Əsas Səhifə > Partiya, Güney Press > "Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır"
"Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır"14-01-2021, 08:46 |
Paşinyan bu vecsiz təşkilatın qayıtmasını istəyir, Ərdoğan isə onların 30 ildə görə bilmədiyini Türkiyənin 44 gündə həll etdiyini söyləyir; Razi Nurullayev: “Diplomatik dildən açıq sözə keçmək lazımdır, Minsk Qrupunun bizə lazım olmadığı deyilməlidir” Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan can atırdı ki, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesinə cəlb edilməsinə nail olsun. Baxmayaraq ki, nə Azərbaycan Prezidenti İlham Əliyev, nə rusiyalı həmkarı Vladimir Putin Minsk Qrupu haqda bir kəlmə danışdılar. Elə Minsk Qrupunun iki həmsədri Bakıya təşrif buyurarkən də İ.Əliyev onların üzünə açıq şəkildə söyləmişdi ki, sizi dəvət etməmişik, öz təşəbbüsünüzlə gəlmisiniz, sözünüz varsa, kameralara söyləyin. Bu münasibətin özü göstərirdi ki, rəsmi Bakı Minsk Qrupunun vecsiz fəaliyyətindən cana doyub və münaqişənin həllində yenidən vasitəçiliyindən imtina edir. Çünki 30 il ərzində Minsk Qrupu turistik səfərlərlə məşğul olub və Qarabağ probleminin həllində bir qarış irəliləyişə nail olmayıb. Onun və BMT-nin görməli olduğu işi Ordumuz icra edib. Paşinyanın bu istəyinin gözündə qalacağını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də dolayısı ilə ifadə edib. Ərdoğan deyib ki, Minsk Qrupunun 30 ildə görə bilmədiyini Türkiyə 44 gündə həll etdi. Bunun özü də maraqlı və ikibaxışlı bəyanatdır. Əvvəla, Türkiyə lideri Minsk Qrupunun lazımsız olduğunu nəzərə çatdırıb, eyni zamanda qardaş ölkənin müharibədə iştirakını açıq vurğulayıb. Azərbaycan tərəfi Türkiyənin 44 günlük savaşda bizə yalnız siyasi-mənəvi dəstək verdiyini bəyan edir, Ərdoğan isə açıqca bu savaşı Türkiyənin yaxından iştirakıyla udduğumuzu söyləyir. Əslində Türkiyənin Vətən savaşında bizə hərbi dəstək verdiyini gizlətməyin əhəmiyyəti yoxdur. Qardaş ölkənin “Bayraktar” adlı pilotsuz uçuş aparatlarının əvəzolunmaz rolunu qeyd etmək lazımdır. Odur ki, Ərdoğan Minsk Qrupunun gedib özünə başqa iş tapmalı olduğunu demək istəyir. Elə rəsmi Bakı da sıfıra qayıtmağın tərəfdarı deyil. Siyasi təhlilçilərin fikrincə, Minsk Qrupu yenidən qayıdarsa, bundan Azərbaycan ziyan görə bilər. Münaqişənin həlli üçün indiyədək heç nə etməyən təşkilatın indən belə hansısa faydalı iş görəcəyi inandırıcı görünmür. Əgər effektiv fəaliyyəti olsaydı, ən azından hansısa məsələlər həllini tapardı. Amma bu illər ərzində səyahət edən Minsk Qrupunun həmsədrləri Qarabağ probleminə iş, qazanc predmeti kimi yanaşıblar. Bəs bu qurumdan yaxamızı necə qurtara bilərik? Onların qayıdışı bizə lazımdırmı? Hansı halda qayıda bilərlər? Bunun mənfi tərəfi nədir? Digər tərəfdən, Minsk Qrupu qayıdırsa, onun 11 üzvündən biri olan Türkiyənin həmsədrlik mandatı məsələsi qaldırılmalıdır. Necə ola bilər ki, ermənipərəst Fransa həmsədr dövlətdir, Ermənistanın müttəfiqi olan Rusiya həmsədrdir, amma Türkiyə həmsədrlikdən kənarda qalır? Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupunun geri qayıtması hansısa mərhəldə mümkün olacaq. Deputatın sözlərinə görə, onların xidmətindən birdəfəlik imtina mümkün deyil: “İndiyə qədər Rusiya, ABŞ, Fransa, eləcə də Azərbaycan və Ermənistan rəsmi şəkildə Minsk Qrupunun lazımsız olduğunu dilə gətirməyib. Bu baxımdan onların nə zamansa yenidən fəaliyyəti olacaq. Amma Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır". R.Nurullayev qeyd etdi ki, hazırda Rusiya Qarabağla bağlı meydanda effektiv, nəticəsi olan yeganə oyunçudur və vəziyyətin belə də qalmasını istəyir: “Rusiya prezidentinin Minsk Qrupunun geri qayıtmasına marağı yoxdur, ona görə prosesi uzadacaq. Amma gec-tez Minsk Qrupu qayıdacaq. Onların qayıdışının region ölkələrinə, iştirakçı dövlətlərə heç bir xeyri yoxdur. Çünki Minsk Qrupu yenidən Qarabağın statusunu, “Dağlıq Qarabağ münaqişəsi” sözünü dilə gətirək. Bu da problemin birdəfəlik həllinə mane olur. Azərbaycana Minsk Qrupu lazım deyil və biz problemi həll etmişik. O baxımdan onların gəlməsi bölgədə sülhün yaranması cəhətdən nə bizə, nə Ermənistana, nə regiona faydalıdır. Odur ki, diplomatik dildən açıq sözə keçmək lazımdır, Minsk Qrupunun bizə lazım olmadığı deyilməlidir". Geri qayıt |