Əsas Səhifə > Partiya, Güney Press > “Mən də Xalq Cəbhəsinin adından danışdım...”

“Mən də Xalq Cəbhəsinin adından danışdım...”


6-01-2021, 08:56
“Mən də Xalq Cəbhəsinin adından danışdım...”
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati tərkibinə daxil olan Kərki kəndi 1990-cı ilin əvvəlində Ermənistan tərəfindən işğal olunub. Kəndin adı Tiqranaşenə dəyişdirilərək, Ararat vilayətinin tərkibinə daxil edilib.

İki gün öncə erməni politoloq Qrant Məlik Şahnazaryan deyib ki, Zəngəzurda gedən delimitasiya və demarkasiya prosesləri fonunda Naxçıvanın işğal olunmuş Kərki kəndi də Azərbaycana qaytarılacaq.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, ermənilər Kərki kəndi ilə bağlı hələ 1960-cı illərdə bir oyun oynamışdılar və kənd Ermənistan ərazisinin içində qalmışdı: “Kərki kəndi ilə Sədərək arasında torpaq sahəsi var idi. Həmin sahə Sədərəkin inzibati ərazisi idi. Yol da oradan keçirdi. 1960-cı illər olardı, həmin torpaq sahəsi Ermənistana verildi. Belə əsaslandırıldı ki, guya ermənilərin əkin-biçin sahəsi azdır. Təxminən 10 kilometrlik həmin torpaq sahəsi, oradan keçən yol ermənilərə verilməklə Kərki kəndi anklav vəziyyətə düşdü. Sədərəkin inzibati ərazisi olan Kərki ermənilərin əhatəsində qaldı. Sovet dövründə kəndin əhalisi ermənilərə verilən həmin ərazidən keçərək Sədərəkə gedib gəlirdilər. Kərki kəndi çox strateji mövqedə yerləşir. Ermənistanın əsas magistrallarından birinə tam nəzarət eləməyə imkan verir. Kənd hündür, çox səfalı yerdədir. Kərki kəndində 60 ev ancaq olardı. 1989-cu ildə Qarabağ hadisələri başlayandan sonra Kərki kəndinin əhalisi üçün ciddi problemlər yaşanmağa başlanmışdı. Gediş-gəliş problemi meydana gəlmişdi. 1990-cı ildə kəndin boşaldılmasında şəxsən mən özüm iştirak eləmişəm. Naxçıvan Vilayət Partiya Komitəsinin o vaxtkı birinci katibi Afiyəddin Cəlilov məni çağırıb dedi ki, Bakıdan rəsmi şəxslər gəlib gedirik Kərkiyə, sənin də getməyini lazım bilirəm. Bakıdan daxili işlər naziri Məhəmməd Əsədov gəlmişdi. Biz getdik Kərkiyə. Ermənistanın daxili işlər naziri və Ali Sovetinin sədri də gəlmişdilər oraya. Camaat kəndi tərk etmək istəmirdi. Afiyəddin Cəlilov dedi ki, proseslərin gedişi Ermənistanla münasibətlərin daha da kəskinləşəcəyini göstərir və bu halda biz Kərki kəndini müdafiə edə bilməyəcəyik və camaatı mühasirədə qıracaqlar. Ona görə də indidən əhalini çıxarmalıyıq. Kəndə əhali ilə görüş oldu. Afiyəddin Cəlilov, Məhəmməd Əsədov çıxış elədi. Mən də Xalq Cəbhəsinin adından danışdım. Bizim o vaxt camaat arasında böyük hörmətimiz var idi. Vəziyyəti izah etdim, dedim ki, siz mühasirədəsiniz və bizim sizi müdafiə etməyə gücümüz çatmayacaq. Bir azdan ermənilər bu kəndə hücum edəcəklər. Camaat onları ciddi təhlükənin gözlədiyinə əmin olduqdan sonra bizim razılaşdılar və iki saat ərzində köçlərini yığdılar və əhali kənddən köçdü. Afiyəddin Cəlilov dedi ki, sən camaatla get Naxçıvana, mən gedirəm İrəvana. Dedim ki, İrəvana nəyə gedirsiz? Cavab verdi ki, mən Ermənistan Ali Sovetinin sədri ilə partiya məktəbində bir yerdə oxumuşam, məni İrəvana dəvət edib. Biz Kərki kəndindən əhali ilə birlikdə çıxdıq gəldik Naxçıvana. Kəndin boşaldılması bax bu cür baş verib. Müharibə alovlanandan sonra da ermənilər boş qalmış Kərkini işğal etdilər”.

S.Cəlaloğlu qeyd etdi ki, Kərki kəndi mütləq Azərbaycana geri qaytarılmalıdır: “Kərki ilə yanaşı kəndin 60-cı illərdə ermənilərə verilmiş əkin sahələri də eyni vaxtda geri qaytarılmalıdır. Çünki həmin torpaq sahəsi qaytarılmasa Kərkinin Sədərəkə yolu olmayacaq və kənd yenə anklav ərazi kimi ermənilərin içində qalacaq. Bu vəziyyətdə isə kəndin əhalisi geri qayıtmağa razılaşmaz”.

ADP sədri vurğuladı ki, əslində Kərkinin ətrafındakı Dərələyəzin kəndləri də tarixi Azərbaycan əraziləridir. Həmin kəndlər zaman-zaman ermənilərə verildiyi üçün Kərki ermənilərin əhatəsində qalmışdı.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, Kərkiyə gedən yol ermənilərdə olduğu üçün kənd faktiki anklav kimi Ermənistan ərazisinə düşmüşdü: «Qarabağ məsələsi baş qaldırandan sonra artıq Kərkiyə gediş-gəliş çətinləşdi və mümkünsüzləşməyə başladı. Ona görə də əhali kəndi tərk etməyə məcbur oldu. Əhali oradan çıxmasaydı, ermənilərin mühasirəsində qalırdı. Beləliklə, Kərki kəndi boşaldı və Ermənistanın işğalı altına düşdü. Ona görə də Kərki Azərbaycana təhvil verilməlidir. Əgər ermənilər Kərki kəndi məsələsində israr eləsələr, bizim haqqımız çatır ki, digər ərazilərdə onlara eyni problemi yaşadaq. Ona görə də Ermənistan işğal etdiyi Kərki kəndini öz sahibinə-Azərbaycana geri qaytarmağa məcburdur. Başqa yolları yoxdur. Kərki kəndi ilə Sədərəki bir-birinə bağlayan quru yolu açılmalıdır və dəhliz verilməlidir. Ermənilər dəhliz verməsələr, problem qalacaq".

Geri qayıt