Əsas Səhifə > Partiya, Güney Press > "Axı, o, mənə qəhrəman adı verin" deyə bilməz"
"Axı, o, mənə qəhrəman adı verin" deyə bilməz"7-01-2021, 15:58 |
Müharibə bitdi. Savaşın dumanı da yavaş-yavaş çəkilməyə başlayır. Cəmiyyətdə savaşdan sonrakı müəyyən məsələlərlə bağlı müzakirələr aparılır. Əsas müzakirə mövzularından çıxan sualları millət vəkili Aqil Abbasla müzakirə etdik. İnsanların sosial şəbəkələrdə, ictimai müzakirələrdə bir-birilərinə ünvanladıqları sualları biz də deputat Aqil Abbasa ünvanladıq. Deputat Aqil Abbasın Publika.az-a müsahibəsini təqdim edirik: - Aqil müəllim, müharibə başa çatdı. Ölkəmiz 30 il sonra ərazi bütövlüyünü bərpa etdi. Sizcə, bundan sonra hərbi xərclərimizi azaltmalıyıqmı? Hərbi sahəyə ayrılan xərcləri başqa sahələrə yönəltməliyik, yoxsa ordumuzun arsenalını daha da gücləndirməliyik? - Heç bir halda hərbi xərclərimiz azaldılmamalıdır. Çünki düşmən qapıdadır və hər an sarsaqlaya, həddini aşa bilər. Son vaxtlar özlərini aparmaqları da bunu göstərir. İstənilən halda hərbi büdcəmizi diqqətdə saxlamalıyıq. Orduya ayrılan vəsaitləri azaltmalı deyilik. - Müharibə bitsə də Ermənistanın yüksək çinli məmurları, hərbçiləri sülhməramlıların nəzarətində olan Xankəndinə yenə səfərlər edirlər. Sizcə, Azərbaycan tərəfi məsələyə hansı reaksiyanı göstərməlidir? - Azərbaycan tərəfi yəqin ki, bunun qarşısını alacaq. Hərbi qüvvə gələrsə, buna reaksiya verəcək. Rəsmi Bakı bununla bağlı Rusiya tərəfi ilə, sülhməramlılarla ciddi danışmalıdır. Ermənistan-Azərbaycan dövlət sərhəddindən bu tərəfə silahlı şəxs keçə bilməz. Əgər bu baş verərsə, Azərbaycan bunu zərərsizləşdirməlidir. Bilmirəm, Laçın dəhlizində Azərbaycanın postları varmı, yəqin ki, var. Belə olan təqdirdə, Xankəndinə gedən hər bir erməni Azərbaycan Bayrağının altından keçib getməlidir. Hazırkı durumda bizim sərhədçilərimiz buna nəzarət etməlidir, yəqin ki, bir müddət sonra orada gömrük postlarımız da qurulacaq. Müəyyən məsələlər də rusiyalı sülhməramlıların qarşısına ciddi şəkildə qoyulmalıdır. Əks halda, silahlı adamlar Azərbaycan tərəfindən zərərsizləşdirilməlidir. Çünki artıq o, terrorçudur. Bunu möhtərəm Prezident də deyib. - Aqil müəllim, terrorçu demişkən, Ermənistan tərəfi Xocavənd istiqamətində axırıncı silahlı toqquşamalardan sonra tərksilah edilən erməni yaraqlılarının terrorçu kimi həbs olunmamasını, Ermənistana qaytarılmasını tələb edirlər. Sizin bu məsələyə münasibətiniz necədir? - Belə ola bilər ki, onların bəziləri silahlarını ataraq həm bizim əsgərlərdən qaçıb meşələrdə gizləniblər, həm də döyüşmək istəməyiblər, belələrinin silahı yoxdursa, əliyalındırsa, bu barədə nəsə düşünmək olar. Silahsız adam terrorçu deyil. Amma kimsə müqavimət göstərirsə və təslim olmaq istəmirsə və zərərsizləşdirilirsə, onlar terrorçudur. Belələri ya yerindəcə məhv edilməli, ya da həbs olunamlıdır. - Müharibədən sonra 90 mindən çox hərbçimiz göstərdikləri şücaətə görə mükafatlandırıldılar, təltif olundular. Bəzi döyüşçülər isə diqqətdən kənarda qaldıqlarını deyirlər... Axı kimsə Vətən üçün döyüş meydanına hansı fəxri ad, sosial imtiyaz üçün getməməlidir... - Layiq olan heç kəs diqqətdən kənarda qala bilməz. İstəyirlər ki, bir günün içərisində hər şey həll olunsun; yaralıların hamısı sağalsın, onlara qayğı da başqa cür olsun. Görürsünüz, Prezidentin yaralılar, döyüşçülərlə bağlı ard-ard imzaladığı sərəncamlar var, onlar göz önündədir. Burada bir məsələ də var, tutaq ki, kimsə müharibənin bitməsinə 3-4 gün qalmış azad edilmiş torpaqlarda arxa müdafiə xəttində oturub, heç bir döyüşdə də iştirak etməyib. Tutalım, Füzulinin, Ağdamın hansısa kəndində olub, döyüşlərə də qatılmayıb. Axı, "o, mənə qəhrəman adı verin" deyə bilməz. Bu da olmaz. İndi siyahılarda müəyyən nöqsanlar da var, yəni, hərbi hissə komandirləri bəzən müəyyən nöqsanlara yol verirlər. Daha doğrusu, döyüşçülərini düzgün qiymətləndirməyiblər. Həmin döyüşçülər də zaman-zaman öz haqlarını alacaqlar. Təqdimatları verən hərbi hissə komandirləridir. Gərək onlar diqqətli olsunlar, kim nə cür döyüşübsə, o cür də qiymətləri verilsin. Nəticədə bu cür hallar narazılıqlara səbəb olur. Amma Qarabağda döyüşənlərdən heç kəs diqqətdən kənarda qala bilməz və qalmayacaq da... - Aqil müəllim, bir çox döyüşçülər isə hesab edir ki, onlar üçün ən böyük mükafat elə torpaqlarımızın azad olunmasıdır. Siz necə düşünürsünüz? - Bilirsiniz, həmin uşaqlar döyüşə gedəndə ağıllarına da gəlmirdi ki, onlara Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman adları, Qarabağ ordeni və ya hər hansısa bir medal verəcəklər. Onlar torpağı xilas etməyə getmişdilər. Onlar medal uğrunda yox, torpaq uğrunda silaha sarılmışdılar. Amma təbii ki, dövlət də onların qiymətini verməlidir və qiymətləndirir. Döyüşə gedənlərin medal uğrunda müharibəyə getmələrinə inanmıram. Əsgər, zabit torpağını, millətinin namusunu, qeyrətini qorumaq üçün gedib. Babək Səmidli, yaxud Raquf Orucov, Polad Həşimov fikirləşirdi ki, ona Milli Qəhrəman adı verəcəklər?! Onlar torpağını qorumağa gediblər, başqa heç nə fikirləşməyiblər. - Məcburi köçkünlərimizin Xankəndi, Ağdərə, Xocavənd, Xocalıya qayıtmaları ilə bağlı cəmiyyətimizdə müəyyən narahatlıqlar var. Ermənistan tərəfi razılaşmaya əməl etməyə, məcburi köçkünlərimizin geri qayıtmasına maneə yarada bilərmi? - Ermənistan qələt edir. Üçtərəfli razılaşma var və üç ölkə bu sənədə imza atıb. Yavaş-yavaş Xocalıdan olanlar Xocalıya, ağdərəli Ağdərəyə qayıdacaq. Bunun üçün zaman lazımdır. Hələ ki, iş gedir. Ərazilər minalardan təmizlənir. Ağdərənin kəndlərində yaşayan camaat da öz kəndlərinə geri dönəcək. Sırxavəndə, Narışalara, Bağlıpəyəyə, Ağdabana və sair... Hamı öz yurduna qayıdacaq. Bunun üçün şərait və zaman lazımdır. Bu gün camaatı aparıb Xocalıya tökək, nə yeyib-içəcəklər, harada işləyəcəklər, nə əkib-biçəcəklər?! Gərək onlar üçün müəyyən infrostruktur da qurula... - Bəs siz özünüz Ağdamda evinizi nə zaman tikəcəksiniz? - Gedib həyətimizi, məhləmizi, küçəmizi minalardan təmizlətmişəm. ANAMA-nın əməkdaşları sağ olsun, təmizləyiblər. Dövlət icazə verən kimi gedəcəyəm. İndi mən gedib partizanlıq edib evimi tikirəm - deyə bilmərəm. Bu olmaz. Hər şeyə dövlət icazə verməlidir. Tikintiyə icazə veriləndə birinci mən gedib öz evimizi tikəcəyəm. Təkcə mən yox, yüzlərlə ağdamlı gedib öz evini tikəcək. Hətta Ağdamda evi olmayanlar, Quzanlıdan, İmamqulubəylidən olanlar... Şahir Rüstəmov var, Konstitusiya Məhkəməsində aparat rəhbəridir, o İmamqulubəylidəndir, onun evi yanmayıb, həmin kənd işğal edilməyib. Xalq artisti Mənsum İbrahimov... Quzanlıdandır, Ağdamın özündə evi yanmayıb. Onlar mənə deyirlər ki, icazə verilən kimi gedib bir dostumuza, imkansıza ev tikək. Bu qəbildən xeyli adlar saya bilərəm. Mənə bununla bağlı xeyli zənglər gəlir. Çünki mən bununla bağlı ağdamlılara müraciət etmişdim. Geri qayıt |