Əsas Səhifə > Partiya, Güney Press > - “Qarabağdakı ermənilərə Rusiya pasportu veriləcəksə...”

- “Qarabağdakı ermənilərə Rusiya pasportu veriləcəksə...”


15-01-2021, 08:14
- “Qarabağdakı ermənilərə Rusiya pasportu veriləcəksə...”
Müzəffər Azərbaycanın Ordusu 44 günlük Vətən savaşından qalib çıxdı. Sentyabrın 27-də əks-həmlə ilə hücuma keçən ordumuz qısa zamanda düşmənə ağır zərbələr vurdu. 10 noyabr 2020-ci il Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan bəyanat əslində tarixi qələbəmizin rəmzi, düşmənin təslim olması idi. Buna rəğmən cəmiyyətimizdə müəyyən narahatlıqlar var. Məlumdur ki, üçtərəfli bəyanata əsasən rus və türkiyəli hərbçilər bölgədə sülhün təmin edilməsini həyata keçirməlidirlər. Lakin işğalan azad olunan Hadrut qəsəbəsində törədilən silahlı təxribatlardan göründü ki, ruslar bunu yerinə yetirmək istəmirlər.

Bunun ardınca Şuşada və Xankəndidə atəş səslərinin eşidilməsinə dair də xəbərlər yayılmağa başladı. Bütün bunlar Ermənistanın və Rusiya sülməramlılarının üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsinə dair iddialara yol açdı.Nəticədə yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan başçıları müharibədən sonra ilk dəfə Moskvada üz-üzə gəldilər. 4 saat davam edən görüşdə bəzi məsələlər müzakirə olundu. Müəyyən mətləbərə aydınlıq gətirildi, amma bir sıra suallar hələ də cavabsız qalıb,
Məsələ ilə bağlı mövcud durumu daha ətraflı təhlil etmək üçün keçmiş Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə həmsöhbət olduq.

-Sizcə, 44 günlük müharibəni tam qələbə hesab edə bilərikmi?

-Ordumuz Vətən müharibəsində böyük şücaət göstərdi. Erməni terrorçu dəstələri və Ermənistanın rəsmi hərbi hissələri Qarabağ vilayətinin əksəriyyətini öz nəzarətlərində saxlayıblar. Bu, 10 noyabrda imzalanan sənəddə də ifşa edilib. Ona görə də qarşıdakı dönəmlərdə həmin əraziləri düşməndən azad etmək və orada qanunsuz hərbi birləşmələri tərkisilah etmək lazımdır. Lakin bu, müəyyən zaman tələb edir. Cəmiyyətdə müəyyən narahatlıqlar var. Çünki faktiki olaraq hər şey həmin ərazilərdə başlamışdı. Bir zamanlar həmin ərazilərimizə istinadən 7 rayonumuz da işğal edildi. Ona görə də Azərbaycan cəmiyyəti yenidən həmin ərazilərdə xarici qüvvələrin köməyi ilə yeni bir revanşın başlamasından narahatdır. Buna rəğmən, çox böyük hərbi qələbə qazanmışıq. Düşmən ordusu darmadağın edilib və torpaqlarımız azad edilib. Bu, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra tariximizdə ən mühüm hadisəsidir.

-Hadrutda törədilən təxribatlar barədə nə düşünürsüz? Rusiya sülhməramlıları bu proseslərə niyə nəzarət etmir?

-Əlbəttə ki, rus sülhməramlılarının bölgəyə gətirilməsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Fikrimcə, bu qərar Azərbaycan hakimiyyəti üçün də o qədər asan olmayıb. Rus sülhməramlıları ermənilərin darmadağın edilmiş hərbi hissələrinin məhv edilməsinin qarşısını aldılar. Faktiki olaraq isə Rusiya hazırda Qarabağdakı ərazilərimizi qüdrəti altına almaq məqsədi güdür. Bu baxımdan cəmiyyətimiz rus sülhməramlılarının fəaliyyətinə birmənalı yanaşmır. Ona görə də narazıdırlar və müəyyən etirazlar var. Bu gün Azərbaycanın siyasi gündəmində Rusiya sülhməramlılarının bölgədən mümkün qədər tez çıxarılması müzakirə edilir.

-Bəs, çıxmaları mümkündür?

-5 ildən sonra tərəflərdən biri tələb etsə, çıxmalıdır. Üçtərəfli sənədin bəzi maddələri var. Bunların yerinə yetirilməsi pozulursa və sülhməramlılar kənar işlərlə məşğul olacaqsa, terrorist qüvvələri himayə edəcəksə, erməni əhalisinə Rusiya pasportu verəcəksə, bu məsələ Azərbaycan tərəfindən qaldırıla bilər. Fikrimcə, təxribatlar rus sülhməramlılarının bölgədən çıxarılması ilə nəticələnəcək.

- Yanvar 11-də Moskvada baş tutan üçtərəfli görüş nə vəd etdi?

-Belə görüşlər hələ çox olacaq. Prinsip etibarı ilə nə isə əldə etmədiksə, itirdiklərimiz də olmadı.

- Bu görüşdə nə üçün Türkiyə masada olmadı və qarşıdakı dönəmlərdə bunun şahidi ola bilərikmi?

-Əslində səbəb aydındır. Rusiya bu məsələni öz inhisarında saxlamaq istəyir. Ona görə də Türkiyənin Cənubi Qafqaza hüquqi və legitim şəkildə gəlməsinə mane olmağa çalışır. Lakin mənə elə gəlir ki, uzun müddət belə davam etməyəcək. Türkiyə görünməz şəkildə Moskva masasında idi. Türkiyəsiz əldə olunmuş razılıqların hansısa perpektivi şübhə altındadır. Müəyyən addımlar atılır. Artıq bu gün Türkiyə Xarici işlər nazirinin belə bir açıqlaması oldu ki, Minsk qrupunun bərpa edilməsi gündəmə gələ bilər. Məlumdur ki, Rusiya hazırda bunu istəmir. Güman edirəm ki, hələlik tarixi savaşda diplomatik cəhətdən mövqeyimiz birmənalı olmalıdır. Çünki tam siyasi əsaslarla Rusiyanın olduğu qədər Türkiyənin də danışıqlarda iştirakına nail olmaq lazımdır. Bu, həm Azərbaycanın marağına uyğundur, həm də təhlükəsizliyin təminatı üçün əsas şərtlərdən biridir.

Geri qayıt