Əsas Səhifə > Partiya, Güney Press > “Artıq ermənilər “Qarabağ bizimdir”,- demir”

“Artıq ermənilər “Qarabağ bizimdir”,- demir”


14-10-2020, 08:56
“Artıq ermənilər “Qarabağ bizimdir”,- demir”
“Biz təkcə ermənilərə qarşı deyil, həm də onların arxasında duran və separatizmi dəstəkləyən qüvvələrə qarşı mübarizə aparırıq. Amma onlar uduzduqlarını etiraf etmək istəmirlər. Buna baxmayaraq qələbə bizimdir”.

Bunu Reyting.az-a Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatını şərh edərkən deyib.

T. Kərimlinin fikrincə, erməni tərəfi hazırda pat vəziyyətindədir: “Demək olar ki, onların hərbi potensialının 80 faizu sıradan çıxarılıb. Erməniləri uzun müddət inandırıblar ki, bölgədə status-kvonu qoruyub saxlayacaqlar, Qarabağ onlarda qalacaq. Onlar Azərbaycan Ordusunun belə revanş götürəcəyini, işğaldakı əraziləri azad edəcəyini ağıllarına belə gətirmirdilər. Artıq ermənilər “Qarabağ bizimdir”,- demir. Amma dünənə qədər Nikol Paşinyan axmaq vədlər verirdi, iddia edirdi ki, Qarabağ onlarındır, danışıqlara Qarabağdakı saxta qurum qatılmalıdır və s. İndi bu haqda danışmır. Daha çox iddia edir ki, bizi ikinci soyqrımdan qoruyun, yoxsa soyqrım yaşanacaq. Ancaq unudurlar ki, soyqrımı özləri törədiblər. Bunun göstəricilərindən biri də Xocalı soyqrımıdır”.

T. Kərimli bildirib ki, bu müharibə Ermənistana ağlını başına yığması üçün yaxşı dərsdir: “Baxın, indi az qala 70-80 min insan Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərək Ermənistana keçiblər. Fikrimcə, bir çoxu heç Ermənistanda da qalmaq istəməyəcək.

Hadrut qəsəbəsinin alınması, strateji yolların nəzarətə götürülməsi erməni tərəfini pis vəziyyətdə qoyub. İndi onlar isterikadadır”.

Partiya sədrinin fikrincə, müharibələrdə itkilərdən qaçmaq mümkün deyil: “Bizim şəhidlərimiz var, Allah onlara rəhmət eləsin! Qazilərimiz də olacaq. Biz işğal olunan ərazilərimizi Ali Baş Komandanın iradəsi və ordumuzdakı gənclərin döyüşgənliyi ilə azad edirik. Həm də yüksək hərbi texnologiyadan istifadə edir, itkilərimizin olmamasına çalışırıq”.

Deputat əmindir ki, Ermənistanın hərbi müqaviməti tam qırılacaq: “Geriyə yol yoxdur. Ali Baş Komandan bunu açıq deyib. Humanitar atəşkəs haqda razılıq əldə edildi. Azərbaycan bynəlxalq qanunlara və razılaşmalara sadiq ölkədir. Amma gördüyünüz kimi, erməni tərəfi hər razılaşmanı pozur. Dünya getdikcə bu məsələdə Azərbaycanın haqlı olduğunu görür. Əgər erməni liderləri müdrik olsaydılar bu vəziyyətdən daha az itkilərlə çıxardılar. Nə yazıq ki, onlardan müdriklik görünmür”.

Geri qayıt