Əsas Səhifə > Partiya, Güney Press > “Sovet yanaşması deyil ki, nəsildə-kökdə biri xətaya yol veribsə, hamısına cəza şamil olunsun”

“Sovet yanaşması deyil ki, nəsildə-kökdə biri xətaya yol veribsə, hamısına cəza şamil olunsun”


15-01-2021, 08:53
“Sovet yanaşması deyil ki, nəsildə-kökdə biri xətaya yol veribsə, hamısına cəza şamil olunsun”
Atalara görə oğullar məsuliyyət daşımır, ya da onların hərəkətlərinə cavabdeh deyillər. Bu arqument tez-tez səslənir. Necə ki, atalar da oğullara görə təqsir yükünü çiyinlərində gəzdirmirlər. Halbuki 4-5 il qabaq məmur övladlarının qudurğanlığı, avtoxuliqanlığı, ölümə səbəb olan özbaşına hərəkətləri onların başında çatlayırdı. Həmin məmurlar vəzifədən azad edilirdilər, bizneslərini itirirdilər, xalqın lənətinə tuş gəlirdilər, Prezident tərəfindən belələrinə xəbərdarlıqlar olunurdu. Bu hallar son dövrlərdə, xüsusən 2018-ci ildən başlanan əsaslı dəyişikliklərdən sonra müşahidə olunmur.

İndi hansısa harınlamış məmur balasının, ya da milyonçu oliqarxın qudurğan hərəkətinə rast gələ bilməzsiniz. Onların əl-ayağı elə yığışdırılıb ki... Əksinə, hazırda cəzalandırılan məmurların belə övladlarına vəzifə verirlər, onları atalarından fərqləndirirlər. Məsələn, həbsdə olan iki sabiq icra başçısının oğullarına prokurorluqda yeni vəzifələr verilib.

“Yeni Müsavat” xatırladır ki, İmişlinin rüşvətlə tutulan, evindən külli miqdarda avrolar çıxan keçmiş başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin olunub. Eynilə Ağstafanın korrupsiya ilə həbs olunan sabiq rəhbəri Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin olunub. Habelə, bugünlərdə həbs edilən “Azərxalça” İdarə Heyətinin ədri Vidadi Muradovun oğlu da dövlət vəzifəsində qalır. Sosial şəbəkə fəalları bu qərarları birmənalı qarşılamır.

Kimisi ataya görə övladın məsuliyyət daşımadığı qənaətindədir, kimisi isə cəzalanan məmurların övladları ilə könüllərinin alındığı bildirilir. Lakin demək lazımdır ki, bu, təsadüfə oxşamır. Belə görünür ki, ortada ölkənin siyasi rəhbərliyinin iradəsi var. Əks halda, hansısa qurum rəhbərliyi atası rüşvətlə həbs edilən keçmiş məmurun övladını vəzifələndirməyə cəhd göstərməzdi. Doğrudur, onlara verilən vəzifəyə o dərəcədə yüksək ranqlı deyil. Biri müstəntiq, digər prokuror köməkçisidir. Amma istənilən halda orqanda çalışırlar.

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a söylədi ki, hər kəs əməlinə görə cavab verir: “Sovet yanaşması deyil ki, nəsildə-kökdə biri xətaya yol veribsə, hamısına cəza şamil olunsun?! Bu, bolşevik yanaşması idi. Sovet dövrünün bu cür anormal seçimi idi. Azərbaycan isə demokratik ölkədir və hər fərdə öz şəxsi keyfiyyətlərinə, vətəndaşlıq mövqeyinə görə dəyər verilir. Hansısa məmurun öz günahı ucbatından vəzifədən kənarlaşdırılması, yaxud barəsində cinayət işi açılması övladlarına şamil edilə bilməz, qətiyyən doğru deyil. Ümumiyyətlə, bizdə belə bir yanaşma yoxdur. Çünki ataya görə övlad məsuliyyət daşımır və yanaşmanın özü düzgün deyil”.

F.Ağamalı övladın əməlinə görəsə valideynin məsuliyyət daşıdığını düşünür: “Onu tərbiyələndirən, formalaşdıran valideyndir. Ancaq valideynə görə övladın məsuliyyət daşıması müzakirə mövzu belə ola bilməz”.

Müxalifətdə olan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda həmişə valideyn-övlad münasibətlərindən asılı olaraq, valideyn məsuliyyət daşıyırdı. Onun fikrincə, müxalifət valideynləri də vaxtilə çox incidilib: “Eləcə də övladın da incidilməsi halları olub. Sözügedən şəxslərə gəlincə, ataları həbs edildikən sonra sərəncama götürülmüşdülər. Lakin görünür ki, hakimiyyət siyasətini dəyişib. Əgər məmur cinayət törədibsə, buna görə özü məsuliyyət daşıyır, övladının sıxıntıya məruz qalması düzgün deyil. Hərçənd həmin uşaqlar atalarının təsiri ilə vəzifəyə sahiblənmişdilər. Amma madam ki, onlara vəzifə verilib, atalarına görə incidilməli deyillər. Ola bilsin ki, burada həbs edilən məmurların könlünü almaq məqsədi də güdülür”.

Partiya sədri hesab edir ki, bu, həm də hakimiyyətin məmurlara mesajıdır: “Hazırda vəzifədə olanlar bilsinlər ki, cinayət törətdikdə özləri məsuliyyət daşıyacaq, övladlarına hər hansı formada cəza verilməyəcək. Bu, müxalifətə yanaşmada da müşahidə olunmalıdır. Mənə elə gəlir ki, hakimiyyətin yeni siyasətində bu amillər nəzərə alınacaq”.

Geri qayıt