Əsas Səhifə > Partiya, Güney Press > "Mənim o zaman da onlara iradım o idi ki..."

"Mənim o zaman da onlara iradım o idi ki..."


3-11-2020, 08:20
"Mənim o zaman da onlara iradım o idi ki..."
Məlum olduğu kimi, Azərbaycan hökumətinin dəvətindən sonra bölgəyə gələrək vəziyyəti yerində izləyən “Amnesty International” və “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi. Təşkilatların yaydıqları açıqlamalarda klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edilərək bildirildi ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər yaralanıb. Eyni zamanda bu təşkilatların mütəxəssisləri şəhərə erməni qüvvələri tərəfindən atılan raketin markası, texniki göstəriciləri barədə detallı məlumatlar verdilər.

Onu da qeyd edək ki, bu, Azərbaycanın haqq savaşının və Ermənistanın terrorist mahiyyətinin dünyaya çatdırılması üçün mühüm hadisə olsa da, bəyanatda əksini tapmayan xeyli həqiqətlər də var. “Yeni Müsavat” olaraq bu təşkilatlarla mütəmadi əlaqədə olan QHT rəhbərləri ilə “Amnesty International” və “Human Rights Watch”un son fəaliyyətini dəyərləndirməyə çalışdıq.

Novella Cəfəroğlu: “Daha yaxşı olardı ki, artıq Qarabağ məsələsini qaldırsınlar, Qarabağın işğalı, milyonlarla insanın haqlarının pozulması haqqında danışsınlar”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, beynəlxalq təşkilatların bu məsələyə reaksiyası hər zaman tələb edilirdi: “Mən hələ bu bəyanat verilməmişdən öncə də, müsahibələrimdə demişdim ki, niyə Ermənistan bizim mülki əhalimizi öldürəndə ”Amnesty İnternational" və “Human Rights Watch” insan haqları məsələsini “yadından çıxarır”. Bu təşkilatlar hansısa siyasi səbəbdən həbs olan adamın işini qabardır, Azərbaycanı anti-demokratik dövlət kimi göstərirdilər. Ancaq bu məsələdə səslərini çıxarmırdılar. Sonradan gəlib özləri də gördülər ki, artıq Azərbaycanda Ermənistanın raket hücumları nəticəsində sivil insanlar öldürülür, insan haqları pozulur. Mənim o zaman da onlara iradım o idi ki, 1 milyon insanın öz torpağından qovulması insan haqları məsələsi deyilmi? Bir dəfə də olsun Ermənistan tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulması məsələsi qaldırılmırdı. Bu gün isə bu məsələni qaldırıblar ki, sivil insanlara atəş açılıb. Həm də elə bir silahlarla bu həyata keçirilib ki, həmin silahlardan istifadə bütün dünyada qadağan edilib. Ancaq daha yaxşı olardı ki, artıq Qarabağ məsələsini qaldırsınlar və bu haqda danışsınlar. Qarabağın işğalı, milyonlarla insanın haqlarının pozulması haqqında danışmalıdırlar. Hazırda 1 milyona yaxın məcburi köçkün var. Onlar böyük bir qətnamə qəbul etməlidirlər. Niyə bütün dünyaya car çəkmirlər ki, bu insanlar öz torpaqlarına qayıtmalıdırlar".

N.Cəfəroğlunun sözlərinə görə, bu təşkilatların bəyan etmədiyi bir çox faktlar da var ki, birbaşa insan hüquqlarının, humanitar hüququn pozulmasıdır: “Minnətdarıq ki, onlar Gəncədə və Bərdədə, digər bölgələrdə sivil insanların öldürülməsi ilə bağlı faktları açıqladılar, məsələ qaldırdılar. Bəs Qarabağa köçməyi, məcburi köçkünlərin öz torpaqlarına getməsini niyə qaldırmırlar? Niyə məsələ qaldırmırlar ki, həmin torpaqları hazırda cavanlarımızın şəhid olması hesabına alırıq. Bu qədər gənclərimizi itiririk. Bu, insan haqları deyilmi? Bəyanat versinlər ki, Azərbaycan torpaqları zorakılıq yolu ilə işğal edilib, hazırda Azərbaycana qarşı terroristlər döyüşür. Bu da onların səlahiyyətinə düşür”.

QHT rəhbərinin sözlərinə görə, növbəti mərhələdə Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv işləmək vacibdir: “Bu müddət ərzində həm də onu gördük ki, Avropa ittifaqı dövlətləri bizə qarşı çox laqeyd, qərəzli münasibət bəslədilər. Ən çox da Fransa qərəzli də yox, düşmən mövqeyində dayandı və ermənilərin tərəfini tutdu. Biz Avropa dövlətləri ilə daha çox çalışmalıyıq. Qərb donor təşkilatları ölkəmizə gələndə biz onlarla bu sahədə çox faydalı işləyirdik, onları qaçqınlarımızın yaşadığı ərazilərə aparırdı, öz gözləri ilə görürdülər ki, hansı vəziyyətdə yaşayırlar. Daha sonra gedib bu haqda yazırdılar. Onların hamısının ölkədən çıxarılması bizim işimizə də təsir etdi. «National Democratic İnstitute»un (NDI) Azərbaycan bölməsi Ermənistan və Gürcüstan bölməsindən də daha güclü işləyirdi. Bizim hökumətə də normal münasibətləri var idi. NDI rəhbəri Madlen Olbrayt Azərbaycana gələndə bizim prezidentlə də görüşmüşdü. O zaman Amerikada Milli Demokratiya İnstitutunda elə adamlar var idi ki, onlarla işləmək mümkün idi. Biz istəsək də, istəməsək də bu mühitdə yaşayırıq. Müharibədə bizə qarşı olan laqeydliyin bir səbəbi də o idi ki, o institutların heç biri illərdir Azərbaycana gəlib getmir. Vətəndaş cəmiyyəti olaraq bizim o dövlətlərlə, beynəlxalq təşkilatlarla əlaqələrimiz kəsildi. Tədricən bu əlaqələri bərpa etməliyik”..

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də “Yeni Müsavat”a açıqlamasında sözügedən təşkilatların budəfəki fəaliyyəti ilə bağlı pozitiv fikirlər səsləndirdi: “Çox təəssüf ki, onlar ilkin olaraq Dağlıq Qarabağda, işğal olunmuş ərazilərdə olmuşdular, mən bilmirəm ki, kimin dəvəti ilə getmişdilər. O zaman da öz bəyanatlarını verdilər, lakin əks tərəfin, yəni bizim mövqeyimizi aydınlaşdırmamışdılar. İstənilən hesabat hazırlananda əks tərəfin də mövqeyi orada öz ifadəsini tapmalıdır. Eyni zamanda bütün beynəlxalq KİV-də Azərbaycanın da tamamilə döyüş bölgəsindən kənar olan, dinc yaşayış məskənlərinin, şəhərlərin raketlərlə atəşə tutulması haqqında məlumatlar gedirdi. Həmin təşkilatlar bu məsələyə də dərhal öz münasibətlərini bildirməli idilər. Son nəticədə əsas odur ki, onlar Azərbaycan tərəfindən dəvət olundular, prosesə başladılar və əsas etibarilə bir obyektiv rəy ortaya qoydular. Təsdiq etdilər ki, Ermənistan tərəfindən beynəlxalq müharibə qaydalarının və humanitar hüququn pozulması ilə qadağan edilmiş silahlardan, kasetli bombalardan istifadə olunub. Bu obyektiv bir nəticədir”.

Ə.Nuriyev hesab edir ki, bu proses daha geniş miqyasda davam etməlidir: “Humanitar atəşkəsin pozulması ilə bağlı erməni tərəfinin atdığı addımlar da müharibə qaydalarının pozulması deməkdir. Mülki obyektlərin atəşə tutulması, qeyri-legitim hədəflərə Ermənistan silahlı qüvvələrinin hücum etməsi diqqətə alınmalıdır. Həmçinin işğal olunmuş ərazilərdə ermənilər tərəfindən qanunsuz olaraq məskunlaşmanın aparılması ilə bağlı Ermənistan tərəfindən atılan addımlar - bunlar da beynəlxalq hüququn pozulması ilə bağlı olan məsələdir. Həmin ərazilərdə torpaqlar yandırılıb, bütün mülkiyyət məhv edilib, Azərbaycan ərazisinin yeraltı sərvətləri qanunsuz istismar edilib. Bu məsələlərə də gələcəkdə münasibət bildirilməlidir. Ermənistan tərəfdə muzdluların iştirakı, başqa bir ölkənin silahlı qüvvələrinin onların tərəfində tam iştirakı baş verir. Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhəboyu savaşda iştirakı da müharibə qaydalarının pozulmasıdır, müharibə cinayətləridir. ”Amnesty İnternational" və “Human Rights Watch”la bu məsələdə əməkdaşlıq etmək çox vacibdir. Vətəndaş cəmiyyəti olaraq bzim də yaxından əməkdaşlığımız çox vacib məsələdir. Həmçinin dövlət platforması çərçivəsində Gəncənin atəşə tutulması ilə bağlı biz də bəyanatlarımızı “Amnesty İnternational”a və bir çox beynəlxalq təşkilatlara göndərmişdik. Qadağan olunmuş fosfor maddələrindən istifadə edilməsi, Azərbaycan ərazisinin ekoloji fəlakət həddinə çatdırılması ilə bağlı məsələlər beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyasının, Haaqa Konvensiyasının pozulması deməkdir. Mədəni sərvətlərin məhv edilməsi, Zəngilanda Azərbaycan məscidində donuz saxlanılması, yaşamaq hüququndan tutmuş mülkiyyət hüququnun məhv edilməsinə qədər azərbaycanlıların bütün hüquqları pozulub. Ümid etmək istəyirik ki, digər insan hüquqları təşkilatları da məsələyə daha obyektiv yanaşmağa başlayacaqlar. Çünki hər şey göz qabağındadır. Biz media da, hökumət qurumları da, vətəndaş cəmiyyəti də beynəlxalq qurumlarla yaxından əməkdaşlığı genişləndirməliyik".

Geri qayıt