Əsas Səhifə > Partiya, Güney Press > “Biz bu qələbəni döyüş meydanında qazandıq”

“Biz bu qələbəni döyüş meydanında qazandıq”


11-11-2020, 08:21
“Biz bu qələbəni döyüş meydanında qazandıq”
Azərbaycan tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədi. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali baş komandanın hücum əmrini gözləyib.Və nəhayə o əmr verildi. Effektiv nəticə də ortadadır. Düşmən kapitulyasiyaya məcbur edildi.

Prosesləri “Sherg.az”a şərh edən millət vəkili Müşfiq Məmmədli bildirib ki, Ermənistan başına 30 ilə yaxın müddətdə çəkilən sığalın acı nəticələrini yaşayır. Deputatın sözlərinə görə, aciz duruma düşən Paşinyanın üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı:

“Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün yalvarışlar etdi. Tarixi bilməyən, hər zaman dövlətimizin başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi. Bir daha dərk etdi ki, yalanla həqiqət üzərində qələbə çalmaq mümkünsüzdür. Biz bu qələbəni döyüş meydanında qazandıq. Ötən 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla qaytarsın. Azərbaycan həm döyüş, həm də diplomtik müstəvidə qalib oldu, işğalçı dövlətə yerini göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı bunun təsdiqidir. Bu bəyanat Azərbaycanın tarixi qələbəsidir”.

Parlament üzvü vurğulayıb ki, ikinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi:

“Siyasi əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, bizim böyük sərvətimiz, dəyərimizdir .

Azərbaycan ədaləti, haqqı, öz ərazi bütövlüyünü bərpa etdi. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Gözümüz aydın olsun!”.

Geri qayıt