Əsas Səhifə > Partiya, Güney Press > "Diplomatiyamız da yaxşı işləyir"
"Diplomatiyamız da yaxşı işləyir"26-10-2020, 08:49 |
Şuşa şəhəri işğal edilərkən Azərbaycana rəhbərlik etmiş (Prezident səlahiyyətlərini icra edib) o zamankı Ali Sovetin (Milli Məclis) sədri Yaqub Məmmədov həm işğal altındakı ərazilərimizdə Azərbaycan Ordusunun apardığı əks-hücumu, həm də dövlətin diplomatik sahədə gördüyü işləri yüksək qiymətləndirir. Professor Yaqub Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, uzun illərdir torpaqlarımızın işğaldan azad edilməsi anını gözləyirdik: - Nəhayət ki, bu baş verir. Biz ordumuzun torpaqlarımızı işğaldan azad etməsini böyük sevinclə qarşılayırıq. Ölkə rəhbərliyi də cəsarətlə və böyük mərdanəliklə iradə nümayiş etdirir. Ordumuz da cəbhədə böyük qəhramanlıq göstərir. Biz bununla fəxr edirik. Uzun illər problemin həlli üçün sülh danışıqları aparılıb. Azərbaycan hər zaman bu danışıqlarda iştirak edib, problemin dinc yolla həllinə çalışıb. Amma təəssüflər olsun ki, erməni tərəfi heç bir güzəştə getmək istəmədi. Buna paralel olaraq müstəqillik dövründə ordumuz yaranıb, son 20-25 ildə isə orduda böyük quruculuq işləri aparılıb. Nəhayət, problemin həlli danışıqlar masasında baş tutmadı. Ermənistanda isə 2018-ci ildə hakimiyyət dəyişdi, yeni rəhbərlik Dağlıq Qarabağ məsələsinə dair sarsaq bəyanatlar verdi, Azərbaycana qarşı yeddi şərt irəli sürdü. Açıq elan etdi ki, Azərbaycana bir qarış da torpaq verməyəcək. Ölkəmizin rəhbərliyi indi onun bu sözlərinə cavab verir. Ən nəhayət, işğalçı ölkə Tovuz rayonuna hücum etdi. Üstəlik, Qarabağdakı təmas xəttində və digər sərhədyanı ərazilərdə mülki əhalimizi hədəfə aldılar. Sentyabrın 27-də erməni tərəfinin növbəti belə hərbi təxribatı zamanı Azərbaycan Ordusu əks-hücuma keçdi. İndi ordumuz cəbhədə qəhrəmanlıq göstərir, düşməni ərazilərimizdən qovur. Ümid edirəm ki, yaxın günlərdə qələbə çalacağıq və Azərbaycan bayrağı Şuşa şəhərində də, Xankəndində də dalğalanacaq. - Amma aydındır ki, belə böyük hərbi əməliyyat üçün həm də ciddi diplomatik iş və münasib beynəlxalq geosiyasi şərait olmalıdır... - Güman edirəm ki, bu dövrün tələbi, geosiyasi vəziyyət bizim hərbi əməliyyatlara başlamağımız üçün münasibdir. Belə bir şəraitdə torpaqlarımızın hərbi yolla azad edilməsi üçün əməliyyat başladı. Proseslər də göstərir ki, biz tək deyilik. Xaricdə də bizi dəstəkləyən qüvvələr, müttəfiqlərimiz var və haqqı deməyi bacarırlar. Birincisi elə qardaş Türkiyədir. Eləcə də Pakistan, İsrail, Əfqanıstan və digərləri. Hətta Avropa ölkələrinin əksər təşkilatları, ictimai qurumları da bəyanat verərək Ermənistanın anti-insani hərəkətlərini pisləyirlər. Hesab edirəm ki, vaxtında aparılan xarici siyasət düzgün olub ki, nəticədə bizi dəstəkləyirlər. Sözsüz ki, bizi sevməyənlər də var. Erməni lobbisi öz işini hər yerdə görür. Amma bunun ciddi təsiri müşahidə edilmir. Azərbaycan həm diplomatik, həm də hərbi səhnədə ciddi uğurlar qazanır. - Rusiyanın proseslərə münasibətini necə analiz etmək olar? - Rusiyanın mövqeyi də əvvəlki kimi deyil və bunun özü böyük diplomatik qələbədir. Hər halda biz indiyə qədər Rusiyanın neytrallığını saxladığını müşahidə edirik. Gördüyümüz budur ki, Rusiya birmənalı şəkildə ermənilərin tərəfini saxlamır. Əlbəttə, əlaltından silah-sursat aparırlar. Amma məncə, bu, vahid dövlət xətti ilə həyata keçirilmir. Rusiya tam dayanmayıb. Qeyd edim ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə bağlı apardığı siyasət çox düzgün olub. İndi Rusiyanın əlinə elə bir fürsət düşməyib ki, əleyhimizə iş görsün, erməniləri birmənalı dəstəkləsin. Bu mənada diplomatiyamız da yaxşı işləyir. Aydın məsələdir ki, tarix boyu ruslar erməniləri dəstəkləyiblər, bir olublar. Bu gün həmin dəstək hiss edilmir. Bu, bir tərəfdən Azərbaycanın düşünülmüş və incə siyasətinin nəticəsidir, digər tərəfdən də Ermənistanın yeni rəhbərliyinin avanturist, səfeh və düşünülməmiş hərəkətlərindən qaynaqlanır. Hər iki halda bu, bizim xeyirimizədir. - Sizcə, Rusiya hansısa anda prosesə müdaxilə edə bilərmi? - Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma hazırda müharibə Ermənistan ərazisində getmir. Əgər orada getsə KTMT, o cümlədən Rusiya prosesə qoşula bilər. Hələlik qarışmaq haqqında söhbət getmir. Rusiya məsələni diplomatik şəkildə yoluna qoymaq üçün cəhdlər göstərir. Bizim də şərtlərimiz var, bunu Ermənistan qəbul etməlidir. Aydındır ki, hər bir müharibənin sonu danışıqlarla bitir. Yəqin ki, apardığımız müharibənin sonunda da danışıqlar olacaq. - Fransa və Amerikanın vəziyyətə reaksiyası adekvatdırmı? - Amerikanın mövqeyi bizə uyğundur. ABŞ nə bizi, nə də erməniləri dəstəkləmir. Vaşinqton da tərəfləri danışıqlara dəvət edir. Hesab edirəm ki, belə mövqe bizim maraqlarımıza uyğundur. Yəni ABŞ əvvəlki kimi erməniləri dəstəkləmir. Fransa isə tarix boyu ermənipərəst olub. Bu ölkədə erməni lobbisi kifayət qədər güclüdür və onun təsirləri var. Fransızlarla ermənilərin tarixən belə münasibətləri olub. Müharibə başladıqdan sonra da Fransa ermənilərlə yaxınlığını açıb ortaya qoydu. - Biz “Ermənisiz Qarabağ” məsələsini həll edə bilərikmi, yoxsa hansısa mərhələdə Dağlıq Qarabağın statusu gündəmə gələ bilər? - Müşahidələr göstərir ki, sonda danışıqlar olacaq. Bu mərhələdə qəti fikir söyləmək çətindir. Yəni danışıqların olub-olmayacağı vəziyyətdən və gedişatdan asılı ola bilər. Hər halda işlər bizim xeyirimizə olacaq. Ehtimal edirəm ki, danışıqlarda status məsələsi müzakirəyə çıxarıla bilər. Son 30 ildə danışıqlar zamanı bu məsələni qaldırıblar. Yəqin ki, qarşı tərəf buna cəhd edəcək. Amma status məsələsinin gündəmə gəlib-gəlməyəcəyi haqda danışmaq indi tezdir. Əlbəttə, bizim milli maraqlarımıza cavab verən odur ki, ermənilər bu ərazilərdən getsinlər. İndi beynəlxalq aləm, danışıq masasında oturan dövlətlər status məsələsini qaldıra bilərlər. Ama biz qalib gəlsək, həm də şərtləri diktə edən tərəf olacağıq. - Sizcə, Azərbaycan Ordusu hara qədər getməyi hədəf kimi qarşısına qoyub? - Bu məsələni Azərbaycan prezidenti xalqa müraciəti zamanı açıq bəyan edib. Bildirib ki, Azərbaycanın işğal olunan ərazilərindən Ermənistan işğalçı ordusunu çıxarsa və Bakıya bununla bağlı dəqiq cədvəl təqdim etsə danışıqlar başlaya bilər. Amma onlar işğalçı ordusunu ərazilərimizdən çıxarmırlar. Deməli, biz sona qədər gedəcəyik. - Ermənistanın Azərbaycan qarşısında müqavimət imkanlarını necə qiymətləndirirsiniz? - Onlar geri çəkilməklə paralel olaraq müqavimət də göstərirlər. Eyni zamanda bizim dinc əhalimizə qarş hərbi cinayətlər törədir, rayon və şəhərlərimizə ballistik raketlər atırlar. Hələlik müqavimət göstərirlər, amma bu, daha çox onlara gələn silah-sursat mənbələrindən asılıdır. Əgər bu mənbələr kəsilsə, bizə müqavimət göstərə bilməyəcəklər. Bu barədə də Azərbaycan prezidenti öz fikrini bildirdi. Açıq dedi ki, münaqişə tərəfi olan ölkələrə danışıqlarda vasitəçi olan ölkələr silah-sursat yardımı etməməlidir. Azərbaycan tərəfi bu məsələyə dair qəti mövqeyini ortaya qoyub. - Bu münaqişəyə İran tərəfinin mövqeyini necə qiymətləndirirsiniz? - İranın mövqeyini qənaətbəxş saymaq olar. İran rəhbərliyi bəyan edir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan ordusu oradan çıxmalıdır. Bu bəyanat rəsmi şəkildə elan edilib. Amma qeyri-rəsmi nələrin baş verdiyini deyə bilmərəm. Hər halda İranın indiki mövqeyi bizi qane etməlidir. - Ancaq bu İrandır. Siz Azərbaycan prezidenti səlahiyyətlərini icra edərkən Tehranın vasitəçiliyi ilə Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşünüz zamanı düşmən Şuşa şəhərini işğal etmişdi... - İran o vaxt vasitəçilik missiyası həyata keçirməyə çalışırdı, amma bunu arzu etməyənlər də var idi. Bu səbəbdən də təxribatlar törədildi, Şuşa işğal olundu. Bunu İranı istəməyən, onun vasitəçilik missiyasına zərbə vurmaq istəyən qüvvələr həyata keçirdilər. - Yəni Rusiya? - Ola bilsin ki, İranın da günahı var idi, mən bu barədə bir söz deyə bilmərəm. Tehran istəyirdi ki, onların vasitəsilə məsələ həll edilsin. Onun bu istəyini də sıradan çıxardılar. İranın vasitəçi olaraq bu problemlə məşğul olmasını Rusiya da, Qərb də arzu etmirdi. Odur ki, Tehranın danışıqları nəticəsiz qaldı və İran bu prosesdən kənarlaşmalı oldu. Geri qayıt |