Əsas Səhifə > Partiya, Güney Press > Rusiya sülhməramlılarının yeni xəritəsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq və təəssüf doğurur
Rusiya sülhməramlılarının yeni xəritəsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq və təəssüf doğurur14-12-2020, 10:54 |
Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurur. Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat bildirib ki, Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verdiyini sual edir: “Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar”. C.Osmanov vurğulayıb ki, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var: “Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq. Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda ona düzəliş edilməsinə ehtaiyac var; Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır”. C.Osmanov qeyd edib ki, Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır: “Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir. Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər. Görünür Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir”. C.Osmanov əlavə edib ki, istisna deyil ki, həmin dairələr Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından da bərk qıcıqlanıblar: “Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Rusiyada bəzi dairələr anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur. Rusiyada müəyyən qüvvələr başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə olacaq”. Geri qayıt |