Əsas Səhifə > Partiya, Güney Press > İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı
İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı27-11-2020, 08:33 |
Fransa senatının səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərarına Azərbaycanın müxalifət partiyaları da sərt mövqe bildirib. Qeyd edək ki, bu məsələ hələ Senatda müzakirəyə çıxarılan zaman artıq bir sıra partiyalar, o cümlədən Azərbaycan Xalq Partiyası etiraz bəyanat ilə çıxış etmişdi. Daha sonra isə ölkədə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiya birgə bəyanat yaydılar. Müsavat və AXCP isə bu dəfə də birgə bəyanata imza atmaqdan kənarda qaldı. Yalnız bir gün sonra AXCP sosial şəbəkədə Milli Şuranın qətnaməyə etiraz bəyanatını yaydı. Müsavat Partiyası isə hələlik susqun mövqedədir. Ağ Partiya lideri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq, beynəlxalq hüquqa tüpürmək və ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu münaqişədə artıq tərəfsiz olmadığını açıq-aşkar, həyasızcasına nümayiş etdirmək deməkdir. Eyni zamanda bu, BMT-nin qəbul etdiyi 4 qətnaməyə zidd qərardır, hansı ki, həmin qətnamələrin qəbul edilməsində Fransa da səs vermişdi”. Partiya lideri qeyd edib ki, bir bəyanatla kifayətlənmək olmaz, Fransaya qarşı daha sərt addımlar atılmalıdır: “Təbii ki, düşünmürəm ki, bir bəyanatla kifayətlənməliyik. Burada əsasən rəsmi dövlət qurumları tərəfindən addımlar atılmalıdır. Bu baxımdan dövlət ilk olaraq Fransa ilə humanitar layihələri dondurmalı, Azərbaycanın Fransadakı səfirini müvəqqəti də olsa, ən azından məsləhətləşmə xarakteri olaraq geri çağırmalı, Fransanın Azərbaycandakı səfirinə nota verməli, Senatın addımı ilə bağlı açıqlama tələb olunmalı, eyni zamanda adekvat addım olaraq Fransanı bir neçə, o cümlədən Afrika ölkələrində soyqırım törətməsinə siyasi qiymət verilməsi ilə bağlı müvafiq qanun layihələri üzərində işləməyə hazırlaşmalıdır ki, adekvat cavab verilsin”. Tural Abbaslı onu da vurğuladı ki, indiki vəziyyətdə Azərbaycanın həm iqtidarı, həm də müxalifəti Fransaya qarşı etiraz tədbirlərində həmrəylik nümayiş etdirməlidir: “Hazırda pandemiyadır, yoluxmanın ən pik həddini yaşayırıq. Belə bir halda kütləvi aksiyaların keçirilməsi məqsədəuyğun deyil. Lakin belə bir aksiyalar keçirilsə belə, mən bunun iqtidarlı-müxalifətli birgə keçirilməsinin tərəfdarıyam. Çünki bu artıq ümummilli məsələdir. Yəni bütün partiyalar birgə etirazını bildirməlidir ki, beləliklə Azərbaycan cəmiyyətinin elitasının bu məsələdə həmrəyliyi görünsün, bilinsin”. Ağ Partiya lideri bəyanata qoşulmayan partiyalar haqqında da mövqeyini bildirib: “Sözün düzü, mən bu məsələnin texniki tərəflərindən məlumatsızam. Yəni mənə məlum deyil ki, onların da bu bəyanatda iştirak etmələri üçün təklif olunub, ya yox. Bildiyiniz kimi, təşəbbüskar kimi adətən YAP və yaxud hökumət çıxış edir. İndi təşəbbüskar təşkilatlar onlara da müraciət edibmi, bunu deyə bilmərəm. Əgər onlara da təklif olunubsa və adıçəkilən partiyalar imtina edibsə, bu başqa yanaşma, yox, əgər təklif edilməyibsə, ona görə də həmin partiyaların imzası yoxdursa, bu da başqa yanaşma tələb edir. İstənilən halda, heç bir partiya Fransa senatının bu addımını təqdir edə bilməz. Əgər təqdir edən varsa, bunun da bir adı var - vətən xaini”. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də qeyd etdi ki, Fransa senatının məlum qətnaməsi şübhəsiz ki, tövsiyə xarakteri daşısa da bunun özü çox pis addımdır və davamı ola bilər: “Bu, faktiki olaraq ATƏT-in Minsk Qrupunun üzvü olan ölkənin ali qurumu tərəfindən qəbul edilmiş qətnamədir. Ona görə də çox ciddi narahatlıq törədir. Faktiki olaraq Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi tərəf nümayiş etdirir, yəni Ermənistanın tərəfini saxlayır, bitərəf mövqedən çıxış etmir. Təəssüflər olsun ki, Fransa rəhbərliyində olan şəxslər, eləcə də bu ölkənin prezidenti də Vətən müharibəsi zamanı da tərəf nümayiş etdirdi və ermənilərin mövqeyini əks etdirən bəyanatlarla çıxış etdi. Şübhəsiz ki, bu, Fransada erməni lobbisinin seçkilərə təsiri və Fransa rəhbərliyinə təsiri ilə bağlıdır. Amma bütövlükdə bu məsələ Fransanın demokratik imicinə və Fransa-Azərbaycan münasibətlərinə çox böyük zərbədir. Məlum olduğu kimi, Fransa və Azərbaycan arasında iqtisadi bağlılıqlar var. 50-yə yaxın Fransa şirkəti Azərbaycanda investisiya qoyub, müxtəlif sahələr üzrə fəaliyyət göstərir, gəlir götürür. Həmçinin Azərbaycan Fransada bir sıra abidələrə, kilsələrə yatırımlar edib, xeyriyyə işləri görüb. Təəssüflər olsun ki, Fransa senatının bu addımı bütün bu işlərin üzərindən xətt çəkmiş olur. Beləliklə, Fransa senatının bu addımı tərəfimizdən şiddətlə qınanılır. Məlum olduğu kimi, ölkəmizin 50-yə yaxın partiyası bu addıma qarşı birgə etiraz bəyanatı imzalayıb. Artıq bizim partiyanın ayrıca etiraz bəyanatı hazırlanır və biz bunu ictimaiyyətə açıqlayacağıq. //“Yeni Müsavat”// Geri qayıt |