarsılmaz dostluğu yoxdur. Harda dost olublar? Bir yerdə oxuyublar, bir yerdə işləyiblər, əsgərlikdə bir kazarmada yatıblar? Yox. Həm də onun bu gün məhkəmələrə çəkilməsi Paşinyanla da bağlı deyil. 2008-ci ildə 1mart hadisələrində 10 adam öldürülüb... Onların yaxınları Köçəryanın həbs edilməsini istəyir. Xalq çox gözəl bilir ki, bu adam 1999-cu ildə parlamentə basqını təşkil edənlərdən biridir. Qarabağda etdiyi cinayətləri də, korrupsiya və talançlığını da üstünə gəlsək, bu adam qatı cinayətkardır. Putin bunu müdafiə edə bilmir, onu yenidən hakimiyyətə gətirmək heç xəyalından da keçməz. Bu gün Ermənistanda ən reytinqli adam Paşinyandır. Ona görə də Rusiya bu adamla işləyir və “Soros uşağı” indi dönüb olub “rus uşağı”... O, bütün siyasətini Rusiyanın iradəsinə uyğun aparır.

- Müharibə dövründə və ondan sonrakı günlərdə Ermənistandan Moskvaya çox səfərlər oldu. Amma “Putinin dostu” Köçəryan daxil, heç kəs Rusiyadan siyasi dəstək ala bilmədi. Məntiqlə, Rusiya Sorosun dostundan imtina edib, özünə sadiq qüvvəyə “stavka” etməliydi, elə deyilmi?

- Əslində müharibə zamanı və ondan sonrakı dövrdə Moskvaya ermənilərin səfərləri nəticə vermişdi. Putin də bir dəfə dedi ki, Ermənistanla bağlı biz öhdəmizə düşən hər şeyi etmişik. Müharibə dövründə Rusiya Ermənistana silah yardımı da edib. İndi də Rusiya ermənilərə dəstək verir. Bu az işdirmi ki, Xankəndi və Qarabağın digər yerlərinə erməniləri daşıyıb yerləşdirir, onların qayğısına qalır? Gələcəkdə siyasi dəstək də verəcəyinə əminəm. Rusiya üçün heç fərqi yoxdur, kim onun maraqlarına xidmət edirsə ona “stavka” edəcək. Bu gün Paşinyan sözəbaxan, həm də gözükölgəli fiqurdur.

- Moskva görüşündən sonra Ermənistandakı əhval-ruhiyyə sizə nə deyir, ermənilər növbəti dərsdən ehtiyat edirlər, yoxsa bu, sadəcə manevrdir?

- Moskvadakı görüş əslində 10 noyabr 2020 bəyanatında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi baxımından Azərbaycanın qələbəsini təsbit etdi. Mənim üçün önəmlisi Mehridən Naxçıvana yolun açılması, kommunikasiyaların bərpa edilməsidir. Ermənilərin bundan çox narahat olduqları dilə gətirilir. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolu tutacaqsa, bu, onlar üçün də faydalı yöndən dəyərləndirilməlidir. Amma erməni cəmiyyəti bunu Paşinyanın növbəti diz çökməsi hesab edir. Ermənilər həmişə manevrlər edirlər, amma məğlub ölkə öz gücsüzlüyü ilə hesablaşmalıdır. Rusiya nöqteyi-nəzərdən baxsaq, Moskva bu sənədlə bölgədə söz sahibi olduğunu bir daha öz rəqiblərinə göstərdi. Mən ilk növbədə ABŞ, Fransa və bir çox məsələlərdə maraqlı olan başqa ölkələri nəzərdə tuturam.

- Sizcə, Lavrov statusun gələcəyə qaldığını deməklə sadəcə erməniləri sakitləşdirmək istəyirdi, yoxsa bu, Rusiyanın hansısa planının tərkib hissəsi, detalıdır?

- Lavrov bir ermənidir, hansısa mərhələdə erməniliyini göstərəciyini hesablamamız lazımdır. Rusiyanın digər yerlərdə, münaqişə bölgələrində olduğu kimi, burada da münaqişəni davam etdirmə istəyi var. İndiki halda ona nail olub. Lavrovun statusdan danışması həm erməniləri şirnikləndirmə cəhdidir, həm də “cəhənnəmə göndərilmiş” statusu bərpa etmək cəhdidir.

- Ağ Evin yeni sahibinin dönəmində ABŞ-ın Türkiyə və təbii ki, Azərbaycan siyasətinin necə olacağı da gündəmin əsas suallarındandır. Sizin qənaətiniz maraqlıdır...

- Əslində Amerikada çox da fərqində olmadığımız ideoloji mübarizə gedir. Amerikada qütləşmə yaşanır. Yevangelist qrupların qlobalistlərlə, yəni yəhudilərlə kəskin ideoloji mübarizəsinin şahidi oluruq. Bayden yönətimi üçün iç ideoloji fərqliliklərdən qaynaqlanan çətin bir dönəm olacaq. Baş verən hadisələri demokratlarla respublikaçıların çəkişməsi kimi deyil, daha çox dediyimiz dərin dövlətin təpkisi kimi qəbul etməliyik. 4 il ərzində Bayden trampizmi zərərsizləşdirə biləcəkmi? 6 yanvar olayları göstərdi ki, Amerikada bu problemlər dərinləşərsə, bu, çətin olacaq. Və Amerikanın Türkiyə ilə bağlı siyasətində dəyişikliklər də bunların fonunda baş verəcək. Bayden nə qədər ermənipərəst olsa da, o düşüncələrini həmin istiqamətdə davam etdirə bilməyəcək. Həm içəridən təpkilər, həm də ABŞ-ın regional siyasətinə yeni yön verilməsi Türkiyəsiz mümkün olmayacaq. Biz məcburuq Baydenin Türkiyə və Azərbaycan siyasətində yeni çalarlara alışaq. İnanmıram ki, onun səsləndirdiyi əvvəlki ermənipərəst düşüncələri rəsmi Amerika siyasətinin öncüllüyü olsun. Amerika Türkiyənin vazkeçilməzliyini anlayır, Bayden də buna əməl etməyə məcburdur. Amerika Qarabağ məsələsində söz sahibi olmağa, ermənilərə dəstək olmağa çalışacaq. Amma onun bu siyasətinin NATO ölkəsi Türkiyənin vasitəsilə həyata keçirilməsi Azərbaycan üçün faydalı ola bilər. Bizi çox ciddi diplomatik dövr gözləyir.

Ermənistan siyasi elitası ümid edir ki, Bayden gələndən sonra yenə Minsk formatında danışıqlar başlanacaq. Onlar Dağlıq Qarabağın işğaldan azad edilməmiş hissəsində hansısa bir irəliləyişə nail olacaqlar. Rusiya onlara ümid verir və həm də diplomatik jest göstərir. Amma bölgənin əsas oyunçusu Türkiyəni nəzərə almır. Türkiyənin varlığı Rusiyanın burada əvvəlki kimi at oynatmasının qarşısını alacaq faktorlardan biridir. Qarsdakı təlimlər də əslində bir gövdə göstərisidir, yəni sən artıq istədiyini edə bilməzsən. Lavrov statusun gələcəyə qaldığını deyə bilər, amma axı biz onu “gorbagor” etmişik.

- Türkiyə müşahidə missiyasının Qarabağda Rusiya hərbçiləri ilə birgə fəaliyyətə başlaması nə vəd edir? Ondan sonrakı situasiyanı necə təsəvvür edirsiniz?

- Bundan sonra da biz Türkiyəsiz bir çox prinsipial məsələləri həll edə bilmərik. Türkiyə artıq müşahidə mərkəzində ruslarla birgə fəaliyyətə başlayacaq. Türk ordusunun Rusiyanınkı qədər, hətta ondan da artıq sayda Azərbaycanda, Qarabağda olması şərtdir və tədricən biz bunları həll etməliyik. Bu isə daha çox Azərbaycandan asılıdır. Azərbaycan müstəqil dövlətdir və Türkiyə də Böyük Millət Məclisində artıq təzkirə çıxarmışdır ki, Türk Ordusu Azərbaycana gələ bilər. Biz artıq kimsədən çəkinməməliyik.

- Qafar bəy, məlumdur ki, 11 yanvar bəyannaməsinə əsasən, kommunikasiyaların açılması istiqamətində işlər aparılır. Yəqin ki, növbəti mərhələdə Türkiyə də Ermənistana qapılarını açmağa qərar verəcək, ən azı Mehri dəhlizi açılandan sonra. Amma bu, faktdır ki, Ermənistan nə Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyıb, nə də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkib. Üstəlik, gerbində Ağrı dağı, Konstitusiyasında isə hərbi doktrinasında düşmən saydığı Türkiyəyə ərazi iddiası. Bəs, bu məsələlər necə olsun? Ankara məsələ ilə bağlı qəti tələblər irəli sürə bilərmi?

- Mən hələ gözləmirəm ki, Ermənistan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistanda belə ovqat yoxdu. Həm də erməni diasporunun ciddi basqıları var. Bunu etməsi üçün Ermənistan 1991-ci ildə qəbul etdiyi Konstitusiya Aktından imtina etməlidir. Orada Türkiyənin Şərqi Anadolu vilayətləri Ermənistanın tərkib hissəsi elan olunub, Ağrı dağı da daxil. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bu günlərdə Ermənistan sərhədlərinin açılması ilə bağlı növbəti bəyanat verdi. Amma Ermənistandan dərhal təpki gəldi. Biri deyir ki, indiki ağır durumda sərhədlər açılsa, Türkiyə Ermənistana girəcək və buranı özününkü edəcək, digəri deyir ki, bizim iqtisadiyyatımızı çökdürəcək. Şübhəsiz ki, Türkiyə sərhədlərin açılması qarşılığında şərtlərini qoymalıdır. Onlardan birincisi, Konstitusiya Aktının ləğvi və ərazi iddialarından vazkeçmə tələbi olmalıdır. Digər tələb isə qondarma “erməni soyqırımı” iddialarından vaz keçilməsi olmalıdır. Əslində bu tələblər elə qoyulmalıdır ki, onlar Ermənistanı çətin duruma salsın. Düşmən ölkə illər uzunu bizə yaşatdıqlarının bədəlini ödəməlidir, onu xilas etmək, ona nəfəslik vermək hələ tezdir.

- Prezidentin Şuşa səfəri, ordan səsləndirdiyi mesajlar yəqin sizin də diqqətinizi cəlb etdi. Necə bilirsiniz, Xankəndi erməniləri baş verənlərdən və xəbərdarlıqlardan dərs çıxaracaqmı?

- Prezident İlham Əliyevin Şuşaya getməsi elə onlara bir xəbərdarlıqdır. Ermənilərin ayrı çıxış yolu yoxdur. Ya burada Azərbaycanın qanunları ilə yaşamalıdırlar, ya da yol açıqdır, dəhliz də vermişik, ruslar da onların təhlükəsiz çıxıb getmələrini təmin edir. Getməlidirlər! Amma hələ olanlar deyəsən, dərs çıxarmayıblar. Dərs çıxarmayacaqlarsa, “Dəmir yumruq” başlarının üstündə olacaq. İlham Əliyev bir daha dedi: status olmayacaq, onlar buna ümid etməsinlər!

- “Türkiyə niyə danışıqlar masasında yoxdur” sualı savaşdan sonrakı günlərdə tez-tez eşidilir. Bu suala sizin cavabınız necədir?

- İndiki anda hansısa masa yoxdur ki, Türkiyə də orada olsun. Türkiyənin “sahədə və masada olacağıq” bəyanatını umutmayaq. Sahədə nə şəkildə olduğunu bilirik. Danışıqlar masasında isə vaxtı gələndə mütləq olacaq. Türkiyəsiz bölgənin heç bir məsələsi həll edilə bilməz. Əlbəttə, bunun üçün müəyyən maneələr mövcuddur, amma onu aşmaq qətiyyəti də var. Türkiyə diplomatiyası reklam diplomatiyası deyil, zamanın verdiyi imkanlardan yararlanma diplomatiyasıdır. Bəzi hallarda bu, onun geri çəkilməsi kimi də görünə bilər. Amma heç bir halda bu, ümidsizlik yaratmamalıdır.

Geri qayıt